Azərbaycan və Latviya
prezidentlərinin geniş
tərkibdə görüşü
Avqustun 10-da təkbətək
görüş başa çatdıqdan sonra Azərbaycan
Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin
nümayəndə heyətlərinin iştirakı ilə
geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan dövlətinin
başçısı İlham ƏLİYEV görüş
iştirakçılarına müraciətlə dedi:
- Hörmətli cənab
Prezident!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda salamlamaq
istəyirəm. Sizi ölkəmizdə görməkdən
çox məmnunam. Ölkəmizə etdiyiniz rəsmi səfərə
biz böyük önəm veririk. Əminəm ki, səfəriniz
çox uğurlu olacaq və bu səfərdən sonra ölkələrimiz
arasında əlaqələrin uğurlu inkişafı davam edəcəkdir.
Ölkələrimiz arasındakı yüksək səviyyəli
siyasi dialoqdan məmnunuq. Ümid edirik ki, səfəriniz
ölkələrimiz arasında iqtisadi əməkdaşlığa
təkan verəcək, xüsusilə də sabah keçiriləcək
və əyani nəticələrə gətirib
çıxaracaq biznes-forumdan böyük gözləntilərimiz
vardır. Biz beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq
edirik.
NATO və Avropa
İttifaqı ilə əməkdaşlığımızda
ölkənizin dəstəyini hiss edirik. Ümumiyyətlə,
ölkələrimiz arasındakı əlaqələr hesab
edirəm ki, çox yüksək səviyyədədir. Lakin
biz əməkdaşlığımızı müxtəlif
sahələrdə gücləndirmək və genişləndirmək
üçün çox iş görməliyik və tərəfdaşlıq
əlaqələrimizin inkişafını davam etdirməliyik.
Əminəm ki, səfəriniz bu istiqamətdə önəmli
bir addım olacaqdır.
Sizə və nümayəndə
heyətinizə Bakıda uğurlu səfər arzulayıram.
Latviya Prezidenti Valdis
ZATLERS səmimi qəbul üçün təşəkkür
edərək dedi:
- Çox təşəkkür
edirəm, cənab Prezident. Ölkənizə səfərə
dəvətinizə görə Sizə çox minnətdaram.
Bu, Azərbaycana ilk səfərimdir. Ümid edirəm ki, bu səfər
çox uğurlu olacaqdır.
Azərbaycan və Latviya
arasındakı ikitərəfli münasibətləri iki
ölkənin əlaqələrinin gözəl nümunəsi
kimi xarakterizə edərdim. Adətən, biz bir-birimizdən məsafəcə
nə qədər uzaq olduğumuzu ölçürük. Ən
yaxşı ölçü təyyarə ilə birbaşa
uçuş məsafəsinin nə qədər
olmasıdır. Bu, 3 saat yarıma bərabərdir,
güclü külək əsdikdə isə 4 saatdır, deməli,
çox yaxındır. Bildiyiniz kimi, səfərim zamanı məni
işgüzar adamlardan ibarət böyük bir qrup
müşayiət edir. Son iki-üç, dörd-beş il ərzində
ölkələrimiz arasında biznes əlaqələri
sürətlə inkişaf etmişdir. Qlobal iqtisadi böhrana
baxmayaraq, Azərbaycan və Latviyanın işgüzar
adamları arasındakı əlaqələr daha da səmərəli
olmuşdur. Hesab edirəm ki, biz gələcək
üçün, xalqlarımız, xalqlarımızın
rifahı və dövlətlərimiz üçün fayda gətirəcək
bir çox yolları müəyyənləşdirməliyik.
Burada olmaqdan çox şadam və nümayəndə heyəti
adından sizə bir daha təşəkkür edirəm.
AzərTAc
Azərbaycan.- 2009.- 11 avqust.- S. 2.