Latviya Prezidentinin xanımı
Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur
Azərbaycanda rəsmi səfərdə
olan Latviya Prezidenti Valdis Zatlersin xanımı Lilita Zatlere
avqustun 10-da Beynəlxalq Muğam Mərkəzində
olmuşdur.
Latviya Prezidentinin
xanımına dənizkənarı Milli Parkda yerləşən
mərkəz haqqında ətraflı məlumat verildi.
Xanım Lilita Zatlere qaval daşlarına maraqla baxdı.
Bildirildi ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin
qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı
layihələr sırasında
xüsusi əhəmiyyəti
olan bu mərkəzin
inşası Fondun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilmişdir. 2005-ci il
aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq
Muğam Mərkəzinin yaradılması haqqında sərəncam
imzalamışdır. Azərbaycan muğamının bəşər
mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun
dünya qeyri-maddi mədəni irs
siyahısına daxil edilməsi onun nə dərəcədə
bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Mərkəz ilə
yaxından tanış olan xanım Lilita Zatlere burada Azərbaycanın
görkəmli muğam ifaçılarının büstlərinə
baxdı və ona musiqi alətləri barədə ətraflı
məlumatlar verildi.
Latviya Prezidentinin
xanımı beynəlxalq muğam müsabiqəsinin
laureatı Vəfa Orucovanın ifasında Azərbaycan
muğamlarını dinlədi.
Sonra hörmətli
qonağa Heydər Əliyev Fondunun təşəbbüsü
ilə çap edilmiş "Qarabağ xanəndələri"
albomu, "Azərbaycan musiqi alətləri" kitabı və
Bakıda keçirilmiş "Muğam aləmi" Beynəlxalq
festivalının diskləri təqdim edildi.
Xanım Lilita Zatlere də
Beynəlxalq Muğam Mərkəzinə "Latviya klassik
musiqi albomu"nu və bu ölkədə 4 ildən bir keçirilən
beynəlxalq musiqi festivalının diskini hədiyyə etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 11 avqust.- S. 4.