Şəmkirdə
yarım ilin yekunları müzakirə olunarkən rayonda
iqtisadiyyatın hər sahəsinin addım-addım yüksəldiyi
qeyd edildi. Bu müddət ərzində 103 milyon manatlıq
ümumi daxili məhsul istehsal edilmişdir ki, bu da ötən
ilin müvafiq dövründəkinə nisbətən xeyli
çoxdur. Toplantıda aqrar sahədə
çalışanların zəhməti xüsusi
vurğulandı. Qeyd olundu ki, şəmkirlilər cari ildə
zəmilərdən 60 min ton taxıl yığıblar və
bu sahədə su təsərrüfatı işçilərinin
əməyi az olmamışdır. Bir ağsaqqal yaxşı
dedi ki, hər bir subartezian quyusu bir bolluq çeşməsidir.
Onları ahəngdar işlədənlərin zəhməti təqdirəlayiqdir.
Ölkəmizdə
iqtisadi tərəqqi, abadlıq-quruculuq işləri hər
yanı bürüyüb. Xüsusən son illər ən
ucqar kəndlərin belə siması kökündən dəyişib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrası çərçivəsində
Şəmkir rayonunda da çox böyük işlər
görülüb. Taxıl, kartof, meyvə-tərəvəz,
habelə maldarlıq məhsulları istehsalı bir neçə
dəfə artıb. Təkcə "Şərq ulduzu"
MMC tərəfindən 108 hektar üzüm bağı
salınıb, alman texnologiyası əsasında müasir
quruluşlu şərab zavodu istifadəyə verilib. Bundan əlavə,
Şiştəpə kəndinə 26 kilometr su xətti
çəkilib. İndi Şəmkir quşçuluq fabriki hər
yanda tanınır, "Zəyəmkəndmaş"da
müxtəlif növ məişət avadanlığı,
uşaq əyləncə karuselləri, neft qazma cihazları
istehsal olunur, Dəllərdəki "Çınqıl"
MMC-nin ustaları inşaat meydançalarına kifayət qədər
sement, qum, çınqıl və müxtəlif beton məmulatı
verir.
Bu gün rayonda
abadlıq, quruculuq işləri gözoxşayır. Neçə-neçə
bağ, park salınıb, ayrı-ayrı idarə və
müəssisələr üçün müasir
quruluşlu binalar ucaldılıb, 47 məktəb binası
tikilib. Rabitə, səhiyyə və mədəniyyət
ocaqları əsaslı təmir olunub, Heydər Əliyev
prospekti əsl seyrangaha çevrilib. Bir sözlə, hər
sahədə iqtisadi artıma xüsusi diqqət verilir. Özəl
sektor, sahibkarlıq sürətlə inkişaf edir. Elə
buna görə də ümumi daxili məhsul
istehsalının həcmi ilbəil artır. Şəmkir
taxılçıları, kartof ustaları, tərəvəzçilər,
üzümçülər hər il sahələrdən
rekord miqdarda məhsul götürürlər. Bütün bu
işlərin görülməsində heç şübhəsiz
ki, su təsərrüfatı işçilərinin də zəhməti
az deyil.
Rayonun əkin sahələri
əsasən 3 mənbədən su alır. Bunlar
Maşınlı kanal, Suvarma Sistemləri və Subartezian
Quyuları İstismarı idarələridir. Yaxın illərdə
isə dağların başında Şəmkirçay su dəryaçası
istifadəyə veriləcək və bununla təkcə Şəmkirdə
yox, eləcə də ətraf bölgələrdə təqribən
70 min hektar sahənin su təminatı yaxşılaşacaq. Bu,
hələ gələcəyin işidir. Bu günün
qayğıları isə az deyil.
Subartezian Quyuların
İstismarı İdarəsinin kollektivi sahələrin suya
olan ehtiyacının ödənilməsi üçün əllərindən
gələni əsirgəmir. Kollektiv 693 subartezian quyusuna xidmət
edir. Doğrudur, onların bir hissəsi ötən illərdəki
qayğısızlıq üzündən yararsız hala
düşmüşdür. İndi idarə həmin
quyuları tədricən həyata qaytarır. Sarıtəpə,
Seyfəli və Morul kəndlərindəki 3 quyu artıq
işə salınmışdır. Çaparlı kəndindəki
artezianda isə işlər başa çatmaq üzrədir.
Bununla yanaşı, ustalar son 6 ay ərzində 293 quyuda cari təmir
işləri aparmışlar.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" daha
böyük uğurlardan xəbər verir. Yeni proqramda Şəmkirin
iqtisadi-sosial həyatının hər sahəsi
üçün çox mühüm məsələlər
nəzərdə tutulub. Xüsusən
üzümçülüyün,
taxılçılığın, tərəvəzçiliyin,
heyvandarlığın yüksəlişi əsas diqqət mərkəzində
olacaq. Bu sahədə suvarma sistemləri işçilərinin
üzərinə böyük vəzifələr
düşür. Məsələn, sənəddə əkin
sahələrinin su təminatının
yaxşılaşdırılması məqsədi ilə yeni
subartezian quyularının qazılması nəzərdə
tutulub. Bu mühüm məsələ "Meliorasiya və Su
Təsərrüfatı" ASC-yə, deməli,
sözügedən idarəyə həvalə olunub. Təcrübəli
kollektiv bu vəzifələrin öhdəsindən gəlmək
iqtidarındadır.
İndi kollektiv yeni
Dövlət Proqramının tələbinə uyğun
mütəxəssislərin köməyi ilə suvarma sisteminə
daha çox ehtiyacı olan yerləri müəyyən edir. Cari
ilin sonuna kimi Abbaslı kəndində və Zəyəm qəsəbəsində
subartezian quyularının qazılması artıq dəqiqləşdirilib.
Taxıl
yığımı başa çatsa da, su işçilərinin
qayğıları tükənmək bilmir. Soğan, yonca,
qarğıdalı, yer fındığı sahələri
suvarılır. Hər yerdə payız əkini
üçün hazırlıq gedir. Şum təzə
başlanıb. Aratı işlək vəziyyətdə
saxlamaq lazımdır. Bütün bu işlərə nəzarət
etmək üçün operativ briqadalar yaradılıb. Ən
təcrübəli mütəxəssislər isə təmir-sazlama
işlərində çalışırlar.
Artezian quyuları
xüsusi qayğı tələb edir. Bircə gün, hətta
bəzən iki-üç saat su gəlməyəndə
narahatlıq, narazılıq yaranır. Ona görə də
idarənin nasos təmiri sexi yenidən qurulur.
Avadanlığın mühafizəsi üçün
geniş talvar düzəldilib, yanacaqdoldurma məntəqəsində
isə iş elektron sistemi ilə təşkil olunur. Bununla
yanaşı, kollektivin iş şəraitinin
yaxşılaşdırılması üçün bir
neçə yeni əlavə otaqlar istifadəyə verilib.
Bir sözlə, Şəmkirin
bütün, o cümlədən su təsərrüfatlarında
iş ahəngdar gedir. Təsərrüfat və sənaye sahələrinin
hər biri sanki bir bolluq çeşməsidir. Bu çeşmələr
gur axdıqca, heç şübhəsiz rayonun uğurları
daha çox olacaq.
Əhməd İSAYEV
Azərbaycan.- 2009.- 13 avqust.- S. 6.