Heydər Əliyev Fondu ilə tanışlıq

 

Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere avqustun 10-da Heydər Əliyev Fondunda olmuşlar.

Latviya dövlətinin başçısını və xanımını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdilər.
Bildirildi ki, Fond bütün sahələrdə genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə, uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəblərin tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği Fondun əsas fəaliyyət istiqamətini təşkil edir.

Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlereyə ümummilli liderin iş otağının interyeri, müxtəlif dövrlərdə işlədiyi zaman aldığı fəxri fərman və sənədlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı beynəlxalq təşkilatlarda çıxışlarını əks etdirən fotoşəkillər göstərildi.

Latviya Prezidenti və xanımı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimizə həsr olunmuş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular.

Prezident Valdis Zatlers və xanımı Lilita Zatlere Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdılar.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Latviya Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.

Dövlət başçıları və xanımları Fondun fəaliyyəti haqqında filmə baxdılar.

Ali qonaq Fonddan zəngin təəssüratla ayrıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 3.