Mətyu Brayzə:
"Dağlıq Qarabağa dair danışıqlar prosesi əlverişli mərhələdədir"
Mətyu Brayzə ATƏT-in
Minsk qrupunun amerikalı həmsədri kimi keçirdiyi son mətbuat
konfransında demişdir: "ATƏT-in Minsk qrupu çərçivəsində
Dağlıq Qarabağa dair danışıqlar prosesi əlverişli
mərhələdədir". Diplomat əlavə etmişdir
ki, münaqişənin tezliklə tənzimlənməsi həm
ABŞ-ın, həm də Azərbaycanın maraqlarına
uyğundur. Brayzə vurğulamışdır ki, onun həmin
vəzifədə olduğu dövrdə ABŞ-Azərbaycan
münasibətləri daha da möhkəmlənmişdir.
M.Brayzə demişdir
ki, həmsədr vəzifəsində onu zəngin təcrübəyə
və yüksək peşəkar keyfiyyətlərə malik
olan bir şəxs əvəz edəcəkdir. Brayzə
vurğulamışdır ki, Prezident Obamanın
administrasiyası bu vəzifəyə yeni namizədin
münaqişə tərəflərinin hər ikisini qane etməsi
üçün lazım olan hər şeyi edəcəkdir,
çünki bu region və xüsusən Azərbaycan Birləşmiş
Ştatlar üçün strateji əhəmiyyət kəsb
edir.
M.Brayzə demişdir:
"Birləşmiş Ştatlar ilə Azərbaycan
arasında dostluq və tərəfdaşlıq münasibətləri
mövcuddur. Təhlükəsizliyin qorunması və terrorizmə
qarşı mübarizə sahələrində hər iki
ölkənin maraqları eynidir".
Amerikalı həmsədr
bildirmişdir ki, Azərbaycan Avropaya enerji nəqlinin şaxələndirilməsinin
təmin edilməsində lider ölkələrdən biridir.
AzərTAc
Azərbaycan.- 2009.- 13 avqust.- S. 4.