Latviyanın birinci xanımı
Talassemiya Mərkəzində
olmuşdur
Latviyanın birinci
xanımı Lilita Zatlere avqustun 10-da Talassemiya Mərkəzində
olmuşdur.
Mərkəzin direktoru
Azər Kərimov müalicə ocağı barədə
qonağa məlumat verdi. Bildirildi ki, Heydər Əliyev Fondunun
"Talassemiyasız həyat naminə" proqramı çərçivəsində
inşa olunan və yenicə istifadəyə verilən mərkəz
həmin xəstəliyə düçar olanlar
üçün ümid yeridir. Burada gün ərzində
40-50 xəstə qəbul edilir.
Hazırda Azərbaycanda
min nəfərə yaxın talassemiyalı xəstə
vardır və onlardan 700 nəfərə yaxını daimi nəzarət
altındadır. Mərkəzin üç regional şöbəsi
də fəaliyyət göstərir.
Beynəlxalq standartlara
tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu
avtomatik təyin edən aparat və digər lazımi
avadanlıq quraşdırılmışdır. Qeyd olundu ki,
burada donorlardan götürülən qan dərhal müayinə
edilir.
Xanım Lilita Zatlere mərkəzin
mərtəbələrini gəzərək konfrans zalına,
yeməkxanaya, reanimasiya bölməsinə, manipulyasiya və
transplantasiya, sterilləşdirmə otaqlarına baxdı. Bildirildi
ki, mərkəzdə sümük iliyinin
köçürülməsi üçün əməliyyat
otağı fəaliyyət göstərir. Xəstələr
xüsusi qapalı şəraitdə 100 gün ərzində
müalicə alırlar.
Transfuziya zalı və
12 otaqdan ibarət klinika, manipulyasiya, ümumi laboratoriya,
şüa diaqnostikası, əməliyyat otaqları,
manipulyar-diaqnostik laboratoriya barədə də qonağa ətraflı
məlumat verildi. Qeyd olundu ki, mərkəzdə xəstəliyin
aşkar edilməsi üçün xüsusi poliklinika da fəaliyyət
göstərir.
Çay süfrəsi
arxasında davam edən söhbət zamanı xanım Lilita
Zatlere ölkəmizdə irsi qan xəstəliyinin müalicəsi
məqsədilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətindən
məmnun qaldığını bildirdi.
Qonaq mərkəzin
birinci mərtəbəsində Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin portreti önündə
xatirə şəkli çəkdirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 11 avqust.- S. 4.