Milli Məclisdə türkiyəli gənclərlə
görüş keçirildi
Avqustun 11-də ölkəmizdə
səfərdə olan Türkiyənin Karabük şəhər
Gənclər Mərkəzinin bir qrup üzvü Milli Məclisdə
olub. "Heydər Əliyev" xatirə zalı və Milli Məclisin
iclas zalı ilə tanışlıqdan sonra qonaqlar parlamentin
Sosial siyasət komitəsinin üzvləri ilə
görüşüblər. Komitənin sədri Hadi Rəcəbli
Milli Məclisin fəaliyyəti, qanun
yaradıcılığı, ölkəmizdə həyata
keçirilən gənclər siyasəti, uşaq və gənclər,
eləcə də gənc ailələr ilə bağlı qəbul
olunmuş qanunlar barədə qonaqlara ətraflı məlumat
verib. Bildirilib ki, Azərbaycan dövləti gənclərə
daim diqqət və qayğı göstərir. Bu gün Azərbaycanda
mövcud olan 40 mindən çox məktəbin 20 mindən
çoxu yaxın illər ərzində əsaslı təmir
olunmuş, yeni məktəb binaları tikilmiş, təhsil
ocaqları müasir avadanlıq və kompüterlə təmin
olunmuşdur. Gənclərin asudə vaxtlarının səmərəli
təşkili, ölkədə idmanın inkişafı da
daim diqqət mərkəzindədir. Son bir neçə il ərzində
ölkəmizdə 19 idman kompleksi, gənclər
üçün təlim məşq meydançaları
tikilib istifadəyə verilmişdir. Bu gün Azərbaycanda
80-dən çox gənclər təşkilatı var ki,
onların da hamısı normal fəaliyyət göstərirlər.
Görüşdə
nümayəndə heyətinin rəhbəri Ayxan Çağ
deyib ki, türkiyəli gənclərin səfərinin əsas
məqsədi azərbaycanlı gənclərlə əlaqələri
inkişaf etdirməkdir. Bu gün Türkiyənin 81 bölgəsindən
gənclər təşkilatları qardaş Azərbaycan gəncləri
ilə dostluq etmək niyyətindədirlər.
Görüşdə,
xüsusilə vurğulanıb ki, gənclər arasında əlaqələrin
inkişafı həm də Azərbaycan-Türkiyə
qardaşlığının daha da möhkəmlənməsinə
xidmət edir. Bu birlik ortaq problemlərimizin, xüsusən də
erməni terroru və təcavüzünün
qarşısının alınmasında və həllində,
əsl həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında mühüm əhəmiyyət
kəsb edir.
Türkiyəli gənclərin
Azərbaycana səfəri "İRƏLİ" İctimai
Birliyinin həyata keçirdiyi "Türkiyə-Azərbaycan
gəncləri dostluq düşərgəsi" layihəsi
çərçivəsində baş tutmuşdur. Onlar
avqustun 12-də Lənkərana gedəcək, bölgə ilə
yaxından tanış olacaqlar.
Azərbaycan.- 2009.- 12 avqust.- S. 3.