Qədim və müasir
Şəki Latviya Prezidentini heyran etmişdir
Avqustun 11-də Zaqatala
şəhəri ilə tanışlıqdan sonra Latviya
Prezidenti Valdis Zatlers və onu müşayiət edən şəxslər
Şəki şəhərinə gəlmişlər.
Şəki ilə
tanışlıq Azərbaycan memarlığının
şah əsərlərindən olan Xan sarayından
başladı. Qonaqlara məlumat verildi ki, Şəki xan
sarayı XVIII əsrə aid olan dünya əhəmiyyətli
nadir tarixi-memarlıq abidəsidir. Şərq
memarlığının nadir incisi hesab olunan saray Azərbaycanda
ilk müstəqil xanlığın əsasını qoyan
Hacı Çələbi xanın nəvəsi Hüseyn xan
Müştaqın dövründə, təqribən
1761-1762-ci illərdə tikilmişdir. Saray 1300 metr
uzunluğunda qala divarları ilə əhatə olunmuşdur.
Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli
sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan
vardır. Xan sarayının divar rəsmləri əsasən
həndəsi və nəbati naxışlardan ibarətdir.
Latviya dövlətinin
başçısı və xanımı sarayın
eyvanından Şəkinin qədim məhəllələrinin
mənzərəsini seyr etdilər.
Sonra qonaqlar Kiş kəndində
yerləşən alban məbədini ziyarət etdilər. Latviya
Prezidentinə və xanımına məlumat verildi ki, bu məbəd
eramızın birinci əsrində Qafqaz Albaniyasında
geniş yayılan Ay məbədinin özülü üzərində
qurulmuşdur. Kiş məbədi nəinki Qafqaz
Albaniyasında, eləcə də bütün Qafqazda təqribən
iki min il bundan əvvəl xristianlığın
yayıldığını rəmzləşdirən məşhur
tarixi abidədir. Qeyd olundu ki, əhəng daşından tikilən
bu abidə erkən orta əsrlərdə yaranan ilk gümbəzli,
zal tipli məbəddir. 2001-ci ilin may ayında burada Azərbaycan-Norveç
birgə "Kiş" layihəsi üzrə bərpa
işlərinə başlanmış, 2003-cü ilin sentyabr
ayında məbədin açılışı olmuşdur.
Layihə Norveç hökuməti tərəfindən maliyyələşdirilmiş
və məşhur alim Tur Heyerdalın dəstəyi ilə həyata
keçirilmişdir. Alimin xatirəsinin əbədiləşdirilməsi
üçün məbədin qarşısında onun
büstü ucaldılmışdır. Məbəd
tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən
qorunur.
Qonaqlar buradan bölgənin
ən iri sənaye müəssisəsi olan "Şəki-İpək"
Açıq Səhmdar Cəmiyyətinə gəldilər və
müəssisədə istehsal olunan müxtəlif ipək,
xalça, kəlağayı və digər məhsullardan ibarət
sərgi ilə tanış oldular.
Müəssisənin
baramaaçan istehsalatı və toxuculuq sexi ilə
tanış olan qonaqlara məlumat verildi ki, "Şəki-İpək"
ASC 1931-ci ildə təbii ipək sap istehsalı ilə fəaliyyətə
başlamışdır. Keçmiş SSRİ-nin ən
qabaqcıl istehsalatlarından biri olan bu müəssisə
ittifaq dağılandan sonra fəaliyyətini
dayandırmışdır. 2002-ci ildə ümummilli liderimiz
Heydər Əliyevin Şəkiyə səfərindən sonra
ulu öndərin köməyi sayəsində müəssisə
fəaliyyətini yenidən bərpa etmişdir. Müəssisədə
istehsal sexləri əsaslı şəkildə yenidən
qurulmuş, müasir texnologiyalar tətbiq edilmiş, məhsuldar
dəzgah və avadanlıq işə salınmış,
işçilərin sosial müdafiəsini gücləndirmək
üçün əlavə tədbirlər
görülmüşdür. 2008-ci ildə müəssisənin
baramaaçan istehsalatında Çin istehsalı olan 493,7 min
avro dəyərində 4 baramaaçan, 4 baramasarıyan, barama
buğaverən dəzgahlar, habelə vakuum aparatı və
laboratoriya avadanlığı
quraşdırılmışdır. Yeni dəzgahların
quraşdırılması nəticəsində sexdə əmək
məhsuldarlığı 6-7 dəfə, istehsal gücü
isə 2,5 dəfə artmışdır. Bundan əlavə,
işçilərin əl əməyi xeyli yüngülləşmiş,
buraxılan məhsulun keyfiyyəti daha da
yaxşılaşmış, dünya standartları səviyyəsinə
çatdırılmışdır.
Qonaqlara müəssisənin
iqtisadi göstəriciləri barədə məlumat
verilmişdir. Qeyd olunmuşdur ki, 2008-ci ildə müəssisədə
1270 nəfər çalışmış, 43,1 ton xam ipək,
15 ton bişmiş sap, 497 min kvadratmetr təbii ipək
parça, 105,5 min kvadratmetr güllü pambıq parça,
138,4 kvadratmetr təbii ipək xalça, 180 min 822 ağ rəngli
kəlağayı, 8128 güllü kəlağayı, 23 min
926 kip şal dəsti, təbii ipəkdən 32 min 199 şərf
və digər məhsullar istehsal olunmuşdur. İstehsal
olunan məhsulun ümumi dəyəri 4 milyon 681,9 min manat təşkil
etmişdir.
Prezident Valdis Zatlers
müəssisənin Xatirə kitabına ürək sözlərini
yazdı.
Latviya Prezidenti və
xanımı "Yuxarı karvansara" mehmanxana kompleksinin
qarşısında şəhər ictimaiyyətinin nümayəndələri
ilə söhbət etdilər. Prezident Valdis Zatlers Azərbaycana
səfərindən məmnun qaldığını və hər
iki ölkə arasında dostluq əlaqələrinin daha da
inkişaf etdirilməsinin vacibliyini bildirdi. Qeyd edildi ki, bu səfər
ikitərəfli münasibərlərdə yeni mərhələ
olacaqdır.
Sonra qonaqlar mehmanxana
kompleksi ilə tanış oldular. Məlumat verildi ki, XVIII əsrin
sonu-XIX əsrin əvvəllərində inşa edilmiş
"Yuxarı karvansara" mehmanxana kompleksi "Yuxarı
baş" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir,
ümumi sahəsi 6 min kvadratmetrdir. Karvansara Şərq
memarlıq üslubunda tikilmişdir. Kompleks 300-ə qədər
otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə
Yaxın və Orta Şərq ölkələrindən gələn
tacirlər əsasən bu karvansarada ticarətlə məşğul
olardılar. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət
göstərir.
Şəkiyə səfərini
başa çatdıran Latviya Prezidenti həmin gün Qəbələyə
yola düşmüşdür.
AzərTAc
Azərbaycan.- 2009.- 13 avqust.- S. 2.