Azərbaycan-Almaniya əlaqələri dinamik inkişaf edir

 

Avqustun 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan parlamentin Sədri Oqtay Əsədov dedi ki, Azərbaycan ilə Almaniya arasındakı dostluq əlaqələrinin çox qədim və zəngin tarixi var. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr yeni müstəvidə daha da sürətlə inkişaf etməyə başlamışdır. Bu günə qədər ölkələrimiz arasında 50-dən çox sənəd imzalanmışdır ki, bu da ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

Spiker Oqtay Əsədov Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin səviyyəsindən razılıqla söz açdı. Bildirdi ki, 2007-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil etmişdir. 2008-ci ildə isə ticarət dövriyyəsi 2,4 milyard dollara yaxın olmuşdur.

Milli Məclisin Sədri Oqtay Əsədov dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin də rolunu xüsusi qeyd edərək dostluq qruplarının aktiv fəaliyyət göstərdiyini bildirdi. Onun sözlərinə görə, parlamentlərarası dostluq qruplarının üzvləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Hazırda Almaniya Bundestaqının 4 deputatı Azərbaycanda səfərdədir.

Oqtay Əsədov Almaniya Bundestaqının bu ilin may ayında qəbul etdiyi Cənubi Qafqazdakı vəziyyətə dair qətnamədə ölkəmizin ərazi bütövlüyünün əks olunmasını, erməni təcavüzü nəticəsində doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların geri qaytarılmasının qeyd edilməsini yüksək qiymətləndirdi.

Almaniyanın Baden-Vürtemberq federal torpağının nümayəndə heyətinin ölkəmizə səfərinin simvolik məna daşıdığını vurğulayan parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, bu il almanların Azərbaycanda məskunlaşmasının 190 ili tamam olur. 1819-cu ildən ölkəmizdə məskunlaşan 22 mindən çox alman qonaqpərvər və tolerant Azərbaycan xalqı ilə birgə mehriban yaşamışlar.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Almaniyanın Baden-Vürtemberq federal torpağıının Baş naziri Günter Oettinger bildirdi ki, ölkəsinin siyasət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrini əhatə edən geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana səfərdə əsas məqsəd Almaniya ilə Azərbaycan arasında mövcud əlaqələri daha da genişləndirmək və inkişaf etdirməkdir. Qonaq ümid etdi ki, qarşılıqlı səfərlər və çoxşaxəli əməkdaşlıq hər iki xalqın mənafeyinə xidmət edəcəkdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 1.