Xəbər verdiyimiz
kimi, Şimali Atlantika Alyansının saytında uzun müddət
nümayiş etdirilən NATO overview xəritəsində Azərbaycanın
Dağlıq Qarabağ regionunun inzibati sərhədləri
formatına görə başqa dövlətlərin sərhədlərindən
fərqlənmirdi (bax: http://usazeris.org/integrity/nato_overview%20zoomed%20incorrct.jpg).
Eyni zamanda, həmin xəritədə
Gürcüstanın və Moldovanın separatçı vilayətləri
heç bir formada qeyd edilməmişdi. Üstəlik, NATO-nun
fəaliyyətinin bəhrəsi olan Kosovonun sərhədləri
də həmin xəritədə yox idi. Hərçənd,
1999-cu ildə blokun Belqrada qarşı apardığı hərbi
əməliyyatın məqsədi bu diyarı Serbiyanın mərkəzi
hökumətinin tabeliyindən çıxarmaq və
Balkanlardakı qondarma dövlətin dünyanın bir sıra
ölkələri, o cümlədən
NATO-nun üzvləri tərəfindən
tanınmasına nail olmaq idi.
AzərTAc-ın
çıxışından heç bir sutka keçməmiş
Alyans həmin səhvi aradan qaldırmış və
düzgün olmayan xəritəni öz saytından
çıxarmışdır. Hazırda bu xəritə saytda
yoxdur. "NATO üzvləri və "Sülh Naminə Tərəfdaşlıq"
Proqramının iştirakçısı olan ölkələr"
adlı yeni xəritə həqiqi vəziyyəti əks
etdirir: http://www.nato.int/icons/map/0906memb-part-e.pdf.
Biz Azərbaycandan daxil
olmuş sorğuya konstruktiv və operativ münasibət
göstərdiklərinə görə NATO-nun əməkdaşlarına
təşəkkür edirik.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.- 2009.- 13 avqust.- S. 4.