"Dəyirmi masa"da İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

Avqustun 10-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan-Latviya biznes-forumu çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviyanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə "dəyirmi masa" keçirilmişdir.

"Dəyirmi masa"da Azərbaycan tərəfi "Sinam Ltd", "Azertelecom", "Azerfon" MMC, "Caspel" MMC, "AZEL" və "Bakcell" şirkətləri ilə təmsil olunmuşdur. Latviya tərəfindən isə tədbirdə Dövlət Radiostansiyası və Televiziya Mərkəzi, "TRİATEL", "TILDA", "RİX Texnologiyalari", "SWH SETS", "Nexum" Sığorta Texnologiyaları, "İntellegent Sistems", "Electronis Communications Offisse" və "Euragate Konsaltinq" şirkətlərinin rəhbərləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə son illərdə Azərbaycan ilə Latviya arasında digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsində də əməkdaşlığın geniş vüsət aldığını vurğulamışdır. Nazir müavini, həmçinin son 5 ildə ölkəmizdə İKT sahəsində həyata keçirilmiş genişmiqyaslı tədbirlər, qəbul olunmuş dövlət proqramları, qazanılmış uğurlar barədə ətraflı məlumat vermişdir.

Ümumiyyətlə, İKT sahəsində tətbiq olunan qabaqcıl texnologiyaların və yeniliklərin hərtərəfli təhlil edildiyi tədbirdə Azərbaycanın və Latviyanın müvafiq şirkətləri öz təcrübələrini bölüşmüş, əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 4.