Xarici işlər naziri UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşmüşdür

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, avqustun 11-də nazir Elmar Məmmədyarov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mark Hervord ilə görüşmüşdür.

M.Hervord yeni təyinatından və ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirmişdir. O vurğulamışdır ki, ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan ilə UNİCEF arasında əməkdaşlığın genişləndirilməsinə çalışacaqdır.

Nazir E.Məmmədyarov ölkəmiz ilə UNICEF arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə etmiş və bu əməkdaşlığın Azərbaycan hökumətinin sosial sahənin inkişafı istiqamətində aparılan siyasətə verdiyi töhfəsini vurğulamışdır. Bundan əlavə, E.Məmmədyarov ölkəmizin iqtisadi qüdrətinin artdığı bir şəraitdə Azərbaycan tərəfindən zəif inkişaf etmiş ölkələrdə həyata keçirilən sosial layihələr barədə də danışmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 avqust.- S. 3.