Avqustun 12-də
Almaniyanın Baden-Vürtemberq federal torpağının
Baş naziri Günter Oettingerin başçılıq etdiyi
nümayəndə heyəti Azərbaycan Milli Elmlər
Akademiyasının Torpaqşünaslıq və Aqrokimya
İnstitutunda olmuşdur.
Qonaqların
iştirakı ilə burada "Səthlərin işlənmə
texnologiyası" Tədris Mərkəzinin
açılış mərasimi keçirilmişdir.
Mərasimdə Beynəlxalq
Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev
Azərbaycan Prezidenti İlham Əliyevin elmin və təhsilin
inkişafına daim böyük əhəmiyyət verdiyini
bildirmişdir. Azərbaycan-Almaniya əlaqələrinin əhəmiyyətini
vurğulayan professor F.Əliyev ölkələrimizin elm, təhsil
müəssisələri arsasındakı əməkdaşlığın
səmərəli olduğunu söyləmişdir. O, yeni tədris
mərkəzi barədə məlumat vermişdir.
"Səthlərin
işlənmə texnologiyası" Tədris Mərkəzi
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi,
Texniki Universitet, Beynəlxalq Ekoenergetika Akademiyası,
Memarlıq və İnşaat Universiteti və Almaniyanın
Aalen Texniki və İqtisadiyyat İnstitutu, ZEH Metalnəcibləşdirici
MMC-nin birgə layihəsi əsasında
yaradılmışdır. Layihə Almaniyanın Federal
İqtisadi Əməkdaşlıq Nazirliyi və SEQUA MMC-nin
maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Mərkəzdə
mütəxəssis və tələbələr müvafiq
sahə üzrə elmi-təcrübi tədqiqatlar aparacaqlar.
Almaniyanın
Baden-Vürtemberq federal torpağının Baş naziri
Günter Oettinger iki ölkə arasında elm və təhsil
sahələrində əlaqələrin genişlənəcəyinə
əminliyini vurğulamışdır.
Texniki Universitetin rektoru
Havar Məmmədov və digər çıxış edənlər
də yeni yaradılan tədris mərkəzinin əhəmiyyətini
diqqətə çatdırmışlar.
Sonra tədris mərkəzinin
açılışı olmuşdur.
Tədbirdə
Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer
Stançina iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 13 avqust.- S. 4.