Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq normaları prinsipləri əsasında bərpa olunmalıdır

 

Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycanın üzləşdiyi ən ağrılı problem xarici havadarlarının köməyindən və hərbi gücündən istifadə edən Ermənistanın ərazilərimizin bir qismini işğal etməsidir. Bütün dünya dövlətlərinə və siyasət adamlarına yaxşı məlumdur ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bununla bağlı əsl həqiqət dünyaya çatdırıldı, beynəlxalq təşkilatlar və dövlətlər bir-birinin ardınca ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən mövqe nümayiş etdirdilər. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə artıq beynəlxalq arenada Ermənistanın Azərbaycan diplomatiyasına məğlubiyyətini gerçəkləşdirib. Bütün bu illər ərzində dövlətimizin xarici siyasətinin ana xəttini təşkil edən əsas amillərdən biri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllidir. 1994-cü ildə atəşkəs əldə edilib, lakin həmin vaxtdan Azərbaycan hökumətinin və beynəlxalq ictimaiyyətin müxtəlif səylərinə baxmayaraq, sülhə nail olunmayıb. Düzdür, hazırda danışıqlar prosesi daha fəal, daha ümidverici şəkildə aparılır və artıq müəyyən nəticələr də var. Lakin bu, beynəlxalq hüququn normaları və yekun razılaşma üçün kifayət deyildir. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun ikinci ongünlüyündə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfəri zamanı məşhur siyasətçilərlə, diplomatlarla və mətbuat nümayəndələri ilə görüşlərində də səslənmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Avropanın tanınmış publisistləri və ictimai xadimlərinin üzv olduqları Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən görüşdə demişdir: "Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu münaqişə yalnız hüquq və beynəlxalq təşkilatların qərarları əsasında həll olunmalıdır. Ermənistan rəhbərliyi də buna hazırdır. Belə olmasaydı, onlar Moskva Bəyannaməsini imzalamazdılar. Orada aydın şəkildə deyilir ki, münaqişə beynəlxalq təşkilatların qətnamələri əsasında həll olunmalıdır. Həmin qətnamələrdə nə deyilir? Orada aydın şəkildə bildirilir ki, Ermənistan qüvvələri işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxmalıdırlar. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu barədə 4 qətnamə qəbul etmişdir. Həmçinin BMT-nin Baş Məclisinin qətnaməsi bu mövqeni dəstəkləyir. ATƏT-in, xüsusən də Lissabon zirvə görüşünün qərarlarında münaqişənin hansı yolla həll olunacağı aydın şəkildə göstərilir".

Azərbaycan Prezidenti xarici ölkələrə səfərlərində, ölkə başçıları, diplomatlar və ictimaiyyət nümayəndələri ilə görüşlərində, mötəbər yığıncaqlarda, simpozium və konfranslarda çıxışlarında, məruzə və nitqlərində həmişə bildirir ki, Azərbaycanın ərazisi bərpa edilməlidir. Ümumi ərazimizin 20 faizini təşkil edən zəbt olunmuş bütün torpaqlar erməni işğalından azad olunmalıdır. Ermənistanın etnik təmizləmə siyasətindən əziyyət çəkmiş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, dədə-baba yurdlarına qayıtmaq hüququ var.

Ermənistan ilə Dağlıq Qarabağ arasında yerüstü əlaqə, təhlükəsizlik zəmanəti və sülhməramlı əməliyyatlar kimi məsələlər ölkələrimiz arasında konstruktiv şəkildə həll oluna bilər. Yaranan sülh regiona yeni uğurlar, sosial yeniliklər, iqtisadi əməkdaşlıq və digər üstünlüklər gətirəcəkdir. Bütün bunlara görə Ermənistan işğalçı siyasətindən əl çəkməlidir. Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Əgər belə olmasa, əfsuslar olsun ki, hərb variantı istisna deyildir. Çünki Azərbaycan BMT-nin Nizamnaməsi əsasında özünü müdafiə etmək hüququna malikdir. Dünyanın istənilən digər ölkəsi kimi, Azərbaycanın da öz ərazi bütövlüyünü bərpa etmək hüququ var. Müharibəni görən insanlar yaxşı bilirlər ki, müharibə hansı fəlakətləri törədir. Müharibə gənclərin itkisi, ölümü, anaların göz yaşı, ağrı-acı faciələr deməkdir. Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, bu məsələnin sülh yolu ilə həll olunması üçün gərgin aparır. Beynəlxalq hüquq normaları beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar əsasında bu problemin həll olunmasına çalışır. Ermənilər , dünya birliyi bilməlidirlər ki, danışıqlar əbədi ola bilməz, bunun da bir həddi var. İndi müstəqil Azərbaycan dövlətinin işğal edilmiş torpaqlarını azad etmək iqtidarında olan güclü ordusu var.

Bugünkü ölkəmiz Dağlıq Qarabağın işğal olunduğu dövrdəki Azərbaycan deyil. İndi iqtisadi cəhətdən bölgənin lider dövlətinə çevrilmiş ölkəmiz, qətiyyətli Ali Baş Komandanımız var.
Azərbaycan Prezidenti Londonda Kral Beynəlxaq Münasibətlər İnstitutunda çıxışı zamanı demişdir: "2009-cu ilin reallığını gələcəyi nəzərə alaraq bəyan edirəm ki, Ermənistanla Azərbaycan müqayisə edilməzdir. Onların tam fərqli iqtisadi, siyasi vəziyyəti var əgər beş ildən, on ildən sonraya baxsanız, bu fərq daha da artacaqdır. Buna görə onlar onsuz da edəcəkləri seçimi etməlidirlər: öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdırlar. Bundan sonra biz gücdən istifadə olunmaması haqqında öhdəlik götürə bilərik".

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2009.- 14 avqust.- S. 1.