Bakıda 10-cu Alman-Azərbaycan iqtisadi forumu keçirilmişdir

 

Avqustun 12-də "Park İNN- Azərbaycan" mehmanxanasında Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə 10-cu alman-Azərbaycan iqtisadi forumu keçirilmişdir.

Tədbirdə Almaniyanın Baden-Vürtemberq əyaləti tərəfdən Baş nazir Günter Oettinger, eləcə də neft-qaz, tikinti, maşınqayırma, elektronika, kimyəvi məhsullar, ətraf mühitin mühafizəsi texnikası, metalın cilalanması, kənd təsərrüfatı və yüksək keyfiyyətli məhsulların istehsalı sahələrini təmsil edən müəssisələrdən 10-dan çox iş adamı, Azərbaycan tərəfdən isə müvafiq sahələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak etmişdir.

İqtisadi forumu DAWF-nin idarə heyətinin sədri Marko Qraff açaraq Almaniya və Azərbaycan iş adamlarının son zamanlar tez-tez keçirilən görüşlərinin əhəmiyyətindən danışmış, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycanın sürətli iqtisadi inkişafı, alman şirkətlərinin, eləcə də DAWF-nin ölkəmizdəki fəaliyyəti haqqında qısa məlumat vermişdir.

Baden-Vürtemberq əyalətinin Baş naziri Günter Oettinger belə tədbirlərin iş adamları arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırmış, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnunluğunu bildirmişdir.

Əyalətlə respublikamız arasında iqtisadi əlaqələrdən danışan Baş nazir demişdir ki, bizim ticarətimizdə enerjidaşıyıcıları əsas yer tutur, Azərbaycan bu sahədə çox keyfiyyətli məhsullar təqdim edir. Əyalətin sənaye müəssisələri məhsullarını ixrac etmək üçün yeni bazarlar axtarışındadır, ona görə də onların nümayəndələri bu gün buradadır və azərbaycanlı həmkarları ilə əlaqələr qurmağa hazırdırlar. Beləliklə də yeni strategiyalar, yeni ideyalar təklif oluna bilər. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın xarici iqtisadi əlaqələrində Avropa İttifaqının, o cümlədən Almaniya ilə əməkdaşlığın genişləndirilməsinin mühüm yer tutduğunu və son illərdə bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini söyləmişdir. Bildirmişdir ki, Prezident İlham Əliyevin Almaniyaya və Almaniyanın yüksək səviyyəli dövlət rəsmilərinin Azərbaycana səfərləri çərçivəsində indiyədək iqtisadi sahədə 27 sənəd imzalanmışdır və beləliklə, tam əsasla demək olar ki, əməkdaşlığımızın etibarlı hüquqi bazası yaradılmışdır. Təqdirəlayiq haldır ki, əlaqələrimiz yalnız ticarət əməliyyatları ilə məhdudlaşmır, investisiya, maliyyə-texniki əməkdaşlığı və digər sahələri əhatə edir.

Ş.Mustafayev son dövrlərdə formalaşan yeni əməkdaşlıq sahəsinə misal kimi Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə bu yaxınlarda Azərbaycan sahibkarları arasında seçimin keçirildiyini və bu ilin sentyabrında ilk qrupun Almaniyaya ixtisasartırma kurslarına göndərilməsinin planlaşdırıldığını diqqətə çatdırmışdır. İş adamlarımızın əlaqələri də intensivləşir və son bir neçə ildə həm Azərbaycanda, həm də Almaniyada 10-dan artıq biznes forumu keçirilmiş, müxtəlif sərgilər təşkil olunmuşdur. Bu işlərin nəticəsi olaraq ölkələrimiz arasında ticarət dövriyyəsi son illərdə artmaqdadır. Lakin bütün sahələrdə müşahidə olunan müsbət dinamikaya baxmayaraq, əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə sənaye, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə ciddi sərmayələrə əsaslanan səmərəli biznes layihələrinin həyata keçirilməsi ilə bağlı böyük imkanlar mövcuddur və biz onlardan istifadə etməliyik. Bunun üçün Azərbaycanda siyasi və makroiqtisadi sabitlik, xarici investorlara bütün zəruri təminatları verən qanunvericilik bazası, davamlı olaraq sadələşən inzibati prosedurlar, əlverişli vergi və xarici ticarət rejimi, inkişaf etmiş nəqliyyat infrastrukturu, münasib iqlim şəraiti, yüksək ixtisaslı kadrlar, tamamilə təhlükəsiz ictimai asayiş - bir sözlə, münbit investisiya mühiti vardır.

Kənd təsərrüfatı naziri İsmət Abasov Almaniya hökumətinin, onun müxtəlif qurumlarının Azərbaycanda aparılan genişmiqyaslı iqtisadi islahatların, o cümlədən aqrar islahatın həyata keçirilməsində, mütərəqqi texnologiyaların aqrar-sənaye kompleksində tətbiqində yaxından iştirakını vurğulamışdır. Bildirmişdir ki, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının təşəbbüsü ilə respublikamızda "Kənd təsərrüfatında özəl təşəbbüslərin dəstəklənməsi", "İnteqrə edilmiş ərzaq təhlükəsizliyi proqramı", "Aqrar siyasət məsləhəti" və "Aqrar iqtisadiyyat sahəsində təlim və təkmilləşdirmənin, habelə Cənubi Qafqaz ölkələrində kənd yerlərinin inkişafının dəstəklənməsi" kimi layihələr həyata keçirilmişdir. Son üç ildə nazirliyin rəhbərliyi və mütəxəssisləri, həmçinin aqrar emal sahəsində fəaliyyət göstərən tanınmış iri şirkətlər Berlində keçirilmiş "Beynəlxalq Yaşıl Həftə" sərgisində, sərgi çərçivəsində təşkil olunmuş "dəyirmi masa"larda, konfranslarda, alman-Azərbaycan aqrar forumunda iştirak etmişlər.

Kənd təsərrüfatı sahəsində təhsillə bağlı əlaqələrimizdən danışan nazir diqqətə çatdırmışdır ki, 2003-cü ildən indiyədək Almaniyanın Vaynştefan Universitetinə 50 tələbə göndərilmiş, 2005-ci ildən hər il alman proqramı ilə Azərbaycan Dövlət Aqrar Universitetində "aqrar menecmenti" ixtisası üzrə mütəxəssislər hazırlanır və həmin ixtisas üzrə hazırda 109 nəfər təhsil alır.

Məlumat verilmişdir ki, 2008-ci ildə Almaniya ilə aqrar məhsulların ticarət dövriyyəsi 112 milyon 958 min ABŞ dolları təşkil etmişdir. Ölkəmizdən Almaniyaya əsasən nərə balıqlarının kürüsü, meşə fındığı, meyvə və tərəvəz şirələri, meyvələrdən hazırlanmış un ixrac edilmişdir. Respublika əhalisinin heyvandarlıq məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə Almaniyadan 763 baş südlük mal gətirilərək fermerlərə paylanmışdır.

Çıxışının sonunda İsmət Abasov bu mötəbər tədbirin Azərbaycanda aqrar istehsal və emal sənayesinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsinə, aqrobiznes sektorunun inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini bildirmişdir.

Sonra iqtisadi forum öz işini Azərbaycan və Baden-Vürtemberq iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 1, 4.