Heydər Əliyev Fondunun dəstəyi ilə istirahət düşərgəsi təşkil olunmuşdur

 

Avqustun 1-dən Heydər Əliyev Fondunun dəstəyi ilə Lənkəran şəhərinin "Qafqaz Sahil" istirahət mərkəzində sosial qayğıya xüsusi ehtiyacı olan, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqların psixo-sosial reabilitasiyası üçün istirahət düşərgəsi təşkil olunmuşdur.

Düşərgədə əlil, Qarabağ müharibəsi əlili, məcburi köçkün və qaçqın ailələrindən, valideyn himayəsindən məhrum, şəkərli diabet xəstəliyindən əziyyət çəkən iki və daha çox uşaqlı ailələrdən olan 30 uşağa 4 həkim-diabetoloq, 5 müəllim və 2 psixoloq xidmət göstərir.

Uşaqlar maraqlı ekskursiyalarda və təbiət qoynunda gəzintilərdə olmuş, Lənkəran şəhərinin tarixi guşələrinə səyahət etmişlər. Düşərgədə uşaqlar müxtəlif idman yarışları və əyləncəli oyunlar keçirmiş və sosial-psixoloji yardım almışlar.

Diabetli uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. Fondun dəstəyi ilə "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində ölkədə diabet xəstəliyindən əziyyət çəkən 14 yaşınadək uşaqlar 2004-2009-cu illər ərzində müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.

İstirahət avqustun 15-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 avqust.- S. 3.