Gənc bəstəkar qayğıya görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirir

 

Qəzetimizin ötən saylarının birində "Xoş xəbər" başlıqlı bir yazı getmişdi. Yazı gənc bəstəkar Türkər Qasımzadənin klassik musiqi üslubunda yazdığı əsərlərinin Manhetten Musiqi Məktəbi kimi tanınan Nyu-York Konservatoriyasında bəyənilməsinə, dünyaca şöhrətli bu musiqi ocağında imtahanları uğurla verərək magistraturaya qəbul olunmasına həsr edilmişdi. Türkərin ABŞ-a səfəri ərəfəsində əməkdaşımız onunla söhbət etmiş, təhsil planları haqqında maraqlanmışdır.

Bu barədə danışan Türkər öz həyatında musiqi yaradıcılığı üçün çox məsuliyyətli bir mərhələ yaşadığını, vətəni Azərbaycanı layiqincə təmsil etmək və özünün peşəkarlığını artırmaq, dünya musiqi mədəniyyətindən bəhrələnmək istiqamətində qarşısında gözəl perspektivlər açıldığını bildirdi. Və qeyd etdi ki, artıq 2009-cu ildə Nyu-Yorkda keçiriləcək konsertlərdə onun altı kamera musiqisi əsərinin və orkestr üçün yazdığı iki simfonik əsərinin ifası planlaşdırılmışdır.

Türkər bütün sahələrdə olduğu kimi, Azərbaycanın gənc nəsil musiqiçilərinin inkişafına da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi qayğı və diqqətdən də danışdı. O, ABŞ-ın nüfuzlu musiqi mərkəzində təhsilinə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsən göstərdiyi qayğıdan söz açaraq "Heydər Əliyev Fondunun dəstək xəbəri məni, bütün ailə üzvlərimizi çox sevindirdi. Qəzetiniz vasitəsilə Mehriban xanım Əliyevaya öz adımdan, ailəmiz adından dərindən təşəkkür edirəm" - dedi.

Türkər Azərbaycanın görkəmli şairi, professor, Dövlət mükafatı laureatı, mərhum Qasım Qasımzadənin nəvəsi olaraq yaradıcı bir ziyalı mühitində böyümüşdür. İnanırıq ki, o, gözəl bir nəslin yaradıcılıq ənənələrinə sədaqətlə ölkəmizi, mədəniyyətimizi hər zaman şərəflə təmsil edəcək. Ona qədəm qoyduğu bu məsuliyyətli mərhələdə uğurlar arzulayırıq.

 

 

Azərbaycan.- 2009.- 14 avqust.- S. 3.