Göygöl rayonunda keçirilən "Şəhər günü"ndə Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettinger başda olmaqla nümayəndə heyəti iştirak etmişdir

 

Göygöl rayonunun 190 illiyi ilə əlaqədar "Şəhər günü" keçirilmişdir. 1819-cu ildə buraya sürgün edilmiş almanlar tərəfindən əsası qoyulmuş rayonun yubiley şənliklərində Azərbaycanda səfərdə olan Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettingerin başçılığı ilə Almaniya nümayəndə heyəti də iştirak etmişdir.

Sinələrini yubiley nişanları bəzəyən şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən qonaqpərvərliklə qarşılanan almaniyalı qonaqlar əvvəlcə almanların vaxtilə yaşadıqları Hummel küçəsindəki mədəniyyət və istirahət parkına gəlmişlər. Burada almaniyalı akkardeon çalanların çıxışlarını dinlədikdən sonra parkı gəzən qonaqlara bu istirahət guşəsində fəaliyyət göstərən "Gənclər evi" barədə ətraflı məlumat verilmişdir. Sonra qonaqlar Göygöl şəhərinin mərkəzi parkında olmuş, burada rayon ağsaqqalları ilə səmimi söhbət etmişlər. Daha sonra qonaqlar XIX əsrdə almanlar tərəfindən inşa edilmiş və keçən il Almaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə əsaslı təmir edilmiş Lüteran kilsəsinə gəlmişlər. Qonaqlar təmirdən sonra tarix və diyarşünaslıq müzeyi kimi fəaliyyət göstərən kilsədə rayonun simli alətlərdən ibarət simfonik orkestrinin və məktəblilərin xor kollektivinin çıxışlarını dinləmişlər. Həm Azərbaycan və həm də alman bəstəkarlarının əsərlərinə maraqla qulaq asan qonaqlar ansamblın üzvləri ilə maraqlı söhbətlər etmiş, xatirə şəkli çəkdirmiş, birlikdə xor ifa etmişlər.

Sonra muzeyi gəzən qonaqlar vaxtilə burada yaşamış babalarının işlətdikləri məişət əşyalarına maraqla tamaşa etmiş, həmin dövrdə onların geydikləri paltarların nümunələrinə baxmış və nümunələr qarşısında şəkil çəkdirmişlər. Burada xalq aşığının ifasında səslənən el havaları da qonaqlarda maraq doğurmuşdur.

Muzeydə vaxtilə burada yaşamış almanların siyahısının vurulacağını bildirən guşənin açılışı olmuşdur. Almaniyalı qonaqları müşayiət edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov və Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettinger açılışı bildirən rəmzi lenti kəsdikdən sonra yubiley tədbirinin iştirakçıları almanların şəhər mərkəzində inşa etdikləri binanın 2-ci mərtəbəsindən şəhəri seyr etmişlər.

Sonra tədbir iştirakçıları əsası almanlar tərəfindən qoyulan Göygöl şərab zavoduna gəlmiş, istehsal prosesini izləmişlər. Müəssisənin 15 metr dərinlikdə yerləşən zirzəmisinə düşən qonaqlar burada şampan şərablarının saxlanması texnologiyası ilə tanış olmuşlar. Müəssisənin rəhbəri Ceyhun İsmayılov qonaqlara bildirmişdir ki, zirzəmidə ilin bütün fəsillərində temperatur 14-16 dərəcə olur.

"Şəhər günü" ilə əlaqədar yubiley tədbirləri Göygöl Rayon İcra Hakimiyyətinin iclas salonunda davam etdirilmişdir. Bu münasibətlə keçirilən konfransda əvvəlcə Azərbaycan və Almaniya mütəxəssislərinin ürək sözlərindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov konfransı giriş sözü ilə açaraq yubiley şənliyində iştirak edən bütün qonaqlara rayon əhalisi adından minnətdarlığını bildirmiş və rayonun tarixindən, son illər onun daha da inkişafı naminə görülən işlərdən danışmışdır.

Milli Məclisin deputatı Rövşən Rzayev, Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina, tarixçi alim, Azərbaycanda alman kaloniyalarının tarixini araşdiran Yeva Mariya Aveh, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış edərək yaradılanda Helenondorf, indi isə Göygöl adlanan bu rayonun tarixinə iki qaçqınlıq dövrünün - 1819-cu ildə almanların, 1988-ci ildə isə Qarabağ müharibəsi qaçqınlarının taleyi yazıldığını qeyd etmiş və əmin olduqlarını bildirmişlər ki, bu problem tezliklə öz həllini tapacaqdır. Gündən-günə çiçəklənib inkişaf edən Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətləri dilə gətirən natiqlər bunu dövlətimizin başçısının apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi kimi dəyərləndirmişlər.

Sonra Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettinger çıxış edərək iki ölkə arasında yaranmış dostluq əlaqələrindən, parlamentlərdəki Almaniya-Azərbaycan dostluq qrupunun səmərəli fəaliyyətindən, eləcə də əsl beynəlmiləl ölkə olan Azərbaycanda bütün millətlər üçün yaradılan bərabərhüquqlu şəraitdən danışmış, bütün bunları öz gözləri ilə gördüyünü vurğulamışdır. Natiq belə görüşlərin davam etdirilməsinin vacibliyini qeyd edərək demişdir ki, istər mədəni və istərsə də iqtisadi əlaqələrin genişləndirilməsində belə görüşlər böyük səmərə verə bilər.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhərin əsasını qoyan insanların nəvələrinin bu gün keçirilən 190 illik yubileydə iştirakını müsbət hal kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, bu gün Azərbaycanda qorunan hər bir tarixi abidə real faktlara söykənir və dövlətimizin başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmizin tarixi olduğu kimi təqdim edilir. Göygöl rayonundakı alman mədəniyyəti xəzinəsinə daxil olan bütün abidələrin qorunub gələcək nəsillərə çatdırılması buna əyani sübutdur.

Konfransda rayon icra hakimiyyəti adından almaniyalı qonaqlara xatirə hədiyyələri verilmişdir.

Axşam "Şəhər günü" münasibətilə rayon mərkəzində respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti və atəşfəşanlıq olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 avqust.- S. 2.