Azərbaycan-Latviya biznes forumu

 

Latviya Prezidenti Valdis  Zatlersin çıxışı

 

Latviya Prezidenti Valdis ZATLERS biznes forumda çıxış edərək dedi:

- Cənab Prezident!

Zati-aliləri!

Azərbaycan və Latviyanın iş adamları!

Xanımlar və cənablar!

Burada - Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxış etməkdən olduqca məmnunam və şərəf hissi duyuram. Mən bu cür qarşılıqlı surətdə konstruktiv səylərə və göstərilmiş səmimi qonaqpərvərliyə görə tədbir təşkilatçılarına şəxsən öz adımdan və Latviyanın nümayəndə heyəti adından minnətdarlığımı bildirmək istəyirəm. Biz elə bir dövrdə görüşürük ki, hökumətlərimiz mürəkkəb məsələnin, maliyyə sabitliyinin qorunması ilə məşğuldur və çalışırlar biznes mühitini qısa müddət ərzində yaxşılaşdırsınlar.

Bu gün qlobal iqtisadiyyatda əsas struktur dəyişiklikləri müşahidə olunur və bizim üçün yeni imkanları müəyyən etmək və yeni çağırışları həll etmək vaxtı artıq yetişibdir. Keçmişə nəzər salmaq və bu günə qədər görülmüş işlərin nəticələrini qiymətləndirmək üçün münasib vaxtdır. Qlobal iqtisadi böhranın mürəkkəb nəticələrini nəzərə alaraq, hazırkı ən mühüm vəzifəmiz yeni imkanların tapılmasında səylərimizi və resurslarımızı səfərbər etməkdir. Ümidvaram ki, hökumətlərimiz biznes sahəsi üçün mümkün qədər faydalı şəraitlərin yaradılması məqsədi ilə əlindən gələni edəcəklər.

Şirkətlərimiz və hökumətlərimiz arasında sıx əməkdaşlıq zəngin və davamlı iqtisadiyyata aparan yolda mühüm amildir.

Xanımlar və cənablar!

Biznes tərəfdaşlığımızın daha da inkişaf etməsi üçün möhkəm bünövrə vardır. Əməkdaşlıq üçün səmərəli infrastruktur qurulmuşdur. Hazırda Latviyada 29 Latviya-Azərbaycan birgə müəssisəsi fəaliyyət göstərir. Ümid edirəm ki, bu rəqəm gələn bir neçə il ərzində nəzərəçarpan səviyyədə artacaqdır. Eyni zamanda, məmnunluqla qeyd etmək istəyirəm ki, ötən il ərzində ticarət dövriyyəmizə nəzər yetirsək, böhran sözündən istifadə etmək düzgün olmazdı. Baxmayaraq ki, rəqəmlər o qədər yüksək deyildir, lakin Latviyanın ixracı iki dəfə, Azərbaycandan idxal isə 30 faiz artmışdır. 2009-cu ilin birinci rübündə ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqda davam etmişdir. Bu isə bizə məlum olan qlobal proseslərdən fərqlənir. Latviya iş adamlarının Azərbaycana marağı məni müşayiət edən böyük nümayəndə heyətinin olması ilə nümayiş etdirilir. Bu tərkibdə ərzaq sənayesi, nəqliyyat və logistika, informasiya texnologiyaları və telekommunikasiya, bank və konsaltinq xidmətləri, tikinti sənayesi, turizm, təhsil və digər sahələrin nümayəndələri vardır. Eyni zamanda, Azərbaycanda artıq uğurlu fəaliyyət göstərən şirkətlər də təmsil olunub - Riga Dairy, Laci, AirBaltic, Parex Bank, Baltikums Bank, BDO Invest Riga, Riqa Beynəlxalq hava limanı, Hava Dispetçer və Tədris Mərkəzi və bir çox digərləri.

Məmnunluqla qeyd etmək istəyirəm ki, həmin maraq sahələri strateji əhəmiyyət daşıyır və onların sayı da çoxdur. Biz iş adamları üçün qarşılıqlı surətdə faydalı imkanları nəzərdən keçirməliyik və bu halda hökumətlərimizin vəzifəsi bütün səviyyələrdə həmin proseslərin uğurlu olmasını təşviq etməkdən ibarət olmalıdır.

Xanımlar və cənablar! Ölkələrimiz arasında hüquqi əsasların qurulması müxtəlif sahələrdə uğurlu və uzunmüddətli əməkdaşlıq üçün mühüm platformadır. Dünən Latviya Respublikası və Azərbaycan Respublikasının hökumətləri bir sıra sənədləri, o cümlədən idman və turizm sahələrində sazişləri imzalamışlar. Latviyanın Patent İdarəsi və Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Komitəsi arasında sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu imzalamışlar. Hesab edirəm ki, bu sazişlər iqtisadi münasibətlərimizin daha geniş şəkildə inkişafına yeni və yüksək keyfiyyətli təkan verəcəkdir.

Azərbaycan Latviya üçün çox mühüm və perspektivli tərəfdaşdır. Biz Avropa ölkələri ilə Azərbaycan, o cümlədən Xəzər regionunun digər ölkələri arasında sıx əməkdaşlığı təşviq etməyə hazırıq. Latviya sizin üçün nəinki ticari tərəfdaş, o cümlədən digər sahələrdə də mühüm rol oynaya bilər. Biz, həmçinin digər Avropa ölkələrində iş aparmaq üçün strateji keçid ölkəsi ola bilərik. Latviya Şərqi Avropa, Skandinaviya və Qərbi Avropanın kəsişdiyi yerdə yerləşir. Ölkəmiz əla quru və dəmir yolu infrastrukturuna, o cümlədən regionda mövcud olan əsas nəql dəhlizləri vasitəsilə tranzit malların daşınmasını mümkün edən limanlara malikdir. Siz Latviyadakı tərəfdaşlarınızın təcrübəsindən istifadə edə bilərsiniz, çünki Avropa İttifaqının iqtisadi və inzibati məkanına daxil olursunuz. Riqa ilə Bakı arasında birbaşa uçuşlar biznes tərəfdaşlığının inkişafında mühüm elementdir. Mən sizi Skandinaviya və Mərkəzi Avropaya səfəriniz zamanı Riqa hava limanından tranzit kimi istifadə etməyə dəvət edirəm. Mən qeyd etmək istəyirəm ki, Latviya şərqi tərəfdaşlar ilə ticari münasibətlərinin möhkəmlənməsini ənənəvi olaraq dəstəkləmişdir. Biz istəyirik ki, Şərq tərəfdaşlığı iqtisadi inteqrasiya üçün əlavə təkan versin və Avropa İttifaqı ilə Azərbaycan arasında əhatəli və dərin azad ticarət zonasının yaranması ilə nəticələnsin. Biz Azərbaycanın mümkün qədər qısa müddətdə Dünya Ticarət Təşkilatına üzv qəbul olunmasını dəstəkləyirik. Beynəlxalq ticarət sisteminə inteqrasiya Azərbaycana öz ixrac strukturunu şaxələndirməyə imkan yaradacaqdır.

Xanımlar və cənablar! Qeyd etmək istəyirəm ki, ölkələrimiz enerji təhlükəsizliyi ilə bağlı çətinliklərə aid adekvat cavab tədbirlərini görməyə çalışır. Əminəm ki, Avropa İttifaqı ilə Xəzər dənizi regionu arasında yalnız sıx əməkdaşlıq vətəndaşlar üçün sabit və davamlı enerji təhlükəsizliyini təmin edə bilər. Latviya Avropanın enerji ehtiyatları ilə təchiz edilməsində Qara dəniz-Xəzər regionunda Azərbaycanı əsas ölkə hesab edir. Ümid edirik ki, gələcəkdə Azərbaycanın təbii qaz ehtiyatları Nabukko boru kəməri ilə Avropaya çatdırılacaqdır. Latviya nəinki təbii qaz, o cümlədən neft sahəsində çatdırılma marşrutlarının və mənbələrin şaxələndirilməsində Avropanın səylərini dəstəkləyir. Brodını və Plotsku keçərək Odessadan Qdanska qədər gedən neft boru kəməri Avropada enerji resurslarının şaxələndirilməsi sahəsində risklərin azaldılmasına mühüm töhfə ola bilərdi. Latviya Baltik dənizi-Qara dəniz-Xəzər dənizi regionu vasitəsilə tranzit konsepsiyasını dəstəkləyir və bu, Mərkəzi Asiyadan Avropaya enerji resurslarının daşınmasında gözəçarpan əlavə tranzit marşrutu ola bilər.

Xanımlar və cənablar! Cəsarət, möhkəm iradə və təşəbbüskarlıq biznesdə uğurun əsas meyarlarıdır. Əminəm ki, burada iştirakınız bir daha sübut edir ki, siz yeni imkanların tapılmasına açıq və fəal olmağa hazırsınız. Ümidvaram ki, rəsmi səfər yeni təmasların qurulmasında sizi çox həvəsləndirəcək və bu biznes forum cari davamlı əməkdaşlıq və qarşılıqlı surətdə faydalı layihələr üçün uğurlu istinad nöqtəsinə çevriləcəkdir.

Xanımlar və cənablar, sizə uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram.

 

* * *

 

(Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere avqustun 11-də Zaqatala, Şəki və Qəbələ rayonlarında səfərdə olmuşlar. Səfər barədə hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir.)

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 avqust.- S. 1, 2.