Azərbaycan ilə Latviya arasındakı münasibətlər çox uğurla inkişaf edir

 

Latviya Prezidenti Valdis Zatlersin Azərbaycana rəsmi səfəri

 

Ali qonağın şərəfinə

 

Latviya Prezidenti Valdis ZATLERS təşəkkür edərək dedi:

- Çox hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım Əliyeva!

Zati-aliləri!

Xanımlar və cənablar!

Cənab Prezident, mən Sizin, eləcə də Sizin ölkənizin qonağı olmaqdan böyük sevinc və şərəf duyuram! İcazə verin, öz adımdan, eləcə də xanımım adından Bakıda - mədəniyyət və elm sahəsində uğurların əldə olunmasına ilham verən əsrarəngiz bir şəhərdə səmimi qəbula görə Sizə dərin təşəkkürümü bildirim.

XIX əsrin sonu - XX əsrin əvvəllərindəki milli dirçəliş, mətin mübarizə, müstəqilliyimizin və dövlətçiliyimizin itirilməsi və yenidən qazanılması kimi kəşməkəşli ümumi tarixi inkişaf yolumuz Latviya və Azərbaycanı bir-birinə sıx şəkildə bağlayır. Bildirmək istərdim ki, bir çox görkəmli latış mədəniyyət və incəsənət xadimlərinin həyatı məhz Azərbaycanla bağlıdır. Yazıçı Ernest Birzniek-Upit uzun müddət burada yaşamışdır. Yazıçılar Pavils Rozitis, Sudrabu-Ecus, Yanis Vainovskis və Auqusts Bertse burada yaşayıb yaratmışlar. Rəssam Yazeps Qrosvalds öz yaradıcılığında Şərq motivlərinə üstünlük vermişdir. Bundan əlavə, Azərbaycan Opera və Balet Teatrında böyük latış bəstəkarı Yazeps Medinş dirijorluq etmişdir.

Latviya Prezidenti Valdis Zatlers onu da dedi ki, son on beş il Latviya-Azərbaycan münasibətlərində mühüm mərhələ olmuşdur. Bu müddətdə Latviya-Azərbaycan dostluq əlaqələri inkişaf etmişdir. Son illərdə fəal siyasi dialoqlar nəzərəçarpacaq dərəcədə böyümüşdür. Hər iki ölkənin məsul şəxslərinin, mütəxəssislərinin görüşləri və məsləhətləşmələri keçirilmiş, dövlətlərarası müqavilə-hüquq bazası inkişaf etdirilmiş, ticari-iqtisadi balans daha da təkmilləşdirilmişdir.

Latviya Prezidenti bildirdi:

- Biz əldə olunan nailiyyətlərlə kifayətlənmək niyyətində deyilik. Turizm, gənclər və idman sahəsində, eləcə də patent üzrə informasiya və sənədləşmə mübadiləsi buna misaldır.
İqtisadiyyat sahəsində də bir çox işlər görülmüşdür. Ondan çox Latviya-Azərbaycan müştərək müəssisəsi yaradılmışdır ki, bunlar da ölkələrimizə mənfəət və keyfiyyətli məhsullar gətirir. Hər iki ölkənin səfirliklərinin uğurlu fəaliyyəti, eyni zamanda Riqa ilə Bakı arasında birbaşa hava yolunun açılması işgüzar münasibətlərin əhəmiyyətli dərəcədə inkişafına təkan verir. Hazırkı səfər zamanı sahibkarlardan ibarət böyük nümayəndə heyətinin Bakıya gəlişi qlobal maliyyə böhranının mövcud olduğu bir dövrdə Latviya və Azərbaycanın iqtisadi potensialının inkişafında ciddi maraqların olduğunu sübut edir.

Latviya Prezidenti onu da qeyd etdi ki, beynəlxalq təşkilatlardakı sıx əməkdaşlıq, sülhün və stabilliyin qorunmasında göstərilən səylər dünyanın siyasi səhnəsində hər iki dövlətə eyni mövqedən çıxış etmək imkanı verir.

Bundan əlavə, Azərbaycanın təbii sərvətlərinin zənginliyi, bazar potensialının, Latviyanın Avropa İttifaqı ilə birgə bazarının mövcudluğu ikitərəfli əlaqələrin səmərəli inkişafına yol açır.

Valdis Zatlers bir daha əmin olduğunu bildirdi ki, dövlətlərimizin imkanları heç zaman tükənməyəcəkdir və bu səfər uzunmüddətli, sabit və inkişafda olan münasibətlərin təminatı olacaqdır.

Azərbaycan xalqına bolluq, firavanlıq və müvəffəqiyyətlər arzulayan Latviya Prezidenti dedi:

- Cənab Prezident, şəxsən Sizə cansağlığı və uğurlar arzu edirəm!

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 avqust.- S. 1.