Azərbaycan xalçaları Latviya Prezidenti Valdis Zatlersi xanımı Lilita Zatlereni valeh etmişdir

 

Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere avqustun 12-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətdə olmuşlar.

Ali qonağa məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim el sənətlərindən biridir, xalı və xalçalarımız dünyanın bir çox muzeylərinin nadir eksponatlarından sayılır.

1996-cı ildən fəaliyyətə başlayan bu müəssisənin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülmüşdür. Naxışların incəliyi və ilmələrinin yüksək sıxlığı, tərtibatın orijinallığı ilə seçilən xalçaların istehsal prosesi beynəlxalq standartlara tam cavab verir. İplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür.

Müəssisədə toxunmuş "Şeyx Səfi" xalısı qonaqların diqqətini daha çox cəlb etmişdir.

Vurğulanmışdır ki, əsli Londonda saxlanılan və Təbriz xalçaçılıq məktəbinə aid olan 37 kvadratmetrlik "Şeyx Səfi" xalısına 9,25 milyon ilmə vurulmuşdur.

Qonaqlar toxuma prosesini maraqla izləmiş, qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxmışlar.

Latviya Prezidenti Valdis Zatlers "Azərilmə"nin Xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra çay süfrəsi arxasında Azərbaycan xalçaçılıq sənətinə dair söhbət davam etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 3.