Düzgün kadr siyasəti dövlət idarəçiliyinin mühüm istiqamətidir

 

Azərbaycan XX əsrin sonlarında öz müstəqilliyini yenidən bərpa etməklə dünya dövlətləri sırasında özünə layiqli yer tutdu. Lakin dövlət müstəqilliyinin ilk illərində ağır problemlərlə üzləşdi. Yeni yaranmış dövlətin quruculuq prinsiplərinin müəyyən edilməsi zəruriliyi meydana gəldi. 1995-ci ildə ümumxalq səsverməsində Heydər Əliyev zəkasının məhsulu olan Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və bununla da demokratik, sivil, hüquqi dövlətin əsası qoyuldu.

Azərbaycan Respublikasının Konstitusiyası sivil dünyada qəbul edilmiş normaya uyğun olaraq hakimiyyətin üç hissəyə bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin ümumi prinsiplərini də müəyyən etdi. Beləliklə, Azərbaycanda demokratik dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasına start verildi. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Hüquqi İslahat Komissiyası yaradıldı. Müstəqil dövlətin öz qanunvericilik bazasının formalaşması prosesi başlandı. Komissiya üzvlərinin qarşısında qoyulmuş məqsəd - Azərbaycanda Avropa və dünya ölkələrinin hüquq sisteminə tam uyğun olan sistemin yaradılması olmuşdu.

Yeni Konstitusiya əsasında qəbul edilmiş mühüm normativ hüquqi aktlardan biri 21 iyul 2000-ci il tarixdə qəbul edilmiş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunudur.

"Dövlət qulluğu haqqında" qanun aşkarlıq, şəffaflıq və müsabiqə əsasında qulluğa qəbul üzrə Avropa standartlarına uyğun qaydaların tətbiq olunmasını nəzərdə tutur. Qanunun başlıca məqsədi cəmiyyətin dövlət qulluğuna etimadını doğrultmaqdan ibarətdir. Bu qanuna sonradan - 2001-ci il 13 fevral tarixli və 2002-ci il 2 iyul tarixli Azərbaycan Respublikası qanunları ilə müəyyən dəyişikliklər edilmişdir. Qanun qəbul edildikdən ötən müddət ərzində onun tətbiqi mexanizmini yaratmaq üçün daha 8 qanun və 20-dən artıq fərmanla müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, Dövlət Qulluğu İdarəetmə Şurasının tərkibi müəyyənləşdirilmiş, dövlət qulluğunun bütün əsas cəhətlərinin qanunvericilik yolu ilə tənzimlənməsi təmin edilmişdir. Dövlət qulluğunun daha da təkmilləşdirilməsi prosesi indi də davam etməkdədir.

2003-cü ilin avqustunda "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu" təsdiq edildi. Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiq edilməsi, dövlət qulluqçularının müsabiqə əsasında seçilib yerləşdirilməsi, onların ixtisas hazırlığının artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Həm də bu sahədə neqativ hallarla mübarizə məqsədilə Korrupsiyaya qarşı Mübarizə Komissiyası da formalaşdırılmışdır.

Ulu öndər Heydər Əliyev gənclərin əmək fəaliyyətinə, dövlət idarəetmə işlərinə cəlb olunmasına, hökumət orqanlarında irəli çəkilməsinə böyük diqqət yetirir və onlar üçün öz bacarıqlarını reallaşdırmaq üçün şərait yaradılmasını zəruri hesab edirdi. İstedadlı gənclərin üzə çıxmasında, onların idarəçilik vərdişləri qazanmasında gənclər təşkilatlarının da böyük rol oynadığı danılmazdır. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış Yeni Azərbaycan Partiyasında da gənclərin intellektual qabiliyyətlərindən və yaradıcılıq enerjisindən səmərəli istifadə etmək qarşıya qoyulan əsas vəzifələrdəndir. Ümummilli lider yeniləşən Azərbaycan cəmiyyətinin xoşbəxt gələcəyinin gənclərlə bağlı olduğunu bildirməklə bu sahədə mühüm addımlar atmışdır. Heydər Əliyev bildirmişdi: "YAP XXI əsrin və III minilliyin partiyasıdır, buna görə də gənc kadrlarımız üzə çıxmalı, təcrübə toplamalı və Azərbaycanı irəli aparmalıdırlar..." YAP xalqımızın xoşbəxt gələcəyi naminə tarixi fəaliyyətini davam etdirməkdədir.

İdarəetmədə zəngin biliyi və təcrübəsi olan ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması idi. Dövlət idarəçiliyində beynəlxalq təcrübə ilə yanaşı, yerli xüsusiyyətlərin də nəzərə alınmasını tövsiyə edən ulu öndər 1999-cu il 3 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradıldı. Bu gün də uğurla fəaliyyət göstərən akademiyanın qarşısında duran əsas vəzifə dövlət strukturlarını dövrün tələbləri səviyyəsində idarə edə biləcək, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlamaq, həmçinin mövcud kadrların, məmurların ixtisasının artırılmasından ibarətdir.

"İnsan kapitalı" prinsipinin bütün dünyada geniş tətbiq olunduğu bir dövrdə bütün sahələrdə, xüsusilə də dövlət idarəçiliyində güclü milli kadr ehtiyatlarının olmasının zəruriliyi və bu sahədə peşəkar insan ehtiyatının hər bir ölkənin sərvəti hesab edilməsi faktdır. Bu baxımdan düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. Uğurlu kadr siyasəti, həmçinin kadrların seçilməsinin effektiv və şəffaf mexanizmlərinin inkişafı bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini də tələb edir. Eyni zamanda, dövlət idarəçiliyi sferasının spesifikliyini nəzərə alaraq, burada təcrübə varisliyi prinsipi ilə yanaşı, yaradıcı təkamül, novatorluq, çeviklik prinsipləri də əhəmiyyətini artırır və bütün dünyada müvafiq sahədə işin qurulmasında nəzərə alınır. Ölkəmizdə ictimai həyatın bütün sahələrində olduğu kimi dövlət idarəçiliyində də ədalətli və aşkarlıqla həyata keçirilən kadr siyasəti cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Layiqli mütəxəssislərin bilik və təcrübəsindən nəinki dövlətin inzibati idarəetmə aparatı, o cümlədən cəmiyyət bəhrələnir və ölkənin rifahı və inkişafı üçün yaradılmış dövlət qurumlarının qarşısında qoyulmuş vəzifələrə uğurla nail olunmasında açar rolunu oynayır. Düzgün kadr siyasəti dövlət idarəçiliyində səmərəliliyin artırılmasında da müstəsna rol oynayır. Belə ki bu, istər qərarların qəbulu, istərsə də icra prosesində fəaliyyətin keyfiyyətini müəyyən edən amildir. Dövlət orqanları tərəfindən məqsədəuyğun şəkildə aparılan kadr siyasəti bütövlükdə ictimai həyatın şəffaflaşdırılmasında da böyük rol oynayır. Digər tərəfdən bu, kadrların rotasiyasının aşkar mexanizmlərini, ümumilikdə dövlət idarəçilik sisteminin funksionallığını artırır.

Heydər Əliyev ideyalarını uğurla həyata keçirən, zəngin siyasi təcrübəyə və intellektə malik Prezident İlham Əliyev Azərbaycanın siyasi həyatında yeni təfəkkürün və fəaliyyət tərzinin formalaşmasına nail olmuşdur. Ölkə başçısı Azərbaycan gənclərinin IV forumunda proqram xarakterli çıxışında gənclərin sabaha olan inamını daha da artırmışdır: "Gənclər irəliyə daha inamla getməlidirlər, müvafiq dövlət, hökumət orqanlarında gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır. Çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir".

 

 

Jalə AXUNDOVA,

Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının magistrantı

 

Azərbaycan.- 2009.- 12 avqust.- S. 3.