Azərbaycan ilə Latviya arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Avqustun 12-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan ilə Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Latviya tərəfdən həmsədri, bu ölkənin nəqliyyat naziri Kaspars Gerhards ilə görüşmüşdür.

Azərbaycan ilə Latviya arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığın hazırkı vəziyyətinin və perspektiv inkişaf məsələlərinin müzakirə olunduğu görüşdə nazir Əli Abbasov son illər ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində reallaşdırılan mühüm layihələr, qazanılan uğurlar barədə məlumat vermişdir.

Hər iki ölkə prezidentinin qarşılıqlı səfərləri, o cümlədən Latviyanın dövlət başçısının Azərbaycana budəfəki gəlişi zamanı imzalanmış sənədlərin ölkələrimiz arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın sürətli inkişafına stimul verəcəyinə əminliyini bildirən Ə.Abbasov əlaqələrin genişlənməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırmışdır.

Nazir dost Latviyanı Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan Şərq-Qərb informasiya supermagistralı layihəsində fəal iştiraka dəvət etmişdir. O, bu layihənin olduqca geniş bir coğrafi ərazini əhatə edəcəyini bildirmiş, Avropa İttifaqının üzvü olan Latviyanın həmin ideyaya dəstək verməsinin Azərbaycan və digər Şərq ölkələri ilə Aİ dövlətləri arasında İKT sahəsində əlaqələrin genişlənməsinə şərait yarada biləcəyini vurğulamışdır. Ə.Abbasov, eyni zamanda, Azərbaycanın və Latviyanın informasiya texonolgiyaları ilə məşğul olan şirkətləri arasında əməkdaşlığın daha da genişlənməsi üçün real imkanların mövcud olduğunu söyləmişdir.

Kaspars Gerhards qaldırılan təşəbbüsləri, irəli sürülən təklifləri tamamilə dəstəklədiyini bildirmişdir. Avqustun 11-də Bakıda keçirilmiş hökumətlərarası komissiyanın üçüncü iclasına toxunan qonaq tədbirin yekunlarına dair imzalanmış protokolda Azərbaycan ilə Latviya arasında kommunikasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ayrıca müddəanın yer aldığını xüsusi vurğulamışdır. Demişdir ki, hazırda "Elektron hökumət"in formalaşdırılması istiqamətində fəal iş aparan Azərbaycan tərəfi bu sahədə, həmçinin elektron imza, elektron ticarət və s. sahələrdə Latviyanın təcrübəsindən yararlana bilər. Kaspars Gerhards ölkəsinin bütün sahələrdə, o cümlədən İKT sektorunda dost Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bir daha bəyan etmiş və bildirmişdir ki, bütün bu istəklər Latviyanın dövlət başçısı Valdis Zatlersin Bakıya indiki səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan danışıqlarda və tərəflərin imzaladıqları sazişlərdə öz əksini tam dolğunluğu ilə tapmışdır.

Görüşdə Azərbaycan rabitə nazirinin müavini Elmir Vəlizadə, Latviya Nəqliyyat Nazirliyi dövlət katibinin müavini Uidas Reimanis, nəqliyyat naziri ofisinin rəhbəri Emis Yarkins, "Euragate Consultinq" şirkəti idarə heyətinin sədri xanım İna Gudell çıxış edərək ölkələrimiz arasında İKT sahəsində əməkdaşlığın inkişafının zəruriliyini vurğulamaqla yanaşı, bununla bağlı rəy və təkliflərini də bildirmişlər.

Görüşün sonunda nazir Əli Abbasov Latviya tərəfinə yaxın vaxtlarda Bakıda keçirilməsi nəzərdə tutulan "BakuTel" beynəlxalq konfransına qatılmağı təklif etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 3.