Dağlar qoynundakı Xınalıq

 

Böyük Qafqazın şimal-şərqində yerləşən Quba rayonu respublikamızın qədim guşələrindən biridir. Zəngin tarixi keçmişə malik olan Quba müxtəlif inancları əks etdirən müqəddəs ocaqlarla, türbələrlə, ziyarətgahlarla, eləcə də milli memarlıq abidələri ilə məşhurdur. 160-a yaxın yaşayış məntəqəsi olan Qubanın məşhur kəndlərindən olan Xınalıq rayonun ən ucqar və qeyri-adi yaşayış sahələrindən sayılır.

Yaşı minilliklərlə ölçülən Xınalıq Azərbaycanın ən qədim kəndlərindən biridir. Bu kəndin özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, Xınalıq açıq səma altında yerləşən bir muzeydir. Kəndin təkcə təbiət mənzərələrində, relyefində, abidələrində, qədim qəbiristanlıqlarında deyil, adi daşında, qayasında da bir qədimlik var. Vaxtilə bu kəndin başqa yaşayış yerlərilə əlaqəsi yalnız yayda mümkün idi. Onda da keçilməz dağ yollarını, körpüsüz çayları, sıldırım qayalıqları, ensiz cığırları, hər an təhlükə ilə üzləşiləcək gədikləri ancaq və ancaq at belində keçmək olardı. Xalq yazıçısı Anar söyləyir ki, ötən əsrin 60-cı illərində atamla Xınalığa getmişdim. Neçə gün at belində yol getdik. Çox çətinliklə ora çatdıq. Amma gördüyümüz heyrətedici mənzərədən, mehriban insanlardan heç ayrılmaq istəmirdik. İndi də o günləri xatırlayanda qəlbimə bir rahatlıq çökür. Həqiqətən də Xınalıq dünyanın ən müqəddəs və analoqu olmayan yaşayış məskənlərindən biridir. Çox ağır, şəraitdə, dağlar qoynunda, soyuq iqlim şəraitində yaşayan insanlar məhz torpaq sevgisinə, vətən eşqinə görə bu yerlərin qayası, daşı kimi doğma torpağa möhkəm yapışmışdılar. Onlar rahatlıq naminə ocaqlarını tərk edib heç yerə getmədilər. Doğrudur, xınalıqlıların dünyada baş verən hadisələrdən, yeniliklərdən o qədər də ətraflı xəbərləri olmurdu. Sanki bu dağ kəndinin insanları öz hücrələrinə çəkilərək Xınalığı yaşatmaq üçün fədakarcasına çalışır, şaxtaya, borana, qara dözüm göstərir, yalnız yaydan-yaya işıq üzünə çıxırdılar. Üzü qibləyə salınmış Xınalıq haqqında danışdıqca adamın qəlbi qəribə duyğularla çırpınır. Bu kəndi yalnız qədim və müqəddəs Məkkə ilə müqayisə etmək olar. Sanki Xınalıq Məkkənin bir məhəlləsidir. Oxşarlıq çoxdur. Dağların başında, qayaların ucunda tikilmiş bir evin damı o biri evin həyətidir, eyvansız evlər, divarların hər daşından bir tarixin səhifəsi boylanır. Sanki bu evlərin hər biri nəhəng qartaldır, eləcə dağa qonub. Qədim qəbiristanlıqlar, ocaqlar, türbələr çox keçmişdən xəbər verir. Özünü burada əski zamanların qoynunda hiss edirsən. Halbuki Xınalığın özündə yeni yaradılmış tarixi-etnoqrafik muzey var, amma bu kəndin nəinki özü, elə insanları da canlı muzeydir.

Qədim yunan alimi Strabon özünün 17 cildlik "Coğrafiya" kitabında qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır. Xınalıqlılar həmin 26 alban tayfasından biridir və o zamandan öz dillərində danışırlar. Təəssüf ki, bugünədək Xınalığın tarixi dərindən araşdırılmamışdır. Hər bir yaşayış məskəninin qədimliyi onun qəbiristanlıqları ilə aşkar edilir. Maraqlı bir fakt var ki, Xınalıqda 8 qədim qəbiristanlıq var. Bu qəbiristanlıqlarda qəbirlərin çoxu olduqca iridir. Hətta bəziləri üçmərtəbəlidir. Burada qəbirlər bir-birinin üzərində yerləşir. Yalnız etnoqrafların, arxeoloqların burada qazıntılar aparmasından sonra qəbirlərin yaşını təyin etmək mümkün olar.

Qədim dövrdən Xınalıq sakinləri dolanışıq üçün ovçuluqla məşğul olublar. Kişilər gecə-gündüz çöllərdə, qadınlar isə evdə xalça, palaz, yun corablar toxumaqla ailənin yükünü çəkiblər. Hər bir toxunan xalçanın, corabın öz çeşnisi və naxışı olub. İndinin özündə də hansısa bir evdən sənə corab, xalça bağışlasalar, kəndin yaşlı qadını ona baxan kimi kimin əl işi olduğunu dərhal deyir. Ən çox mal-qara saxlamaqla, qoyunçuluqla məşğul olan xınalıqlılar, qədim ənənəyə görə, heç vaxt mal kəlləsini atmazdılar. Onu mütləq çəpərin, yaxud da evin ən yuxarı hissəsinə bərkidərdilər. Xınalıqlılar qonşu kəndlərdən gəlin gətirsələr də, heç vaxt yad yerə qız verməzlər. Bu kəndin özünəməxsus adət-ənənələrindən biri də oğlan uşaqlarının 7 yaşa qədər hörüyünün olmasıdır. Bu adətin nə zamandan Xınalıqda davam etdiyi dəqiq məlum deyildir.

Xınalıq kəndinin 5-6 kilometrliyində Qızılqaya dağı yaxınlığında təbii yanar qaz çıxır. Bura Xınalıq atəşgahıdır. Yerli əhali ora müqəddəs ocaq kimi sitayiş edir. Bəzən də qurban kəsərkən qurbanlıq ətindən gətirib bu ocağın üstündə bişirərək ziyarətə gələnlərə paylayırlar. İslamdan öncə Xınalıqda yaşayanlar atəşpərəst olublar. Əlbəttə, bu ocağın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur.

Xınalıq atəşgahında icra olunan ayinlərdə qədim türk inancları sisteminin izləri duyulur. Özlərinə məxsus danışıq dili olan xınalıqlıların adət-ənənələrində şumerlərin də izi var. Bizə elə gəlir ki, Xınalıq həqiqətən dərindən araşdırılmalı, onun tarixi keçmişinə, sözün əsl mənasında, aydın işıq salınmalıdır.

2004-cü ildə Qubaya səfər edən ölkə Prezidenti İlham Əliyev Quba-Xınalıq yolunun bərpası ilə bağlı xüsusi göstəriş verdi. 2006-cı ildə isə cənab İlham Əliyev xınalıqlıların qonağı oldu. Bu, olduqca tarixi və nadir hadisə idi. İlk dəfə olaraq bu kəndə dövlət başçısı gəlirdi. Yerli sakinlərlə görüşü zamanı cənab İlham Əliyev demişdir: "Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən yolda bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Sevinirəm ki, mənim göstərişimlə bu yol çəkildi bütün Xınalıq camaatına sevinc gətirdi... Qafqazın ən yüksək zirvəsində yerləşən bu qədim kənd ən ucqar, əlçatmaz kəndlərdən sayılırdı. Xınalıqlılar ən qədim tarixə malikdir... Bilirəm ki, öz xüsusiyyətlərinizi saxlamısınız, öz dilinizi yaşatmısınız. Xınalıq dili dünyada mövcud dillərdən bəlkə ən qədimidir.

Mən bunları bilirəm. Bu onu göstərir ki, Azərbaycan nə qədər zəngin ölkədir: həm təbii ehtiyatlar, həm gözəl təbiət, həm də insanların - millətlərin, etnik qrupların müxtəlifliyi. Biz Azərbaycanda bir ailə kimi yaşayırıq".

Yol abadlıqdır, yol inkişafdır, yol ünsiyyətdir, yol yaşamaqdır. Məhz bu yolun çəkilişindən sonra təkcə xınalıqlılar deyil, ətraf ərazidə yaşayan 12 kəndin əhalisi üçün də mühüm iqtisadi irəliləyiş oldu. Vaxtilə 1960-cı ildə Xınalığa yol çəkilməsi planlaşdırılsa da, bu arzu yalnız XXI əsrin əvvəlində ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirildi. Yüz illərlə davam edən yolsuzluq bəlasına son qoyuldu. Xınalığa gedən yolda çaylar üzərində körpülər tikildi. Dağların arasından asfalt yol salındı. Həqiqətən də yol olmayan yerdə heç bir inkişafdan söz açıla bilməz. Bu yolun açılışı ilə bərabər, Xınalığın bəxtinə həqiqətən gün doğdu. Ölkə başçısının göstərişinə əsasən burada gözəl məktəb tikildi, su problemləri həll edildi, telefonlaşdırma başladı. Bu yolun çəkilişinə 14 milyon manat pul xərcləndi.

"Prezident vaxt sevinir?" Bu maraqlı sualın müəllifi elə Prezident İlham Əliyevdir. Verilən cavab da ölkə başçısının mənəviyyatının zənginliyini ifadə edir: "O vaxt sevinir ki, onun xalqı sevinir, insanların üzü gülür. O vaxt sevinir ki, inkişaf var, yenilik var. Bax, bu gün bunlar var. Azərbaycanın bütün yerlərində, o cümlədən burada, ən qədim kənddə - Xınalıqda sizin üzünüz gülür. Bu yol sizə sevinc gətirdi. Mən necə fərəhlənməyim?!"

Bu fərəhin həqiqətən xınalıqlılara bəxşişi çox oldu. Yüz illərlə çıxışı ancaq atla olan bu kəndin kilometrlərlə dağların boynuna dolanan, qara mirvarini xatırladan yolunda indi xarici markalı avtomobillər görünür. Hər gün bu kəndə qonaq gəlir. Hər gün bu kəndin adamları özləri bir tamaşaçıya çevrilirlər. Gələn tamaşa edir, orada yaşayan da. Biri qədimlikdən heyrətlənir, digəri müasirliyə maraq göstərir. Burada təkcə ağsaqqallar, ağbirçəklər deyil, uşaqlar da qonaqlara xoş lətafət, mehribanlıq göstərirlər. Kimi su gətirir, kimi çörək dalınca qaçır, kimi evlərinin yerini nişanə verir, kimi qolundan tutaraq söyləyir: "Bizim evdə televizor var". Bəli, Xınalıq inkişafa qovuşub.

Bizimlə söhbət zamanı 85 yaşlı Hacı dayı söylədi: "Tanrı ölkəmizin Prezidentini qorusun. İldə bir dəfə cavanlar at belində harasa çıxa bilirdi. Qonaq da özümüz idik, ev sahibi . İndi hər gün Xınalığa gələn var. Bu büsatı bizə bəxş etdiyinə görə Prezidentə həmişə Allahdan cansağlığı arzulayırıq. Qoy planı varsa, həyata keçsin. Təkcə bu Xınalıq yolunu saldığına görə onun bütün işləri savaba yazılır".

Özünəməxsusluğu qoruyub saxlayan Xınalığın sakinləri bir fikrin üzərində möhkəm dayanıblar: "Bizim kəndimiz özü bir muzeydir. Ona görə çalışacağıq ki, onun bu görünüşünə xələl gəlməsin, ahəngi pozulmasın. Yeni tikiləcək evlər bu ansambla uyğun gəlsin. Biz kəndimizlə fəxr edirik".

Bir sözü biz demək istərdik. Uzun illərdən sonra həqiqətən arzumuza qovuşduq. Rəssamların tablolarında, filmlərdə, fotoşəkillərdə gördüyümüz Xınalığa ayaq açdıq. Dağını, dərəsini, gözəl mənzərələrini seyr etdik. Ziyarətgahlarına üz tutduq. Ağsaqqallarını, ağbirçəklərini dinlədik, uşaqlarla söhbət etdik. Ürəyimiz dağa döndü. Qayıtdıqdan sonra isə düşən güclü leysan nəticəsində yolun bir hissəsinin sıradan çıxdığı haqqında məlumat eşitdik. Elə biz ora səfər edəndə dağlardan qopub yolun ortasına düşən nəhəng qayaları görəndə çox narahat olduq. Yol salınıb, çox çətinliklə olsa dağların ortasından keçən, çaylardan ötən, dərələrin, təpələrin, uçurumların belinə dolanan bu yol dəmir at deyil, onu qorumaq, hər gün qayğısına qalmaq lazımdır. Dağ şəraitində, hər gün yağışın, selin hücum çəkdiyi bir yerdə yolu nəzarətsiz saxlamaq onun sıradan çıxmasına səbəb ola bilər. Ona görə Quba-Xınalıq arasında çəkilmiş bu 53 kilometrlik ümid yolunun daim işlək olması üçün onu qarış-qarış qorumaq, gözləmək, seldən, yağışdan, qardan, tufandan, atdan, heyvandan "yadigar" qalan əşyayi-dəlillərdən təmizləmək lazımdır. Yaxşı deyiblər: yola baxsan yol, baxmasan bərbad olar!

İstərdik ki, uzun əsrlərdən sonra Xınalığa ümid gətirən, işıq sevinc bağışlayan bu yolun ömrü əbədi olsun!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 5.