Latviya Prezidenti Valdis Zatlers Təzəpir məscid kompleksində olmuşdur

 

Avqstun 12-də Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Təzəpir məscid kompleksində olmuşdur.

Prezident Valdis Zatlers Təzəpir məscidi ilə tanış oldu. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ali qonağa məlumat verərək demişdir ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanmışdı. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədi ilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksini tapmışdı. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunmuşdur.

Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Yuxarı hissədə "La İlahə-İlləllah" kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin tən ortasında Qurani-Kərimdən "Nas", dairələrdə "Ayətül-kürsü", kiçik günbəzlərdə isə "Həmd" surələri həkk edilmişdir.

Bildirilmişdir ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılmışdır.

Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalına baxan ali qonaq 6 min ədəbiyyatın mühafizə edildiyi kitabxana ilə də tanış olmuşdur. Latviya dövlətinin başçısı kitabxanaya Qurani-Kərimin latış dilinə tərcümə olunmuş nüsxəsini hədiyyə etmişdir.

Prezident Valdis Zatlers burada nümayiş olunan qədim kitablara baxdı, Xatirə kitabına ürək sözlərini yazdı.

Təzəpir məscid kompleksi ilə tanışlıqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin və Latviya Prezidenti Valdis Zatlersin görüşü olmuşdur.

Görüşdə ikitərəfli münasibətlər, dini məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Ali qonağa xatirə hədiyyələri təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 3.