Latviya Prezidenti Valdis
Zatlers Azərbaycana rəsmi səfəri çərçivəsində
avqustun 11-də respublikamızın şimal-qərb bölgəsində
olmuşdur.
Latviya dövlətinin
başçısının respublikamızın şimal-qərb
bölgəsinə səfəri Zaqatala rayonundan
başlamışdır.
Zaqatala hava limanında
Prezident Valdis Zatlersi və xanımı Lilita Zatlereni
böyük səmimiyyətlə qarşıladılar.
Məlumat verildi ki,
Zaqatala hava limanı 2008-ci ildə Azərbaycan Prezidenti
İlham Əliyevin iştirakı ilə istifadəyə
verilmişdir. Şəhərdən 5 kilometr məsafədə
yerləşən hava limanının müasir üslubda
inşa edilmiş dördmərtəbəli binası birinci dərəcəlidir
və saatda 120 sərnişinə xidmət göstərir. Hava limanının
uçuş-enmə zolaqlarının uzunluğu
2200 metrdir.
Daha sonra Latviya Prezidenti
və onu müşayiət edən nümayəndə heyəti
avtobusla Zaqatala şəhərinin görməli yerləri ilə
tanış oldular. Bildirildi ki, Zaqatala rayonu Böyük Qafqaz
sıra dağlarının cənub yamacında, Azərbaycan
Respublikasının şimal-qərbində yerləşir. Şimaldan
Rusiya Federasiyası, cənubdan Gürcüstan ilə həmsərhəddir.
Əhalisi 118 min nəfərdir. Rayonda azərbaycanlılarla
yanaşı, ruslar, avarlar, ləzgilər, tatarlar, saxurlar, ingiloylar, ümumilikdə
20-dən çox millətin nümayəndəsi
əmin-amanlıq şəraitində yaşayır.
Ölkəmizdə həyata
keçirilən uğurlu
sosial-iqtisadi islahatlar nəticəsində Zaqatala
rayonu da sürətlə inkişaf
edir. Rayonda yeni istehsal və infrastruktur obyektləri inşa olunur. 2004-2008-ci illərdə rayonda 11100 yeni iş yeri
açılmışdır ki, onun da
7100-ü daimidir.
Sonra Latviya Prezidenti və
xanımı Zaqatalanın ən iri və qədim Tala məscidi
ilə tanış oldular. Bildirildi ki, inşasına
1903-cü ildə başlanan və 1908-ci ildə istifadəyə
verilən bu ibadət ocağı Tala kənd sakini Hacı Əhməd
əfəndinin təşəbbüsü ilə
tikilmişdir. Hacı Əhməd əfəndi məscidin
layihəsini İstanbuldan gətirtmişdir. Məscidin dam
örtüyünün materialını Bakı
milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev vermişdir. Sahəsi 2500 kvadratmetr olan məsciddə
eyni vaxtda 1000-1500 dindar ibadət edə bilir. Tala məscidi
tarixi mədəniyyət abidəsi kimi dövlət tərəfindən
qorunur.
Qonaqlar Zaqatala Olimpiya
İdman Kompleksi ilə də tanış oldular. Məlumat
verildi ki, bu kompleksin tikintisinə 2003-cü ildə
başlanmışdır. 2006-cı ildə idman kompleksinin
açılışında Prezident İlham Əliyev
iştirak etmişdir. Ərazisi 4,5 hektar olan kompleksə əsas
korpus, futbol stadionu, mehmanxana daxildir. Mehmanxana kompleksi 16 kottecdən
ibarətdir. Əsas korpusda 1200 nəfər tutumlu oyun zalı,
üzgüçülük hovuzu, məşq zalı yerləşir.
Hazırda idman kompleksinin xidmətindən 1000-dən çox
gənc istifadə edir. Burada respublika miqyaslı
yarışlar da keçirilir.
Latviya Prezidenti Valdis
Zatlers və xanımı Lilita Zatlere daha sonra Zaqatala müalicə-diaqnostika
mərkəzinə gəldilər. Qonaqlar burada xəstələrlə
görüşdü, həkimlərlə söhbət etdilər.
Mərkəzin baş həkimi Nəriman Əfəndiyev
qonaqlara məlumat verdi ki, müalicə ocağının
tikintisinə 2006-cı ildə başlanmış və
2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə
istifadəyə verilmişdir.
Mərkəzin ərazisi
1,8 hektar, binanın ümumi sahəsi isə 10 min kvadratmetrdir.
Müəssisədə 200 nəfərə yaxın tibbi heyət
çalışır. Diaqnostika mərkəzinin 6 şöbəsi
var və bu şöbələr Almaniyanın "Siemens"
firmasından alınmış ən müasir avadanlıqla təchiz
olunmuşdur. Burada Zaqatala ilə yanaşı, qonşu
rayonların əhalisinə də yüksək tibbi xidmət
göstərilir. Cari ilin may ayında burada Heydər Əliyev
Fondu və Neft Şirkətinin təşəbbüsü ilə
Mərkəzi Neftçilər Xəstəxanasının
yüksək ixtisaslı həkimlərindən ibarət
briqada 5 xəstə üzərində ilk dəfə
açıq ürək əməliyyatı
keçirmişdir.
Ali qonaq mərkəzin
işindən razılığını bildirdi.
Elə həmin gün
nümayəndə heyəti Şəkiyə yola
düşdü.
AzərTAc
Azərbaycan.- 2009.- 13 avqust.- S. 1, 2.