Beynəlxalq Gənclər Günü qeyd edilmişdir

 

Avqustun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının akt zalında 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə toplantı keçirilmişdir.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Vüqar Mürsəlov, YAP Səbail gənclər birliyi sədrinin müavini Mehman İsmayılov, rayon icra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi rəisinin müavini Aydın Yusifov və digərləri çıxış edərək Beynəlxalq Gənclər Gününün yaranma tarixindən, respublikamızda gənclərə göstərilən hərtərəfli diqqət və qayğıdan danışmış, onları təbrik etmişlər.

Bildirilmişdir ki, BMT Baş Məclisinin qərarı ilə hər il qeyd edilən Beynəlxalq Gənclər Günü gənclərin potensialını qiymətləndirmək, onların nailiyyətlərini təbliğ etmək və öz yaşıdları arasında dəyişikliklər naminə fəal hərəkata cəlb etməyin münasib yollarını axtarmaq baxımından olduqca əhəmiyyətlidir.

Vurğulanmışdır ki, hələ əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərə dövlət qayğısı yüksəlir, ölkəmizin gələcəyi naminə gənc kadrların yetişdirilməsinə, onların bacarıq və istedadlarının üzə çıxarılmasına xüsusi fikir verilir, əsaslı təhsil islahatı nəticəsində yeniyetmə və gənclərin elmə axını güclənir.

Toplantının sonunda 2009-cu ildə müxtəlif sahələrdə fərqlənən bir qrup gəncə, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) buraxılış redaktoru Şahin Cəfərova fəxri fərman təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 avqust.- S. 5.