Xəbər verdiyimiz
kimi, Lənkəran rayonundakı "Palıdlı sahil"
istirahət mərkəzində Gənclər və İdman
Nazirliyinin, "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı
ilə "Türkiyə və Azərbaycan gənclərinin
dostluq düşərgəsi" fəaliyyətə
başlamışdır. Avqustun 12-də Lənkəran Şəhər
İcra Hakimiyyətində düşərgənin sakinləri
ilə görüş keçirilmişdir.
Şəhər icra
hakimiyyətinin başçısı Süleyman Mikayılov
qonaqları salamlayaraq rayonun coğrafi mövqeyi,
iqtisadiyyatı, əhalinin məşğulluğu barədə
məlumat vermişdir. O, 2004-2008-ci illəri əhatə edən
regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramında nəzərdə tutulmuş tədbirlərə
müvafiq olaraq rayonda görülmüş işləri, həyata
keçirilən sosial yönümlü layihələri diqqətə
çatdırmışdır.
S.Mikayılov Türkiyə-Azərbaycan
dostluğunun hər iki ölkənin gəncləri tərəfindən
də uğurla davam etdirildiyini vurğulamışdır.
Görüşdə
layihənin əlaqələndiriciləri İlkiz İskəndərli
və Xaqani Fərəcov, Türkiyənin Karabük şəhərinin
gənclik və idman müdiri Ayhan Çağ layihə
çərçivəsində həyata keçiriləcək
tədbirlərin əhəmiyyətindən
danışmış, bu cür tədbirlərin iki ölkə
arasında dostluq və qardaşlıq əlaqələrinin
daha da möhkəmlənməsinə xidmət etdiyini
bildirmişlər.
Ayhan Çağ və
Süleyman Mikayılov bir-birlərinə xatirə hədiyyələri
təqdim etmişlər.
Tədbir
iştirakçıları Lənkəran şəhərindəki
Heydər Əliyev parkında xatirə şəkli çəkdirmişlər.
Azərbaycan.- 2009.- 13 avqust.- S. 4.