Almaniyada Azərbaycanın dostlarının sayı sürətlə artır

 

Almaniyanın Azərbaycandakı səfirinin iqamətgahında bu ölkənin Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyətinin respublikamıza səfərinin yekunları ilə bağlı tədbir keçirilmişdir.

Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina nümayəndə heyətinin səfərinin və keçirdiyi yüksək səviyyəli görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Tədbirdə çıxış edən Baş nazir Günter Oettinger bildirmişdir ki, 2007-ci ildə Prezident İlham Əliyev ilə görüşündən sonra onun Azərbaycana olan marağı xüsusilə artmışdır. Nümayəndə heyətinin Azərbaycanda böyük səmimiyyət və qonaqpərvərliklə qarşılandığını deyən G.Oettinger iki gün ərzində çox əhəmiyyətli görüşlər keçirdiklərini və bu görüşlərin iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığa dair bir sıra konkret layihələrin əsasını qoyduğunu bildirmişdir. O, əlavə etmişdir ki, bu layihələrlə bağlı Baden-Vürtemberqin iqtisadiyyat, təhsil və mədəniyyət nazirlərinin gələcəkdə Bakıya səfərləri də gözlənilir.

Almaniyada Azərbaycanın dostlarının sayının sürətlə artdığını vurğulayan Baş nazir əmin olduğunu bildirmişdir ki, iki ölkə arasında əməkdaşlıq gələcəkdə daha uğurla inkişaf edəcəkdir.

Baş nazir Azərbaycana tərəqqi və rifah arzulamışdır.

Milli Məclisin deputatları, media təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri tədbirdə iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 avqust.- S. 2.