BMT-nin İrqi
ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitəsinin
Cenevrədə keçirilmiş 75-ci sessiyası çərçivəsində
avqustun 11-12-də "İrqi ayrı-seçkiliyin
bütün formalarının ləğv edilməsi
haqqında" Beynəlxalq Konvensiya üzrə Azərbaycan
Respublikasının beşinci və altıncı dövri məruzəsinə
baxılmışdır.
Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan
Prezidentinin sərəncamına uyğun olaraq, xarici işlər
nazirinin müavini X.Xələfovun başçılıq
etdiyi nümayəndə heyəti məruzənin təqdimatında
və müzakirəsində iştirak etmişdir.
Tədbirdə ölkəmizdə
insan hüquqlarının və əsas
azadlıqlarının təmin olunması üçün
yaradılmış hüquqi əsaslar, insan
hüquqlarının və əsas azadlıqlarının
qorunmasına və təşviqinin möhkəmləndirilməsinə
yönəldilmiş səylər barədə ətraflı
məlumat verilmiş, 2009-cu il martın 18-də keçirilmiş
referendumda Azərbaycan Konstitusiyasına edilmiş əlavələrin
insan hüquqları və azadlıqlarının daha da
möhkəmləndirilməsi və inkişafı
baxımından əhəmiyyəti
vurğulanmışdır.
Azərbaycan hökumətinin
irqi ayrı-seçkiliyə yol verilməməsi, milli
azlıqların hüquqlarının təminatı sahəsində
öhdəliklərin yerinə yetirilməsi üzrə
gördüyü işlər və əldə olunmuş
uğurlar komitə üzvlərinin diqqətinə
çatdırılmışdır. Eyni zamanda,
dözümlülüyün təşviq və təmin edilməsi,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquqlarının qorunması,
gender bərabərliyinin möhkəmləndirilməsi,
korrupsiyaya və insan alverinə qarşı mübarizə sahəsində
görülən işlər, eləcə də Heydər Əliyev
Fondu tərəfindən mədəniyyətlərarası və
dinlərarası dialoqun təşviqi ilə bağlı həyata
keçirilən tədbirlər, proqram və layihələr,
ölkənin sosial-iqtisadi inkişaf göstəriciləri barədə
geniş məlumat verilmişdir.
Azərbaycanın
müstəqilliyini bərpa etdikdən sonra
qarşılaşdığı çətinliklər və
problemlərdən danışılmış, Ermənistanın
Azərbaycana qarşı davam edən təcavüzü, onun
ağır nəticələri və Azərbaycan hökumətinin
qaçqınların və məcburi köçkünlərin
sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində həyata keçirdiyi tədbirlər
xüsusi qeyd edilmişdir.
Daha sonra, nümayəndə
heyətinin üzvləri komitənin ekspertlərinin məruzə
ilə bağlı suallarını cavablandırmış,
qaldırılan məsələlərlə əlaqədar Azərbaycanda
görülmüş işlərin və davamlı surətdə
göstərilən səylərin mahiyyəti və nəticələri
haqqında ətraflı şərhlər vermişlər.
Komitə üzvləri
çıxış edərək Azərbaycanın tədbirdə
yüksək səviyyədə nümayəndə heyəti
ilə təmsil olunduğunu, hesabatların mütəmadi surətdə
komitəyə təqdim edildiyini xüsusi
vurğulamışlar.
Azərbaycan hökumətinin
"İrqi ayrı-seçkiliyn bütün
formalarının ləğv edilməsi haqqında" Beynəlxalq
Konvensiya üzrə götürdüyü öhdəliklərin
yerinə yetirilməsinə ciddi yanaşması, insan
hüquqları sahəsində bütün əsas beynəlxalq
sənədləri ratifikasiya etməsi, ölkədə insan
hüquqlarının qorunmasına dair Milli Fəaliyyət
Planının qəbul olunması, insan alverinə
qarşı mübarizənin gücləndirilməsi, məhkəmə
sisteminin müstəqilliyinin artırılması,
qaçqınların, məcburi köçkünlərin və
miqrantların vəziyyətinin
yaxşılaşdırılması üçün
mühüm işlərin görülməsi, milli
azlıqların dilinin, mədəniyyətinin və adət-ənənələrinin
qorunması üçün ardıcıl tədbirlərin həyata
keçirilməsi komitə üzvləri tərəfindən
yüksək qiymətləndirilmişdir.
Müzakirələr
interaktiv dialoq formasında davam etmiş, Azərbaycan nümayəndə
heyəti başçısının yekun
çıxışı ilə başa
çatmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 14 avqust.- S. 1.