Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ başlayır

 

Azərbaycanın xarici siyasət strategiyasının uğurla davam etdirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə gətirib çıxarmışdır. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artması təkcə respublikamızın malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə bağlı deyil, həm də möhkəm siyasi sabitlik, demokratik inkişaf, beynəlxalq birliyə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. Hazırda Azərbaycan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından vacib əhəmiyyət kəsb edən ölkə kimi tanınır. Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına böyük maraq göstərən ölkələrdən biri də Latviyadır.

Azərbaycan və Latviya arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri də məhz ölkələrimiz arasında tarixən formalaşmış iqtisadi əlaqələrdir. Sovetlər birliyinin süqutundan sonra bu əlaqələr qırılmış, nəticədə hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan dəymişdi. Sonradan keçmiş münasibətlərin bərpa edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Son illərdə Azərbaycan-Latviya münasibətləri yeni müstəviyə qədəm qoymuş, iqtisadi-siyasi, humanitar və texniki sahələrdə əlaqələr genişlənmişdir.

Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan vermişdir. Yüksək səviyyəli rəsmi səfərlər, aparılmış danışıqlar, ölkələrimiz arasında imzalanmış ikitərəfli sənədlər və əldə olunmuş nəticələr iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən xəbər verir.

2005-2006-cı illərdə Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi əlaqələrin hüquqi bazasının təkmilləşdirilməsi, ticarət əlaqələrinin inkişafı sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. İqtisadi sahəni əhatə edən bir sıra sazişlərin imzalanması iqtisadi əlaqələrin daha da genişləndirilməsinə münbit şərait yaratmışdır.

Latviya Prezidenti Valdis Zatlersin bu günlərdə ölkəmizə rəsmi səfəri respublikalarımız arasında əməkdaşlığın bütün sahələrdə dinamik inkişaf etdiyini göstərdi. Səfər zamanı ölkə başçıları Birgə Bəyannamə imzalamış, eyni zamanda müvafiq hökumət strukturları - "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Latviya Respublikasının Patent İdarəsi arasında sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyanın mübadiləsi haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası hökuməti və Latviya Respublikasının hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikasının hökuməti və Latviya Respublikasının hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında" sazişlər imzalanmışdır.

Azərbaycan və Latviya arasında ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyi hər iki ölkə başçısı tərəfindən xüsusilə vurğulanmışdır. Dövlət başçıları iqtisadi əməkdaşlığın ölkələrimizin potensialına uyğun inkişaf etdirilməsini vacib saymışdılar. İki ölkə arasında ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun həcminin artırılması qərara alınmışdır. Qeyd edilmişdir ki, ölkəmizdə son beş ildə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə artmışdır. Dünyanı bürümüş maliyyə böhranına və bir sıra xarici ölkələrdə iqtisadi artım templərinin aşağı düşməsinə baxmayaraq, 2009-cu ilin birinci yarısında respublikamızda ÜDM 3,6 faiz, qeyri-neft sektorunda 4,1 faiz artım olmuşdur. Dünyanın nüfuzlu maliyyə qurumu olan Dünya Bankının son hesabatında Azərbaycan 181 ölkə arasında 97-ci yerdən 33-cü yerə yüksəlmiş, biznes mühitinin yaxşılaşdırılması üzrə dünyada lider dövlət adını qazanmışdır. Bütün bu göstəricilər Azərbaycan iqtisadiyyatının yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqləmişdir. Bu da öz növbəsində respublikamızla əməkdaşlıq etmək istəyində olan ölkələrin sayının artmasına gətirib çıxarmışdır.

Latviya Prezidenti Valdis Zatlers ölkəmizə səfəri çərçivəçində Azərbaycan-Latviya biznes forumu keçirildi. Biznes foruma Latviyadan 75-dən artıq iş adamının qatılması ölkə iqtisadiyyatına böyük marağın olduğunu bir daha göstərdi. Qeyd edək ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2007-ci ilə nisbətən 60,1 faiz artmışdır. Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes forumunda bildirmişdir: "Ölkələrimiz arasında ikitərəfli əlaqələr davamlı şəkildə inkişaf edir.

Latviya Prezidentinin Azərbaycana səfəri birmənalı olaraq münasibətlərimizin gələcəkdə yeni səhifəsini açacaqdır. Biz bir sıra hökumətlərarası sazişləri imzaladıq və bununla ölkələrimiz arasında münasibətlərin qanunverici əsaslarını genişləndirdik. Təbii ki, yaxşı siyasi münasibətlərin olması iki ölkənin işgüzar dairələri üçün də bir çox sahələrdə daha səmərəli şəkildə əməkdaşlıq etməyə imkan yaradır. Ona görə iqtisadi əməkdaşlığın çox yaxşı perspektivləri vardır. Son bir neçə il ərzində bizim iqtisadi əməkdaşlıq sahəsində artıq gözəçarpan nailiyyətlərimiz olubdur. Bizim birgə qarşılıqlı ticarət dövriyyəsinin rəqəmləri o qədər yüksək deyildir. Ancaq buna baxmayaraq, yenə də addım-addım irəliləyişlər əldə olunur və ölkələrimiz arasında bu dövriyyənin həcmi artmaqdadır. Ümidvaram ki, ölkələrimizin iş adamlarının bu görüşü, ümumiyyətlə, ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəkdir".

Azərbaycan-Latviya biznes forumunun keçirilməsi ikitərəfli münasibətləri genişləndirmək istiqamətində mühüm addım sayıla bilər. Forumun təşkilində əsas məqsəd iqtisadi əməkdaşlığa mane olan problemləri aradan qaldırmaq, habelə qarşılıqlı əmtəə dövriyyəsini artırmaq üçün bir sıra zəruri işləri müəyyənləşdirmək idi. Forum çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında dinamik inkişaf edən iqtisadi əlaqələri daha da genişləndirmək üçün ciddi potensial mövcuddur.

Latviya Prezidenti Valdis Zatlers ölkəmizə səfəri zamanı respublikamızın bölgələrində də olmuş, aparılan geniş tikinti-quruculuq, abadlıq işləri, eləcə də yeni yaradılan infrastrukturlarla maraqlanmış və gördüklərindən məmnun qaldığını ifadə etmişdir. Latviya Prezidenti Azərbaycanın bölgələrinin tarazlı inkişaf etdiyini yüksək qiymətləndirmiş və düzgün iqtisadi inkişaf yolunda olduğumuzu bəyan etmişdir.

Azərbaycan Latviya ilə beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının yayılmasına və müasir dövrün digər təhdid və təhlükələrinə qarşı mübarizə sahəsində də uğurlu əməkdaşlq edir. Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti proqramı və NATO-nun Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı çərçivəsində, GUAM və Baltik dənizi Dövlətləri Şurası formatında əlaqələrimiz inkişaf edir. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsü də əməkdaşlıq üçün yeni imkanlar açmışdır və ölkələrimiz həmin imkanlardan geniş istifadə edir.

Latviya Prezidentinin ölkəmizə rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcəkdir. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın Avropa İttifaqı ölkələri ilə geniş əməkdaşlığı qarşıda daha böyük imkanlar açacaqdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 14 avqust.- S. 1.