"Artromed"
tibb mərkəzində
yeni səhiyyə xidmətləri təklif olunur
Dinamik templə
inkişaf etməkdə olan Azərbaycanda sosial məsələlərin
həllinə dövlət tərəfindən daim xüsusi diqqət
yetirilməkdədir. Bu məqsədlə proqramlar həyata
keçirilməkdə, ən müasir tələblərə
cavab verən sosial infrastruktur yaradılmaqdadır.
Səhiyyə sisteminin inkişafı xüsusi diqqət
mərkəzindədir
Sosial sahədə diqqəti
cəlb edən məqamlardan biri də ölkəmizdə yeni
səhiyyə obyektlərinin inşa olunmasıdır. Həm
dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən
görülən məqsədyönlü işlər sayəsində
Azərbaycanda müasir texnologiyalarla təchiz edilmiş səhiyyə
obyektlərinin inşası isə əhaliyə səhiyyə
xidmətinin daha da yüksəldilməsində, əvvəllər
yalnız xaricdə müalicəsi mümkün olan bir
çox xəstəliklərin artıq ölkəmizdə də
uğurla dəf edilməsində mühüm rol
oynamışdır. Özü də müasir standartlara cavab
verən səhiyyə müəssisələri təkcə
paytaxt Bakıda yox, ölkəmizin müxtəlif regionlarında
da tikilib istifadəyə verilmişdir. Buna misal olaraq Bərdə
Diaqnostik Mərkəzini, Göygöl Rayon Mərkəzi Xəstəxanasını,
Naxçıvanda yeni inşa olunmuş doğum mərkəzini
və digərlərini göstərmək olar.
Bütün bunlar bir
daha göstərir ki, Azərbaycanda səhiyyənin
inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi
daim diqqət mərkəzində saxlanılır. Prezident
İlham Əliyevin təşəbbüsü ilə bu sahədə
həyata keçirilən tədbirlər Azərbaycan səhiyyəsinin
işinin daha yaxşı təşkilinə geniş imkanlar
açıb. Xatırladaq ki, hələ ötən il
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında səhiyyənin
maliyyələşdirilməsi sisteminin islahatı və icbari
tibbi sığortanın tətbiqi Konsepsiyası"nın təsdiq
edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama
əsasən, ölkədə səhiyyə sisteminin maliyyələşdirilməsinin
yeni iqtisadi əsasları yaradılmış, bu sahənin
idarə olunması daha da təkmilləşdirilmiş, əhaliyə
göstərilən tibbi xidmətin keyfiyyəti daha da
yaxşılaşdırılmışdır. Həmçinin
ölkəmizdə səhiyyə sisteminin yenidən
qurulmasını, əhalinin sağlamlığının
daha yaxşı təşkilini, bu sahəyə yeni, müasir
tibb avadanlıqlarının tətbiqini və yeni kadr
potensialının hazırlanmasını özündə əks
etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini
də yüksəldib.
Bronxial astmanın duzla müalicəsi
Azərbaycanda səhiyyənin
sürətlə inkişafında vacib məqamlardan biri də
bu sahədə özəl sektorun fəaliyyəti
üçün müvafiq şəraitin yaradılması və
onlara verilən dəstəkdir. Elə bunun nəticəsidir
ki, özəl tibb müəssisələrinin də xüsusi
çəkisi artmaqda və onlar tərəfindən əhaliyə
yüksək tibbi xidmətlər təklif olunmaqdadır.
Belə səhiyyə
obyektlərindən biri olan "Artromed" tibb mərkəzi
isə əhaliyə göstərilən xidmət növlərində
imza atdığı bir sıra yeniliklərə görə fərqlənir.
Bu tibb mərkəzi yenicə istifadəyə verilməsinə
baxmayaraq, artıq əhali arasında yaxşı
tanınır və bunu sözügedən müəssisəyə
müraciət edənlərin sayının kifayət qədər
çox olması da təsdiqləyir.
Tibb mərkəzinin
açılışı cari il iyunun 1-də, yəni
uşaqların beynəlxalq müdafiəsi günündə
baş tutub ki, bu da təsadüfi deyil. "Artromed" tibb mərkəzinin
baş həkimi Elçin Kazımovun sözlərinə
görə, bu səhiyyə obyektində göstərilən
xidmətin bir çoxu bilavasitə uşaqlara yönəldilib.
Uşaqlarda bronxial astma ilə əlaqədar yaranan problemlər,
astmatik komponentlər, uşaq əyripəncəliyinin
müalicəsi, uşaq onurğa sütunun stabilləşməsi
və s. ilə bağlı məhz bu tibb mərkəzində
yüksək xidmət təklif olunur. Elə bu səbəbdən
də "Artromed" tibb mərkəzinin
açılışı uşaqların beynəlxalq
müdafiəsi günündə həyata keçirilib.
Xətai rayonu, Gəncə
prospekti 34 ünvanında yerləşən bu tibb mərkəzinə
daxil olarkən diqqəti ilk cəlb edən ümummilli lider
Heydər Əliyevin büstünün qoyulduğu müasir
zövqlə bəzədilmiş foyedir. Buradakı səliqə-sahman,
mərkəzə müracəit edənlərin
rahatlığı üçün yaradılan şərait
elə ilk baxışda xidmətin səviyyəsinin yüksək
olmasından xəbər verir. Mərkəzin müxtəlif təyinatlı
tibb otaqları da yüksək səviyyədədir və
müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur.
Elçin Kazımov qeyd
etdi ki, tibb mərkəzinin açılışı
zamanı onları maraqlandıran əsas məqamlardan biri əhaliyə
yeni növ xidmətlərin göstərilməsi olub. Bu
istiqamətdə görülən işlər sayəsində
isə "Artromed" tibb mərkəzi indiyə qədər
ölkəmizdə göstərilən səhiyyə xidmətləri
sırasına bəzi yeniliklər də əlavə edib. Bunun
nəticəsidir ki, onurğa ilə bağlı bütün
problemlərin həll edilməsi üçün
"Artromed" tibb mərkəzində hər cür şərait
yaradılıb və müvafiq avadanlıqlar
quraşdırılıb. Mərkəzdə
quraşdırılmış balans aparatı vasitəsilə
onurğa sütununda yaranan bütün problemlər
kompüterdə tam aşkar olunur.
Bronxial-astma və
allergik xəstəliklərin müalicəsi məqsədilə
də bu tibb mərkəzində yeni metoddan istifadə olunur. Bunun
üçün Avstriya texnologiyası əsasında
xüsusi duz otağı yaradılıb. Otağın
döşəməsi Naxçıvandan gətirilən duzla
örtülüb, divarlara yenə də təbii duzdan
hazırlanan plitələr döşənib. Duz
otağında bir müalicə seansı 40 dəqiqə
çəkir. Həmin müddət ərzində xəstənin
vaxtını xoş keçirməsi üçün otaqda
televizor da quraşdırılıb. Kənarda
quraşdırılan aparat vasitəsilə Avstriyadan gətirilən
duzlar xəstənin olduğu otaqda hava vasitəsilə
dövr etməyə başlayır və beləliklə, xəstə
duzla nəfəs alır. Belə müalicə üsulu isə
bronxial-astma xəstəliklərinin aradan
qaldırılmasında mühüm rol oynayır.
Allergik xəstəliklərin
müalicəsi üçün hidrokolonoterapiyadan da geniş
istifadə olunur. Həmçinin bağırsaq xəstəliklərinin
müalicəsi, bağırsaqların təmizlənməsi
üçün burada yüksək tibbi xidmət göstərilir.
Yuxu laboratoriyası, möcüzəli Şərq Rəsul
hamamı
Tibb mərkəzində
tətbiq olunan yeniliklərdən biri də yuxu
laboratoriyasıdır. Təcrübə təsdiq edir ki, bir
sıra xəstəliklərin gündüz vaxtı və ya xəstənin
həkimə müraciəti zamanı yaşadığı həyəcan,
gərginlik və digər səbəblər üzündən
yaşadığı xəstəliyin dəqiq diaqnozunun təyin
edilməsində çətinliklər meydana çıxır.
Lakin xəstə yuxuda olarkən onun beyin, ürək,
qan-damar, əzələ sisteminin funksiyaları sərbəst
vəziyyətdə öyrənilir və bu zaman mövcud
problemlər daha dəqiq və asanlıqla müəyyən
olunur. Bu mənada yenilik kimi tətbiq olunan yuxu laboratoriyası
xəstəliklərin aşkar edilməsində mühüm
rol oynayır. Özü də burada xəstə hər
hansı yuxugətirici dərman vasitəsilə yox, təbii
şəkildə yuxuya gedir və bunun üçün yuxu
laboratoriyasında müvafiq şərait yaradılıb.
Artıq çəkidən
xilas olmaq istəyənlər, həmçinin sümük-əzələ
sistemində yaranan problemlərdən əziyyət çəkənlər
də "Artromed" tibb mərkəzinə müraciət
edə bilərlər. Bu məqsədlə tibb mərkəzində
quraşdırılan termovanna özəlliyi ilə xüsusi
diqqət cəlb edir. Belə ki, içərisində nə
su, nə də digər maye olmamasına baxmayaraq, bu termovannada
arıqlamaq, eləcə də sümük-əzələ
sistemində yaranan problemlərdən xilas olmaq
üçün lazımi proseduru almaq mümkündür.
Əsəb, gərginlik,
sinir sistemi, oynaq xəstəlikləri və orqanizmdə digər
problemlərin aradan qaldırılması, bədənin
yumşalması, hətta astmanın müalicəsi
üçün burada xüsusi quraşdırılmış
Şərq Rəsul hamamı ilk baxışda əsl Şərq
nağıllarını xatırladır. Burada yaradılan
fonu izləyərkən bir anlığa özünü Şərq
ölkələrində, Şərq ecazkarlığında
hiss edirsən. Tavanda ulduz şəklində düzülmüş
işıqlar hamama xüsusi gözəllik verir. Şərq
üslubunda inşa edilən hamamda xüsusi düzəldilmiş
yerdə yandırılan təbii otlardan çıxan
müalicəvi xarakterli tüstü və buxar bütün
hamamı bürüyür. Hər dörd dəqiqədən
bir buxar avtomatik olaraq öz-özünə dəyişir. Bununla
yanaşı, xəstənin üstünə müəyyən
müalicəvi palçıq da çəkilir. 16 dəqiqə
sonra isə hamamda quraşdırılan xüsusi
şırnaqlardan müalicə olunan şəxsin üzərinə
sanki tropik yağış yağır və xəstənin
üzərindəki palçıq tam yuyulur.
Saç tökülməsinin səbəbləri
kompüter diaqnostikası ilə öyrənilir
Keçirilmiş
insultların qalıqlarının müalicəsi
üçün müxtəlif mexanoterapiya, fizioterapiya
üçün də tibb mərkəzində müasir
avadanlıqlar quraşdırılıb və yüksək səviyyədə
masaj xidməti göstərilir.
Manual terapiyaya isə Azərbaycanda ilk dəfə olaraq
hazırda "Artromed" tibb mərkəzinin baş həkimi
kimi fəaliyyət göstərən Elçin Kazımov
başlayıb. 1986-cı ildən belə terapiyaya
başladığını bildirən baş həkim xəstələrin
istəyinə uyğun olaraq manual terapiyadan istifadə
olunduğunu qeyd edir.
Baş həkimin
müavini Çinarə xanımın sözlərinə
görə, saçların tökülməsinin
qarşısını almaq və yaranan problemləri həll
etmək məqsədilə tibb mərkəzi xüsusi
kompüter avadanlığı alıb. Burada müasir
texnologiyanın köməyilə xəstənin saç
qatlarında, baş dərisində yaranan problemlər
aşkar olunur. Kompüter vasitəsilə həmin xəstəliyin
diaqnostikası və hansı səbəblərdən
yaranması müəyyən olunur. Xəstələrdə
hormonal dəyişikliklərlə bağlı saç
tökülməsi və ya saçın dibində müxtəlif
yaraların əmələ gəlməsi kimi xəstəliklər
də mezoterapiya vasitəsilə aradan qaldırılır və
hələlik bu müalicə üsulu yalnız
"Artromed" tibb mərkəzində tətbiq olunur.
Tibb mərkəzində
müasir laboratoriya, rəqəmsal rentgen, ultrasəs müayinəsi
və rəngli doppler, arıqlama aparatları (kavitasion və
ultrabuxarlanma), lazer akupunkturası, bağırsaq xəstəliklərinin
müalicəsi üçün termatur aparatı, dartma
aparatları mövcuddur. Mərkəzdəki müasir lor
stansiyası isə burun, qulaq və boğazda gözlə
görünməyən nöqtələri də izləməyə
imkan verir. Mərkəzdə müasir standartlar əsasında
digər növ yüksək tibbi xidmətlər də həyata
keçirilir.
Tibb mərkəzində
kadr heyətinin hazırlıq səviyyəsinə də
xüsusi diqqət yetirilir. Burada xarici ölkələrdə
təhsil alan və təcrübə keçən kadrlar
çalışmaqdadır. Tibb mərkəzində əhaliyə
göstərilən yüksək tibbi xidmətin qiymətləri
də münasibdir. Elə bu səbəbdəndir ki,
"Artromed" tibb mərkəzinə müraciət edənlərin
sayı artmaqdadır.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 12
avqust.- S. 5.