Bakıda Azərbaycan-Latviya biznes forumu

 

Avqustun 11-də "Hyatt Regency" mehmanxanasında İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Latviya biznes forumu keçirilmişdir.

Latviya Prezidenti Valdis Zatlersin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən biznes forumunda bu ölkənin turizm, təhsil, telekommunikasiya, infrastruktur, maliyyə, tikinti və digər sahələri təmsil edən müəssisələrdən 75, Azərbaycan tərəfdən isə müvafiq sahələrdə fəaliyyət göstərən təqribən 120 sahibkar iştirak etmişdir.

Tədbirdə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, müxtəlif sahələrdə həyata keçirilən layihələr, sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər barədə qonaqlara ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, son beş ildə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə artmışdır. Dünyadakı qlobal maliyyə böhranına və bır sıra xarici ölkələrdə iqtisadi artım templərinin enməsinə baxmayaraq, 2009-cu ilin birinci yarısında ÜDM 3,6 faiz, qeyri-neft sektorunda 4,1 faiz artım olmuşdur. Ölkədə 35 min yeni iş yeri açılmışdır ki, onlardan da 25 mini daimidir.

Nazir demişdir ki, dünyanın ən nüfuzlu maliyyə institutlarından sayılan Dünya Bankının dərc etdiyi sonuncu hesabata görə, Azərbaycan 181 ölkə arasında 97-ci yerdən 33-cü yerə yüksəlmiş, biznes mühitinin yaxşılaşdırılması üzrə dünyada lider ölkə adını qazanmışdır. Belə mühüm nailiyyətlər isə respublikanın iqtisadi və sosial həyatında son illərdə islahatların aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq müstəvidə əldə edilən uğurlar və s. nəticəsində mümkün olmuşdur.

Azərbaycan və Latviya arasında iqtisadi əlaqələrdən danışan Ş.Mustafayev bildirmişdir ki, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanlar vardır və iş adamları bu imkanlardan geniş istifadə etməlidirlər.

Biznes forumunda Latviyanın iqtisadiyyat naziri Artis Kampars və İnvestisiyalar və İnkişaf Agentliyinin direktoru Andris Ozols son illər ölkələrində əldə edilmiş nailiyyətlər haqqında, dövlətlərimiz arasındakı siyasi, mədəni, iqtisadi əlaqələr, mövcud ticarət dövriyyəsi və bu sahədə inkişaf perspektivləri barədə məlumat vermişlər.

AZPROMO-nun prezidenti vəzifəsini icra edən Fəridə Axundova və Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev ölkəmizdə investisiya mühiti və biznes imkanları, Azərbaycan iqtisadiyyatı, həmçinin xarici iş adamları üçün yaradılmış imkan və perspektivlər barədə danışmışlar.

Biznes forumu hər iki ölkə prezidentinin iştirakı ilə davam etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 avqust.- S. 3.