Azərbaycan ilə Latviya arasındakı münasibətlər çox uğurla inkişaf edir

 

Latviya Prezidenti Valdis Zatlersin Azərbaycana rəsmi səfəri

 

Ali qonağın şərəfinə

 

Xəbər verdiyimiz kimi, avqustun 10-da "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Latviya Respublikasının Prezidenti Valdis Zatlersin və xanımı Lilita Zatlerenin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli xanım Lilita Zatlere!

Xanımlar və cənablar!

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və "Xoş gəlmisiniz!" deyirəm.

Bu gün Latviya ilə Azərbaycan arasında münasibətlərin yeni səhifəsi açılır, səmərəli siyasi dialoq aparılır. Mən Sizin Azərbaycana rəsmi səfərinizi yüksək qiymətləndirir, bu səfərin ölkələrimiz arasında münasibətlərin yeni mərhələsinə zəmin yaradacağına inanıram. Şübhə etmirəm ki, keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi, habelə imzalanmış sənədlər və iki ölkənin iş adamlarının sabah təşkil olunacaq biznes forumu qarşılıqlı fəaliyyət üçün yeni sahələri müəyyən edəcək, əlaqələrimizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Mən Latviya ilə Azərbaycan arasında münasibətlərin inkişaf edərək genişlənməsinin tərəfdarıyam. Düşünürəm ki, ölkələrimiz arasında ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə yaxşı əməkdaşlıq imkanları vardır. Bu əməkdaşlığı həyata keçirmək üçün ölkələrimizdə səfirliklər açılmış, Azərbaycan-Latviya hökumətlərarası komissiyası yaradılmış, müqavilə-hüquq bazasını təmin edən sənədlər imzalanmışdır.

Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın indiki göstəriciləri təəssüf olsun ki, ölkələrimizin potensialına cavab vermir. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi daha da genişlənməlidir. Əminəm ki, biz birgə səylərimizlə iqtisadi əməkdaşlığın səmərəsini artırmağa nail olacağıq. Bu, indi - qlobal iqtisadi böhran şəraitində xüsusilə aktualdır.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının yayılmasına və müasir dövrün digər təhdid və təhlükələrinə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti proqramı və NATO-nun Fərdi tərəfdaşlığın Fəaliyyət Planı çərçivəsində əlaqələrimizdən razıyam. GUAM və Baltik dənizi Dövlətləri Şurası formatında əlaqələrimiz Xəzər, Qara dəniz, Baltik hövzəsi regionunda inteqrasiya proseslərini sürətləndirmək baxımından əhəmiyyətlidir. Avropa İttifaqının Şərq tərəfdaşlığı təşəbbüsü əməkdaşlığımız üçün yeni imkanlar açır və mən inanıram ki, ölkələrimiz həmin imkanlardan yetərincə istifadə edəcəklər.

Azərbaycan son illər ərzində sürətli inkişaf yolu keçmişdir. Ötən beş ildə ölkəmizin iqtisadiyyatı 2,6 dəfə artmışdır, eyni zamanda irimiqyaslı beynəlxalq layihələrin həyata keçməsi nəticəsində Böyük İpək yolunun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində səylərimiz artıq öz bəhrəsini verməkdədir.

Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin təmin edilməsində və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Lakin artıq 20 ildir ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Ermənistan Azərbaycanın ərazisinin 20 fazini işğal etmiş və etnik təmizləmə siyasəti aparmışdır. Nəticədə ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, icazə verin, Azərbaycana rəsmi səfərinizə böyük əhəmiyyət verdiyimi bir daha ifadə edim və bu badəni Sizin sağlığınıza, xanımınızın sağlığına, Latviya ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafının şərəfinə qaldırım.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 avqust.- S. 1.