Türkiyə ilə Naxçıvan
arasında qaz kəmərinin çəkilməsinə
dair anlaşma memorandumu imzalanmışdır
AzərTAc xəbər
verir ki, Türkiyənin İğdır vilayəti və
Naxçıvan Muxtar Respublikası arasında təbii qaz kəmərinin
inşasına dair anlaşma memorandumu imzalanmışdır.
Türkiyənin enerji və
təbii ehtiyatlar naziri Taner Yıldız bildirmişdir ki, tərəflər
arasında bu kəmərlə İğdıra ildə
yarım milyard kubmetr qaz nəqlinə dair anlaşma memorandumu
da imzalanacaqdır. Türkiyənin BOTAŞ şirkəti və
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu layihənin
texniki, kommersiya və hüquqi detalları ilə bağlı
danışıqlar aparacaqlar. Sentyabr ayında bu şirkətlərin ekspertləri Ankarada görüşəcəklər.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev isə demişdir ki, Türkiyə və Azərbaycan arasında qazın tranzit qiymətlərinə dair yekun nəticə əldə olunmaq üzrədir. "Şahdəniz" yatağının ikinci fazasından hasil ediləcək qaz Türkiyə ərazisindən Avropaya nəql olunacaq. İlkin hesablamalara görə, bu yataqdan 318 milyard kubmetr qaz hasil olunacaq. Lakin 2012-ci ildən etibarən ikinci fazanın başlanması ilə bu rəqəm 706 milyard kubmetrə çatacaq.
Taner Yıldız Naxçıvana səfərinin yekunlarına dair jurnalistlərlə müsahibəsində demişdir ki, səfərin məqsədi Azərbaycan ilə qaz sazişinin detallarını müzakirə etmək, habelə Naxçıvanla yaxından tanışlıq və muxtar respublikanın tələblərini öyrənmək idi.
Azərbaycan.- 2009.- 12 avqust.- S. 4.