Məhkəmə sisteminin müasirləşdirilməsi
dövrün tələbidir
Ümummilli lider Heydər
Əliyev bütün varlığı ilə haqqın və
ədalətin carçısı, düzgünlüyün tərəfdarı
idi. Dürustlük, zəiflərin haqqını müdafiə
etmək, humanizm, insanpərvərlik kimi ali insani keyfiyyətlər
ulu öndərin müdrik rəhbər obrazının
qabarıq görünən cizgiləri idi. Hələ ötən
əsrin 70-ci illərində respublikaya rəhbərlik edən
Heydər Əliyevin sayəsində ali təhsil müəssisələrində
bilik yeganə meyara çevrilmiş, bir sıra nüfuzlu
ixtisaslara, o cümlədən hüquq fakültəsinə qəbul
zamanı yol verilən ayrı-seçkiliyin qarşısı
alınmış, sıravi vətəndaşların
övladlarının nüfuzlu ixtisaslara sahib olmaq yolunu
bağlayan sədlər aradan qaldırılmışdı. Eyni
zamanda, ulu öndərin uzaqgörənliyinin nəticəsi
olaraq minlərlə azərbaycanlı gənc Rusiyanın
nüfuzlu ali məktəblərində təhsil almaq,
ixtisaslı kadr kimi yetişmək imkanı
qazanmışdılar.
Ulu öndər Heydər
Əliyev Azərbaycanın minilliklərlə
ölçülən dövlətçilik tarixinin
yalnız 34 ilində ölkəmizə rəhbərlik etsə
də, bu zaman kəsiyinin mahiyyətində xalqın minilliklərlə
intizarında olduğu arzular, niyyətlər, məramlar
gerçəyə çevrilmişdir. Bu mərhələ Azərbaycanda
müstəqilliyin əbədi, dönməz xarakter alması,
sabit dövlət quruluşunun yaranması, xalqın
konstitusion haqlarına sahib çıxması, milli-mənəvi
yüksəlişə nail olması, fərdin
özünü vətəndaş olaraq dərk etməsi və
millət kimi inkişafı misilsiz tarixi prosesi əhatələyir.
Ümummilli liderin
dövlətçilik fəlsəfəsinin qayəsini təşkil
edən ən mühüm məqamlardan biri qanunun aliliyinin idarəetmə
sisteminin əsas prinsiplərindən biri kimi təsbit edilməsi
idi. Aydın məsələdir
ki, hüquqi, demokratik, dünyəvi dövlət demokratik
qanunlar əsasında yaradılmalı idi. 1995-ci il noyabrın
12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul
edilməsi ilə respublikamız hüquqi və demokratik
dövlət quruculuğu yolunda inamla
addımladığını bir daha dünyaya nümayiş
etdirdi. Azərbaycan Respublikasının Konstitusiyası
müstəqil Azərbaycan dövlətinin
inkişafının əsas istiqamətlərini müəyyənləşdirən
tarixi bir sənəd olaraq dövlətin inkişafına və
Azərbaycan xalqının rifahının
yaxşılaşmasına xidmət edən hüquqi bazaya
çevrildi. Sonrakı mərhələdə Heydər Əliyevin
iradəsi ilə qəbul olunan çoxsaylı qanunların da
kökündə məhz insan şəxsiyyətinə
hörmət amili dayanırdı. Respublikada əfvetmə
institutunun bərpası, ölüm hökmü üzərində
moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik
ləğv olunması, üçpilləli müstəqil məhkəmə
hakimiyyətinin formalaşdırılması, insan
hüquqları üzrə müvəkkil (ombudsman) institutunun
yaradılması, hüquq-mühafizə orqanlarında
dövrün tələblərinə cavab verən mütərəqqi
islahatların aparılması məhz Heydər Əliyevin qətiyyətli
addımları sayəsində gerçəkliyə
çevrilmişdir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları son 6 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirilmiş, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələləri daim ön plana çəkilmişdir. Hüquqi və demokratik cəmiyyət quruculuğunun ən başlıca şərtlərindən biri də yeni dövrün tələblərinə cavab verən hüquq islahatlarının reallaşması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin edilməsi, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır. Respublikamızda məhz bu zərurət nəzərə alınaraq ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatında bu müstəqil hakimiyyət institutunun rolunun artırılmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, hazırda respublikada ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara uyğun həyata keçirilir.
Dövlət
başçısının 19 yanvar 2006-cı il tarixdə
imzaladığı "Azərbaycan Respublikasında məhkəmə
sisteminin müasirləşdirilməsi və Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında" qanunun tətbiq
edilməsi haqqında fərman respublikada məhkəmə
hakimiyyətinin cəmiyyətdə nüfuzlu təsisat kimi təşəkkül
tapmasına yönəlmiş islahatların davamı
olmuşdur. Bu fərman məhkəmələrin fəaliyyəti
ilə bağlı narahatlıq doğuran bəzi məqamların
aradan qaldırılması baxımından əlahiddə əhəmiyyətli
sənəd olmaqla, həm də regionların hazırkı
sosial-iqtisadi inkişaf tempi ilə şərtlənmişdir. Bölgələrdə
yaşayan əhaliyə göstərilən hüquqi
yardımın səviyyəsinin yüksəldilməsi,
onların hüquq və azadlıqlarının müdafiəsi
üçün yeni məhkəmələrin
yaradılması, vətəndaşların
narazılıqlarına səbəb olan sui-istifadə,
süründürməçilik hallarının və digər
nöqsanların aradan qaldırılması, ədalət
mühakiməsinin səmərəliliyinin
artırılması və vətəndaşların məhkəmələrə
inamının təmin edilməsi, məhkəmələrə
müraciət imkanlarının asanlaşdırılması,
məhkəmələrin fəaliyyətində yeni informasiya
texnologiyalarının tətbiqi, məhkəmə
aparatlarının strukturunun və işinin daha optimal şəkildə
qurulması və digər mühüm məsələlər
fərmanın əhatə dairəsinə daxildir. Son 3 il yarımda Bakıda, Gəncədə,
Sumqayıtda, Şəkidə və Şirvanda apellyasiya məhkəmələrinin,
Naxçıvanda Ağır Cinayətlərə Dair
İşlər üzrə Məhkəmənin, Bakıda 2
saylı Yerli İqtisad Məhkəməsinin, Sumqayıt və
Şəki şəhər yerli iqtisad məhkəmələrinin
yaradılması və fəaliyyətə başlaması
sözügedən fərmandan irəli gələn vəzifələrin
reallaşdığını göstərir.
Azərbaycan Prezidenti
İlham Əliyev 2009-cu ilin may ayında Ali Məhkəmənin
yeni binasının açılış mərasimində
respublikamızda məhkəmə orqanlarının fəaliyyətinin
müasirləşdirilməsi prosesinin bundan sonra da davam etdiriləcəyini
xüsusi vurğulamışdır: "Azərbaycan dünya
birliyinə inteqrasiya yolunu seçibdir. Azərbaycan müasirləşir, zənginləşir.
Biz həm iqtisadi cəhətdən öz imkanlarımızdan
istifadə edirik. Eyni zamanda, siyasi islahatlar, məhkəmə-hüquq
sistemində islahatlar paralel şəkildə
aparılmalıdır və aparılır. Bir daha demək
istəyirəm ki, qanunun aliliyinin tətbiq edilməsi hər
bir cəmiyyətin inkişafı üçün çox
mühüm məsələdir. Eyni zamanda, hamı qanun
qarşısında bərabər olmalıdır. Heç bir
kateqoriyadan olan insanlara heç bir güzəşt edilməməlidir.
Hamı qanun qarşısında bərabərdir və
hamı qanun qarşısında öz məsuliyyətini dərk
etməlidir. Məhz o halda cəmiyyətdə tam şəkildə
ədalət bərqərar olunacaqdır".
Bütün bunlar təsdiqləyir
ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
altında başlanmış məhkəmə-hüquq
islahatlarının yeni mərhələsi ədalət
mühakiməsinin səmərəli təşkilinə, insan
və vətəndaş hüquq və
azadlıqlarının etibarlı təminatına yönəlmişdir.
Həyata keçirilən
bu islahatlar respublikamızda qanunçuluğun, hüquq
qaydalarının daha da möhkəmlənməsinə, habelə
Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin
yüksəlməsinə xidmət edir.
Nurəddin BAĞIROV,
Səbail Rayon Məhkəməsinin
hakimi
Azərbaycan.- 2009.- 14 avqust.- S. 2.