Azərbaycan-Latviya biznes
forumu
Prezident İlham
Əliyevin çıxışı
Azərbaycan Prezidenti
İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers forumun
işində iştirak etmişlər. Dövlət
başçıları Latviya iqtisadiyyatı məhsullarının
nümayiş etdirildiyi sərgiyə də baxmışlar.
Biznes forumda Azərbaycandan
120-dək şirkətin nümayəndəsi və Latviyadan
75 iş adamı iştirak etmişdir.
Prezident İlham ƏLİYEV
biznes forumda çıxış edərək dedi:
- Hörmətli cənab
Prezident!
Xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Mən sizin
hamınızı Azərbaycanda salamlamaq istəyirəm.
Latviya Prezidentinə və onun rəhbərlik etdiyi nümayəndə
heyətinə, Latviyanın iş adamlarına Azərbaycana gəldikləri
üçün minnətdarlığımı bildirirəm.
Bu, bizim tərəfdaşlığımızın
mühüm rəmzidir və münasibətlərimiz
uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli
əlaqələr davamlı şəkildə inkişaf edir.
Latviya Prezidentinin Azərbaycana səfəri birmənalı
olaraq münasibətlərimizin gələcəkdə yeni səhifəsini
açacaqdır. Dünən bizim çox məhsuldar
danışıqlarımız və müzakirələrimiz
oldu. Biz bir sıra hökumətlərarası sazişləri
imzaladıq və bununla ölkələrimiz arasında
münasibətlərin qanunverici əsaslarını genişləndirdik.
Təbii ki, yaxşı siyasi münasibətlərin olması
iki ölkənin işgüzar dairələri
üçün də bir çox sahələrdə daha səmərəli
şəkildə əməkdaşlıq etməyə imkan
yaradır. Ona görə iqtisadi əməkdaşlığın
çox yaxşı perspektivləri vardır. Son bir neçə
il ərzində bizim iqtisadi əməkdaşlıq sahəsində
artıq gözəçarpan nailiyyətlərimiz olubdur.
Bizim birgə qarşılıqlı ticarət dövriyyəsinin
rəqəmləri o qədər yüksək deyildir. Ancaq
buna baxmayaraq, yenə də addım-addım irəliləyiş
əldə olunur və ölkələrimiz arasında bu
dövriyyənin həcmi artmaqdadır. Ümidvaram ki, ölkələrimizin
iş adamlarının bu görüşü, ümumiyyətlə,
ölkələrimiz arasındakı münasibətlərin
inkişafına töhfə verəcəkdir. Hesab edirəm
ki, hökumətlərarası birgə iqtisadi komissiyanın
rolu çox vacibdir. Çünki o, biznesmenlərə
bir-biriləri ilə təmaslar qurmaq, müxtəlif layihələri
əlaqələndirmək və sərmayələrin daha
çox cəlbedici sektorlara qoyulmasına yardım edəcəkdir.
Müxtəlif əməkdaşlıq formaları mövcuddur
və əlbəttə ki, əməkdaşlığın
hansı formasını seçmək barədə qərarları
iş adamlarının özləri qəbul edə bilərlər.
Amma vacib məsələ ondan ibarətdir ki, biz geniş biznes
imkanları, hüquqi çərçivə, vergi, sərmayə
mühiti və ümumiyyətlə, iqtisadi inkişaf
haqqında məlumatları verməliyik.
Dünən müzakirələrdən
sonra belə bir qənaətə gəldik ki, bizim
iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan
iqtisadiyyatlar deyildir. Biz bazar uğrunda rəqabət
aparmırıq, əksinə, iqtisadiyyatlarımız
uğurlu şəkildə bir-birinə dəstək verə
bilər. Burada söhbət nəinki iqtisadiyyatdan, o cümlədən
mühitdən də, turizmin inkişafından da gedir. Dünən
mən cənab Prezidentə məlumat verdim ki, biz
çalışdıq burada elə bir iqlim zonası yaradaq
ki, siz özünüzü evinizdəki kimi hiss edəsiniz.
Çünki, adətən,
avqustda Bakıda hava isti olur, yay havası çox qızmar
olur və Azərbaycandakı insanlar bəzi hallarda elə bir
yerə getməyə üstünlük verirlər ki, orada
özlərini, necə deyərlər, daha sərin mühitdə
hiss etsinlər.
Həmçinin əminəm
ki, Latviyadan gəlmiş qonaqlarımız çimərliklərimizdən,
bütün digər imkanlardan bəhrələnəcəklər.
Turizm, mədəni mübadilə, o cümlədən
informasiya texnologiyaları sahəsində əməkdaşlıq,
elm, təhsil üzrə işbirliyi vacibdir. Gündəliyimiz
genişdir. Biz, əlbəttə, istərdik ki, şirkətlərimiz
arasında iqtisadi fəaliyyət daha da artsın. Birgə
iqtisadi komissiya buna dəstək verə bilər.
Eyni zamanda qeyd edilməlidir
ki, Azərbaycan İnvestisiya Şirkəti bir neçə il
bundan əvvəl yaranmışdır və bu da potensial sərmayədarlara
Azərbaycanda yardım edə bilər, o cümlədən
müxtəlif layihələrdə həm də sərmayədar
kimi iştirak edə bilər. Ümumiyyətlə, ölkəmizdə
yaxşı sərmayə mühiti vardır və on
milyonlarla dollar birbaşa sərmayə buna yaxşı
nümunədir. Bir çox digər yerlərlə müqayisədə
regiona gəldikdə, ölkəmiz adambaşına
düşən birbaşa xarici sərmayələr üzrə
aparıcı ölkələr arasındadır. İqtisadi
islahatlar, iqtisadi dəyişikliklər Azərbaycanda çox
yaxşı sərmayə imkanları və ümumiyyətlə,
biznes mühiti yaratmışdır.
Bizim sürətli
iqtisadi artımımız müxtəlif amillərin təzahürüdür.
Enerji amili bizim üçün çox mühümdür.
Neft və qaz hasilatının yüksəlməsi son beş
il ərzində bizim üçün ÜDM-in daha çox
artımına nail olmağa imkan yaratdı. Lakin eyni zamanda
qeyri-neft sektorunun inkişafı da böyük töhfə
verir. Biz iqtisadi islahatlar siyasəti aparırıq. Biz Avropa
strukturları ilə əməkdaşlıq edirik. Avropa
İttifaqı da bu sahədə mühüm bir amildir və
biz Avropa İttifaqına daha yaxın olmaq istəyirik. Bizim
Şərq tərəfdaşlığı proqramında
iştirakımız birmənalı olaraq Azərbaycanın
iqtisadi inkişafına da töhfə verəcəkdir.
Ölkəmizdə özəl sektor ÜDM-in
85 faizini təşkil
edir. Biz geniş özəlləşdirmə
proqramını həyata keçirmişik və ümumi
iqtisadi vəziyyət, Azərbaycandakı iqtisadi islahatlar, həmçinin
Dünya Bankının qiymətləndirilməsində də
əks olunubdur. Bu qurum ötən ilin "Douing
Business" hesabatında Azərbaycanı ən
islahatçı ölkə kimi tanımışdır və
hesab edirik ki, bu illərdə, xüsusən də bu böhran
dövründə biz əgər iqtisadi göstəricilərimizə
baxsaq görərik ki, cari ilin ilk altı ayında iqtisadiyyatımız
3,6 faiz, sənaye istehsalı isə 4,1 faiz
artmışdır. Biz infrastruktura, qeyri-enerji
sektoruna böyük sərmayələr
yatırmışıq. Dövlətimizin
birbaşa qoyduğu sərmayələrin həcmi
artmışdır və biz, eyni zamanda yerli sahibkarlara da
yardım etmişik. Biz onlara - yerli şirkətlərə
güzəştli, yəni aşağı faizlə kreditlər
ayırırıq ki, iqtisadiyyatımız daha şaxələnmiş
olsun. Bu il biz öz ölkəmizi kənd
təsərrüfatı malları ilə demək olar ki,
yüz faiz təmin edəcəyik. Bu il Azərbaycanda
ərzaq təhlükəsizliyinin təmin edilməsi
baxımından vacib bir ildir. Biz müxtəlif
kənd təsərrüfatı mallarının həm
ixracçısı, həm də keçmişdə
idxalçısı olmuşduq. Bu il,
demək olar ki, biz bütün daxili tələbatlarımızı
təmin edəcəyik. Bu isə, öz növbəsində,
iqtisadiyyatın şaxələndirilməsinə imkan
yaradır. Çünki bizim əhalinin
yarısı kənd yerlərində yaşayır. Ona görə kənd təsərrüfatı
işçiləri, fermerlər dövlətin kifayət qədər
yardımından istifadə edərək iqtisadiyyatın
şaxələndirilməsinə şərait yaradacaqlar.
Təbii ki, gələn
illərdə enerji amili davamlı surətdə bizim
iqtisadiyyatın vacib hissəsi olacaq və biz artıq nəzərəçarpan
nəticələri əldə etmişik. Azərbaycan o
ölkədir ki, bütün dünyada ilk dəfə olaraq
burada neft hasil edilmişdir. Sovet İttifaqı
dağıldıqdan sonra bizim hasilatımız olduqca
aşağı düşdü, infrastruktur, demək olar ki,
tam dağıldı. Böyük iqtisadi potensiala və
ehtiyatlara malik olmuş ölkə çox çətin vəziyyətə
düşdü. Biz ciddi iqtisadi böhranla üzləşdik.
Biz çalışdıq ki, bir çox aparıcı enerji
şirkətlərini Azərbaycana dəvət edək və
buna nail olduq. Beləliklə, beynəlxalq səviyyədə
vacib bir neft və qaz hasilatçısına çevrildik.
Müstəqillik illəri ərzində bu hasilatın həcmi
5 dəfədən çox artmışdır və demək
olar ki, bu il artıq 50 milyon tona çatır. Eyni zamanda, Azərbaycan
çox vacib təbii qaz ixracçısına
çevrilmişdir. Bu, son iki il ərzində baş
vermişdir. 2007-ci ilə qədər biz qazı digər
ölkələrdən idxal edirdik. Hazırda isə biz
qazı ixrac edirik və ixrac coğrafiyası artır. Biz
yaxın gələcəkdə digər
qonşularımıza da təbii qaz çatdıracağıq.
Bu da gələcəkdə bizə bir çox faydalar gətirəcək
və eyni zamanda Avropanın enerji təhlükəsizliyinə
töhfə verəcəkdir.
2006-cı ildə Avropa
İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində
əməkdaşlığa dair Memorandum
imzalanmışdır və bu, münasibətlərimizin
inkişafı deməkdir. Hazırda Avropanın müxtəlif
strukturlarında müzakirə edilən enerji dəhlizləri
bizim tərəfimizdən təşəbbüs kimi irəli
sürülmüşdür. Xəzərdə hasil olunmuş
neft dünya tarixində ilk dəfə boru kəməri vasitəsilə
məhz Qara dənizdə yerləşən limanlara
daşındı. Bu qapıları biz açdıq. İndi
isə qaz boru kəməri çəkiləndən sonra bizim
təbii qazımız artıq qeyd etdiyim kimi, bütün
istiqamətlərdə nəql edilir. İndi isə bizim
dörd qaz boru kəmərimiz vardır. Onların ikisi Qərb
istiqamətinə, biri Şimal, digəri isə Cənub
istiqamətinə gedir. Təbii ki, enerji amili iqtisadiyyatın
bir çox sahələrində vacib yer tutacaqdır. Lakin biz,
eyni zamanda, informasiya texnologiyaları, turizm, infrastruktur və
ölkəmizin şaxələndirilmiş inkişafına sərmayələr
qoyuruq. Dövlətin böyük yardımı ilə
infrastruktur layihələri həyata keçirilir və biz nəticələri
görürük. İnfrastruktur layihələrini həyata
keçirdikdən, məsələn, şoselər çəkiləndən,
elektrik stansiyaları, hava limanları tikiləndən sonra məhz
işgüzar dairələr həmin yerlərə gəlirlər.
Çünki nəzərəçarpan infrastruktur layihələri
məhz paytaxt şəhərdən 100 kilometrlərlə məsafədə
yaşayan insanlara fayda gətirir.
Hesab edirəm ki, bu
baxımdan Azərbaycandakı və dost ölkələrdəki
işgüzar dairələr əməkdaşlığı
inkişaf etdirmək üçün bir-biri ilə
görüşməlidirlər. Latviya bizim üçün
dost ölkədir. Bu ölkə bizim tərəfdaşımızdır.
Bizim çox yaxşı siyasi münasibətlərimiz
vardır və bunu gördükdən sonra əminəm,
işgüzar dairələrimiz də çalışacaqlar
ki, onlar arasında olan əlaqələr eyni səviyyədə,
yəni siyasi münasibətlər səviyyəsində olsun.
Bunun üçün bütün imkanlar vardır. Artıq
qeyd etdim ki, bizim yaxşı sərmayə mühitimiz,
yaxşı sərmayə imkanlarımız vardır, liberal
iqtisadiyyat qurulubdur, sabit siyasi vəziyyət mövcuddur,
yüksək səviyyədə şəffaflıq vardır.
Bu isə Birləşmiş Millətlər Təşkilatının
Azərbaycana verdiyi mükafatda da öz təzahürünü
tapmışdır.
Bir daha bildirmək istəyirəm
ki, Latviya və Azərbaycanın iqtisadiyyatları bir-birini
uğurla dəstəkləyə bilər. Əminəm ki,
bugünkü biznes forumu bu istiqamətdə öz vacib rolunu
oynayacaqdır.
Bir daha bütün
qonaqları salamlayıram və biznes foruma uğurlar
arzulayıram.
Diqqətinizə görə
minnətdaram.
AzərTAc
Azərbaycan.- 2009.- 12 avqust.- S. 1, 2.