Qafqaz Müsəlmanları İdarəsinin XII qurultayı

 

Avqustun 12-də Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin XII qurultayı olmuşdur.

QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidinin yeni inzibati binasında keçirilən qurultayın iştirakçılarını səmimi salamlayaraq məscid kompleksinin tikintisinə və bərpasına göstərdiyi diqqətə və köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir.

Dini Elmi Şuranın sədri, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyev XII qurultayın gündəliyini elan edərək QMİ-nin son beş ildəki fəaliyyəti barədə qısa məlumat vermişdir. Qeyd edilmişdir ki, A.Paşazadənin MDB ölkələri müsəlmanları Məşvərət Şurasının sədri və YUNESKO-nun baş katibi yanında yüksək səviyyəli din xadimləri qrupunun üzvü seçilməsi ölkə rəhbərliyinin uğurlu xarici siyasəti və Qafqaz Müsəlmanları İdarəsinin nüfuzunun artması sayəsində mümkün olmuşdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının Yepiskopu Aleksandr ata, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov qurultay iştirakçılarını salamlamışlar.

Sonra ötən dövr ərzində QMİ-nin və Qazılar Şurasının, habelə təftiş komissiyasının və İslam Universitetinin fəaliyyəti haqqında hesabat məruzələri dinlənilmişdir.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinin yeni redaksiyası müzakirələrdən sonra qəbul edilmişdir.

Sonra Qazılar Şurasının və təftiş komissiyasının üzvləri seçilmişdir.

Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası elan edilmişdir.

QMİ-nin XII qurultayının iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 4.