Gözəlliklər diyarı Qəbələ ilə tanışlıq

 

Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere avqustun 12-də Qəbələ rayon Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olmuşlar.

Qonaqlara məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox eksponat mühafizə olunur. On üç ekspozisiya zalı, Heydər Əliyev xatirə otaqları, zəngin kitabxanası, şəkil qalereyası, açıq səma altında qədim daş abidələrin sərgiləndiyi meydança və 2 filialı vardır. Ali qonaq Qafqaz Albaniyasının 900 il paytaxtı olmuş qədim Qəbələ şəhərinin və onun bugünə gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketinə maraqla baxdı, aparılmış arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri ilə tanış oldu. Eksponatlar içərisində qədim Latviya əskinasları Prezident Valdis Zatlersin diqqətini cəlb etdi və o, muzeyə ölkənin yeni milli pul vahidini hədiyyə etdi.

Latviya Prezidenti muzeyin Xatirə kitabına ürək sözlərini yazdı.

Muzeydən xoş təəssüratla ayrılan Prezident Valdis Zatlers Qəbələ şəhərini gəzdi, ictimaiyyətin nümayəndələri ilə görüşərək səmimi söhbət etdi. Azərbaycana və bölgələrə səfərindən məmnun qaldığını deyən ali qonaq ölkəmizin gözəlliklər diyarı olduğunu vurğuladı.

Sonra Prezident Valdis Zatlers və xanımı Lilita Zatlere "Gilan Holdinq"in Qəbələ Konserv Zavoduna gəldilər. Qonaqlar zavodun ayrı-ayrı sexlərini, laboratoriyalarını gəzdilər, məhsulların emalı, qablaşdırılması və saxlanması prosesi ilə maraqla tanış oldular.

Məlumat verildi ki, istehsal gücünə və texnoloji avadanlığına görə Cənubi Qafqazda analoqu olmayan bu müəssisə 12 hektar ərazidə yerləşir. Zavod fasiləsiz rejimdə fəaliyyət göstərir və burada 350 nəfər daimi işçi çalışır. Müəssisədə məhsulların qablaşdırılması üçün avtomatlaşdırılmış 8 axın xətti işləyir. Bütün istehsal prosesi kameralar vasitəsilə izlənilən bu müəssisədə 30 çeşiddə məhsul buraxılır. Zavodun illik istehsal gücü 250 min tondur. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 14 xarici ölkəyə də ixrac edilir. Xarici ölkələrə hazır məhsullarla yanaşı, 15 çeşiddə yarımfabrikat da göndərilir.

Müəssisənin laboratoriyası, anbarı və məhsulların sərgisi ilə tanış olan Latviya Prezidenti dequstasiya mərkəzində müxtəlif meyvə şirələrinin dadına baxdı. Ali qonaq zavodun fəaliyyətini, məhsulların keyfiyyətini yüksək qiymətləndirdi.

Daha sonra Prezident Valdis Zatlers və onu müşayiət edən nümayəndə heyəti Qəbələ Müalicə-Diaqnostika Mərkəzinə gəldilər.

Müalicə-Diaqnostika Mərkəzinin hemodializ, anesteziologiya və reanimasiya şöbələrinə, əməliyyat blokuna, laboratoriyalarına baş çəkən Latviya Prezidentinə məlumat verildi ki, Qəbələ ilə yanaşı, ətraf rayonların əhalisinə də xidmət göstərən bu tibb ocağı kompüter şüa diaqnostikası, rəqəmsal rentgen və ultrasəs müayinə aparatları, kompüter endeskopiya, strestest, kolonoskopiya, spirometriya, elektrokardioqrafiya və digər müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Yüksək ixtisaslı həkimlərin çalışdığı bu səhiyyə ocağında xəstələrin müayinə və müalicəsi üçün son illər tibb sahəsində əldə olunan yeniliklər uğurla tətbiq edilir.

Prezident Valdis Zatlers diaqnostika mərkəzində müalicə olunan xəstələrlə görüşərək səmimi söhbət etdi. Səhiyyə ocağı ilə tanışlıqdan məmnun qaldığını bildirən Latviya Prezidenti Valdis Zatlers kollektivlə xatirə şəkli çəkdirdi.

Həmin gün Latviya Prezidenti Bakı şəhərinə qayıtdı.

 

***

Latviya Prezidenti Valdis Zatlersi respublikamızın şimal-qərb bölgəsinə səfərdə Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər müşayiət etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 2.