Azərbaycan Latviya prezidentlərinin mətbuat üçün bəyanatları

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək demişdir:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Mən Sizi - Latviya Prezidentini bir daha Azərbaycan Respublikasında salamlamaq istəyirəm.

Bu gün bizim çox məhsuldar müzakirələrimiz və ölkələrimiz arasındakı münasibətlərlə bağlı danışıqlarımız oldu.

Biz Latviya Prezidentinin ölkəmizə səfərinə yüksək əhəmiyyət veririk və hesab edirəm ki, ikitərəfli münasibətlərimiz bu səfərdən sonra birmənalı olaraq ciddi şəkildə inkişaf edəcəkdir. Hazırda əlaqələrimiz bir çox sahələrdə inkişaf edir. Bizim yaxşı siyasi əməkdaşlığımız vardır. Məhsuldar dialoq gedir. Biz iqtisadi əməkdaşlığımızı artırırıq və əminəm ki, sabah keçiriləcək biznes-forum hər iki ölkənin iş adamlarına bir-birilərini daha yaxşı tanımağa və birgə layihələri həyata keçirməyə imkan yaradacaqdır.

Bizim münasibətlərimiz bir çox digər sahələri də əhatə edir. Bu gün biz informasiya texnologiyaları, turizm, mədəniyyət, nəqliyyat, energetika sahələrində əməkdaşlığı da nəzərdən keçirdik və perspektivlər haqqında danışdıq. Bu gün imzaladığımız sənədlər əminəm ki, əməkdaşlığımızın böyük qanunverici əsaslarını daha da genişləndirəcəkdir. Başqa sözlə desək, Latviya ilə Azərbaycan arasındakı münasibətlər çox uğurla inkişaf edir. Əlaqələrimizin çox yaxşı gələcəyi vardır və əminəm ki, gələn illər ərzində bügünkü sazişlərin bir çox konkret nəticələrini görəcəyik.

Biz NATO və Avropa İttifaqı ilə apardığımız əməkdaşlığa Latviyanın verdiyi dəstəyə görə minnətdarıq. Azərbaycan NATO-nun Fərdi tərəfdaşlıq və əməkdaşlıq planında fəal iştirak edir. Biz, eyni zamanda, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının üzvüyük və təşkilatlar çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq, həmçinin bizim müxtəlif sahələrdəki əlaqələrimizin inkişafına yardım edəcəkdir. Energetika əməkdaşlığı bizim Avropa İttifaqı ilə münasibətlərimizin xüsusi bir hissəsini təşkil edir. Biz enerji məsələləri ilə bağlı yüksək səviyyəli müzakirələr aparırıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Biz enerji ehtiyatlarımızı müxtəlif istiqamətlərdə nəql edən boru kəmərlərini çəkmişik, Avropa İttifaqının bazarlarına çıxışı əldə etmişik və gələcəkdə daşınan enerji ehtiyatlarının həcmi daha da artacaqdır. Bu, hər iki tərəfə imkan yaradacaq ki, bu məhsuldar əməkdaşlıqdan bəhrələnsin. Təbii ki, bütün bu sahələrdəki əməkdaşlıq tarazlı şəkildə aparılmalıdır və burada tranzit, istehlakçı və istehsalçı ölkələrin maraqları bərabər şəkildə təmin edilməlidir. Hesab edirəm ki, gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sahələri olacaqdır və "Şərq tərəfdaşlığı" buna zəmin yaradır. Əlbəttə ki, Latviya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, o cümlədən Avropa təşkilatları ilə əməkdaşlıq çərçivəsindəki münasibətlərimiz uğurla davam edəcəkdir. Bu gün Prezidentin səfəri bu istiqamətdə atılan mühüm addımdır və əminəm ki, bu səfər gələcək əməkdaşlığımız üçün bir çox mühüm nəticələr verəcəkdir. Bir daha demək istəyirəm, cənab Prezident ölkəmizə xoş gəlmisiniz.

 

***

Latviya Prezidenti Valdis ZATLERS bəyanatla çıxış edərək dedi:

- Zati-aliləri!

Xanımlar cənablar!

İlk öncə Azərbaycana səfər etmək məqsədilə səmimi dəvətinə görə mən Prezident Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Apardığımız müzakirələr zamanı biz Latviya ilə Azərbaycan arasında münasibətlərin əla olduğunu qeyd etdik. Bu həqiqətdir. Çünki hazırda qlobal regional səviyyədə mövcud olan siyasi məsələlər üzrə mövqelərimiz üst-üstə düşür. Son 4-5 il ərzində iqtisadi münasibətlərimiz daha da genişlənib, ticarət dövriyyəsi 2 hətta 3 dəfə artıb.

Lakin hesab edirəm ki, xüsusən də böhran zamanı daha böyük işlər görmək üçün imkanlar vardır. Biz yaxşı tərəfdaş olmalı, faydalı müqavilələrdə iştirak etməli və beləliklə, ölkələrimiz arasında əməkdaşlığın möhkəm əsasını yaratmalıyıq.

Əlbəttə ki, biz Sizin ölkə ilə NATO və Avropa İttifaqının üzvü kimi də əməkdaşlıq edirik.

Avropa İttifaqı ilə Azərbaycan arasında daha geniş inteqrasiyanın baş tutmasına yönəlmiş bu təşkilatın "Şərq tərəfdaşlığı" proqramına mümkün qədər dəstək verəcəyik. Biz istəyirik ki, ölkəniz bizim istədiyimiz qədər və Sizin maraqlarınıza uyğun şəkildə inteqrasiya etsin.

NATO ilə tərəfdaşlığa gəldikdə, biz Əfqanıstanda İSAF missiyası çərçivəsində əməkdaşlıq edirik. Latviya Azərbaycanın bu missiyaya verdiyi dəstəyinə görə minnətdardır və bunu yüksək dəyərləndirir. Bu, Mərkəzi Asiyada sabitliklə bağlı olan məsələdir.

Mən Azərbaycanın Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsində oynadığı rolu xüsusilə qeyd etmək istəyirəm. Bir il əvvəl vəziyyətin gərginləşdiyi dövrdə Sizin müdrik siyasətiniz sayəsində bir çox nəticələrə nail olmaq mümkün oldu. Belə halda, özümüzü Qafqazda daha təhlükəsiz hiss edirik. Gələcəkdə vəziyyətin yaxşılaşması üçün daha aydın planlarımız vardır.

Latviya Prezidenti Avropada enerji təhlükəsizliyinin təminatı məsələsinə də toxundu. Bu baxımdan qitəyə enerjidaşıyıcılarının çatdırılma yollarının şaxələndirilməsinin vacibliyini vurğuladı.

Nabukko layihəsinin əhəmiyyətindən danışan Valdis Zatlers bildirdi ki, bu cür layihələrin icrası nəql yollarının şaxələndirilməsinə xidmət edir. Bu, öz növbəsində, enerji sahəsində real bazarların yaranması, son nəticədə isə sabitləşdirici amil deməkdir.

Gələcək əməkdaşlıq üçün bir çox əlavə imkanlar vardır, - deyən Latviya Prezidenti bildirdi ki, müzakirələrimiz zamanı qeyd etdiyimiz kimi, hökumətlərarası komissiya bu gün bütün məqsədlərə nail olub. Demək, biz gələcək üçün yeni məqsədləri müəyyən etməliyik. Həmin işi sabah naminə bu gün görməliyik.

Bu, mənim Sizin gözəl ölkənizə səfərimin yekun məqsədini təşkil edir. Mən səmimi qəbula görə Sizin ölkənizə, Prezident Əliyevə olduqca minnətdaram. Hesab edirəm ki, xalqlarımızın və ölkələrimizin yaxşı gələcəyi vardır. Çox sağ olun.

 

***

Daha sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

Ella Batmane ("Onlayn Media Apollo"): Mənim sualım Prezident Əliyevədir. Sizin fikrinizcə, Azərbaycanın adamları Latviyanın hansı sahələrinə sərmayə qoya bilərlər?

Prezident İlham ƏLİYEV: Bu, təbii ki, onlardan asılı olan bir qərar olacaq. Biz isə öz növbəmizdə ölkələrimizin işgüzar dairələrinə yardım etməyə çalışırıq ki, onlar bir-birini daha yaxşı tanısınlar, birgə layihələrdə iştirak etsinlər. Hesab edirəm ki, sabah keçiriləcək biznes-forum bu cür imkanları yaradacaqdır.

Hökumətlərarası iqtisadi komissiya bu səyləri sadəcə əlaqələndirməlidir. Prioritetləri müəyyən etməli, hüquqi baza haqqında lazımi təqdimatları verməli, sərmayə imkanları və mühiti, vergilər haqqında məlumatı təqdim etməli və ümumi iqtisadi vəziyyəti təsvir etməlidir. Eyni zamanda, hər iki ölkə arasında iqtisadi əməkdaşlıq müxtəlif sahələrə aid olmalıdır. Çünki iqtisadiyyatlarımız bir-birini dəstəkləyir. Onlar bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyildir. Bu iqtisadiyyatlar bir-birini dəstəkləyən iqtisadiyyatlardır.

Əminəm ki, Azərbaycan və Latviya şirkətləri hər iki ölkədə uğurla işləyə bilərlər. Onlar hər iki ölkədə sərmayədar, podratçı kimi işləyə bilərlər. Sabah təşkil olunacaq geniş müzakirə zamanı hər iki ölkənin işgüzar dairələri üçün sərmayə imkanları açıqlanacaqdır. İşgüzar dairələr arasında təmaslar yaxşı siyasi münasibətlərimizə dəstək verəcək və ümumilikdə ölkələrimiz arasında əlaqələr özəl sektorun dəstəyi ilə uğurla inkişaf edəcəkdir.

Nəsib Muxtarov (Azərbaycan Televiziyası): Sualım Prezident Valdis Zatlersədir. Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə böyük maneədir. Avropa İttifaqının üzvü kimi ölkənizin münaqişənin nizamlanması istiqamətində mövqeyi nədən ibarətdir?

Prezident Valdis ZATLERS: Bu münaqişə beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının prinsipləri əsasında dinc yolla həll edilməlidir. Burada tələsmək olmaz. Müəyyən addımlar atılıbdır. ATƏT-in Minsk qrupunun işi və Madriddə müəyyən edilmiş prinsiplər nəzərə alınmalıdır. Səbirli və ehtiyatlı olmalıyıq, silahsızlaşmaya çalışmalıyıq. Biz sülhə müharibə ilə nail ola bilmərik. Sülh danışıqlar yolu ilə əldə olunmalıdır. Bəzi hallarda bu, darıxdırıcı görünür, lakin yekun nəticə uzunmüddətli və davamlı olmalıdır. Latviya hər hansı bu cür münaqişəyə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə belə yanaşır.

Çox sağ olun!

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 2, 3.