Bakıda Azərbaycan-Latviya hökumətlərarası komissiyasının üçüncü iclası olmuşdur

 

Avqustun 11-də Bakıda Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın üçüncü iclası keçirilmişdir.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, nəqliyyat naziri Ziya Məmmədov latviyalı qonaqlara ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən iqtisadi inkişaf strategiyasının uğurları, bu siyasətin respublikamızı regionun lider dövlətinə çevirməsi barədə geniş məlumat vermişdir.

Hökumətlərarası komissiyanın üçüncü iclasının Latviya Respublikası Prezidentinin Azərbaycana səfəri ilə eyni vaxta təsadüf etməsini xoş hadisə kimi dəyərləndirən Ziya Məmmədov son illər ölkələrimiz arasında əməkdaşlığın geniş vüsət almasında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğulamışdır. Bildirmişdir ki, son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin 2 dəfə artması, nəqliyyat, telekommunikasiya, elm, təhsil, turizm və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatması prezidentlərin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlərin mühüm əhəmiyyət kəsb etməsini bir daha təsdiqləyir.

Z.Məmmədov Latviya Respublikasının Prezidentinin ölkəmizə hazırda davam edən səfərinin, yüksək səviyyədə Azərbaycan-Latviya danışıqlarının, dövlətlərimizin başçıları İlham Əliyevin və Valdis Zatlersin imzaladıqları mühüm sənədlərin, o cümlədən hökumətlərarası komissiyanın üçüncü iclasının yekunlarının əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə şərait yaradacağına əmin olduğunu bildirmişdir.

Komissiyanın Latviya tərəfdən həmsədri, bu ölkənin nəqliyyat naziri Kaspars Gerhards Latviya Respublikasının Prezidenti Valdis Zatlersin Bakıya səfərinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə aparılan danışıqların təmsil etdiyi dövlət üçün son dərəcə mühüm əhəmiyyətini vurğulayaraq münasibətlərimizin inkişafından məmnunluğunu bildirmişdir.

Azərbaycanın son illər qazandığı uğurlara, xüsusilə regionun aparıcı dövlətinə çevrilməsinə bir dost kimi sevindiklərini deyən latviyalı nazir ölkəsinin NATO-nun və Avropa İttifaqının üzvü kimi respublikamızın beynəlxalq təşkilatlara daha sıx inteqrasiyasını, o cümlədən Dünya Ticarət Təşkilatına üzvlüyünü dəstəklədiyini və bu istiqamətdə köməyini əsirgəməyəcəyini söyləmişdir.

Kaspars Gerhards, eyni zamanda Latviyanın Avropa İttifaqının üzvü kimi öz ərazisindən Azərbaycana məhsullarını Aİ ölkələri bazarlarına çıxarmaq üçün nəqliyyat dəhlizi verməyə hazır olduğunu bildirmişdir. Komissiyanın Latviyadan olan həmsədri ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 2007-ci ilə nisbətən 60,1 faiz artmasını müsbət məqam kimi qiymətləndirməklə yanaşı, bu sahədə potensial imkanların böyük olduğunu vurğulamış, eyni zamanda yanacaq-energetika, nəqliyyat, kimya sənayesi, turizm və başqa sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin mövcudluğunu diqqətə çatdırmışdır.

İşgüzar fikir mübadiləsi şəraitində davam edən iclasda Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti - dördüncü iclasının Latviyada keçirilməsi qərara alınmışdır.

İclasın sonunda tərəflər arasında Avropa İttifaqı çərçivəsində əməkdaşlığı, iqtisadiyyat, kənd təsərrüfatı, ekologiya, metrologiya, standartlaşdırma, sənaye və energetika, nəqliyyat və tranzit, turizm, təhsil, gənclər və idman, informasiya və kommunikasiya, səhiyyə və bank sahələrini əhatə edən protokol imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən Ziya Məmmədov, Latviya tərəfdən Kaspars Gerhards imzalamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 avqust.- S. 3.