Etimadı qazananlar

 

Böyüməkdə olan nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi Azərbaycan dövlətinin prioritet məqsədlərindəndir. Bu gün anaların iqtisadiyyatda, sosial sferada, ictimai həyatda daha böyük uğurlar qazanması, sərbəst, rahat və problemsiz fəaliyyət göstərməsi xeyli dərəcədə körpələrə, məktəb yaşlı uşaqlara yaradılan yüksək səviyyəli şəraitlə şərtlənir.

İmkanlı təşkilatlar və idarələr öz işçilərinin qayğısına qalarkən ilk növbədə balacaları nəzərə alır, onların sağlam böyüməsi, hərtərəfli inkişafı üçün bütün mümkün tədbirləri görürlər. Dövlət Neft Şirkətində olduğu kimi.

Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Təlim, tədris və sertifikatlaşdırma departamenti baş direktorunun birinci müavini Dünyamalı Pənahov bildirir ki, hazırda şirkətin balansındakı 41 bağçada 3300 uşaq sözün əsl mənasında böyük həyata hazırlanır. Körpə fidanların əməyə alışdırılması, istedadlarının üzə çıxarılması, xarici dil öyrənməsi üçün bu müəssisələrdə hər cür şərait var.

Departamentin məktəbəqədər uşaq müəssisələri şöbəsində çalışan yüksək səviyyəli mütəxəssislər, pedaqoji işin incəliklərindən yaxşı baş çıxaran tərbiyəçi müəllimlər, uşaqlara əsl ana nəvazişi göstərən dayə və aşpazlar gələcəyin sağlam və bilikli vətəndaşlarının yetişdirilməsində bacarıqlarını əsirgəmirlər.

Neftçi balalarının təlim-tərbiyəsi bağça kollektivlərinin bugünkü işi olsa da, gələcəyə hesablanmış uğurlu strategiyanın tərkib hissəsidir. Bütün uşaq tərbiyə müəssisələrində, xüsusən "Zanbaq"da, "Turac"da, "Günəş"də məhz bu cür düşünürlər. Bu bağçaların müdirlərindən tutmuş dayə köməkçisinə kimi hər kəs anaların etibarını və etimadını doğrultmağı özünün birinci dərəcəli vəzifəsi sayır.

 

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 5.