Latviya Prezidenti ilə Milli Məclisdə görüş

 

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Valdis Zatlers avqustun 10-da Milli Məclisə gəlmişdir. Ali qonağı parlamentin binası önündə Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar.

Latviya dövlətinin başçısı Milli Məclisin iclas zalına baxdı, parlamentin binasındakı "Heydər Əliyev" Xatirə zalı ilə tanış oldu. Burada qonağa ümummilli liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin, dövlət və hökumət üzvlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri barədə məlumat verildi.

Latviya Prezidenti Xatirə kitabına ürək sözlərini yazdı.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov ilə Latviya Prezidenti Valdis Zatlers arasında görüş oldu.

Milli Məclisin Sədri Azərbaycan-Latviya dostluq münasibətlərindən danışdı, bu səfərin ölkələrimiz arasındakı əlaqələrin tarixində yeni səhifə açdığını bildirdi.

Səfər çərçivəsində imzalanmış sənədlərin gələcək əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratdığı vurğulandı, ölkələrimiz arasında münasibətlərin inkişafında dövlətlərimizin başçılarının rolu xüsusi qeyd edildi.

Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu qeyd edən Milli Məclisin Sədri, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının yaradıldığını bildirdi, bu qrupların fəaliyyətinin daha da sürətləndirilməsinin vacibliyini diqqətə çatdırdı.

O.Əsədov Azərbaycanın iqtisadi inkişafından danışaraq bu inkişafa maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verdi, rəsmi Bakının problemin sülh yolu ilə beynəlxalq hüquq prinsipləri əsasında həllinə ümidvar olduğunu bildirdi.

Latviya Prezidenti Valdis Zatlers onlara göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlıq etdi. Ali qonaq bildirdi ki, son beş ildə münasibətlərimiz xeyli inkişaf etmişdir. Əlaqələrimizi daha da genişləndirmək üçün möhkəm baza vardır.

Latviya-Azərbaycan dostluğunun dərin kökləri olduğunu bildirən ali qonaq dost ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulamışdır.

Latviya dövlətinin başçısı parlamentlərin rolundan danışaraq qanunverici orqanların əməkdaşlığının, xüsusilə də dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğuladı, Milli Məclisə gələcək fəaliyyətində uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 4.