Avqustun 10-da
"Excelsior" mehmanxanasında Azərbaycan-Latviya
biznes-forumu çərçivəsində İqtisadi
İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) və Latviyanın ölkəmizdəki səfirliyinin
təşkilatçılığı ilə turizm sahəsinə
həsr olunan "dəyirmi masa" keçirilmişdir.
Hər iki ölkənin
dövlət qurumlarının nümayəndələri ilə
yanaşı, bir sıra turizm şirkətlərinin təmsilçilərinin
iştirak etdiyi tədbirdə bu ölkələrin investisiya
mühiti və biznes imkanları, turizm potensialı barədə
məlumat verilmiş, əməkdaşlıq perspektivləri
müzakirə edilmişdir. Bildirilmişdir ki, turizm sektoruna
göstərilən dövlət qayğısı bu sahədə
canlanmaya səbəb olmuşdur.
Azərbaycan və
Latviya şirkətlərinin təqdimatları dinlənilmişdir.
Latviyanın turizm
korporasiyasının rəhbəri Yurqis Abele bildirmişdir ki,
iki ölkə arasında turizm sahəsində əməkdaşlıq
yüksək səviyyədədir. Latviya Prezidentinin Azərbaycana
səfəri iki ölkə arasında turizm sahəsində əməkdaşlığın
daha da gücləndirilməsinə öz töhfəsini verəcəkdir.
Bizim bir sıra turizm şirkətləri ilə görüşlərimiz
olacaqdır. Hesab edirəm ki, bundan sonra turistlərin sayı
qarşılıqlı surətdə daha da artacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 11 avqust.- S. 4.