Azərbaycan vətəndaşı bp-yə rəhbərliyi
işlərin həlledici
dövründə qəbul
edir
Ölkə Prezidenti
İlham Əliyev hələ 1996-cı ildə, ARDNŞ-in
birinci vitse-prezidenti vəzifəsində çalışdığı
zaman çıxışlarının birində demişdir
ki, vaxt gələcək, ən iri neft-qaz layihələrində
işçilərin 90 faizdən çoxu Azərbaycanın
öz vətəndaşları olacaq.
bp-də də belə
deyirdilər. Dünya şöhrətli şirkət bu məqsədə
doğru addım-addım irəliləyirdi. Ölkəmizdə
bp-nin əməliyyatçılıq etdiyi neft-qaz
yataqlarının işlənməsi, hasilat və ixrac layihələrində
çalışan Azərbaycan vətəndaşlarının
sayı aydan-aya artırdı. Neft mövzusunda yazan jurnalistlər
bp-nin təşkilatçılığı ilə işlərin
getdiyi obyektlərə səfər edərkən bunun əyani
şahidi olurdular.
Səngəçal
terminalında genişləndirmə proqramı həyata
keçirilərkən tikintidə Qaradağ rayonunun ətraf
yaşayış məntəqələrinin, eləcə də
qaçqın və məcburi köçkünlərin məskunlaşdığı
"Ümid" qəsəbəsinin yüzlərlə sakini
burada özünə iş yeri tapmışdı.
Eyni mənzərə
Heydər Əliyev adına Bakı Dəniz Özüllər
Zavodunda da müşahidə olunurdu. "Azəri-Çıraq-Günəşli"
yataqları üçün platformalar inşa olunan zaman burada
işçilərin 80 faizdən çoxu Azərbaycan vətəndaşları
idi.
Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən
xətt boyu kənd və bölgələrin sakinləri
işə cəlb olunmuşdular. bp-nin digər obyektlərində
- Bibiheybətdəki ATA ("Azfen-Tekfen-AMEK")
tikinti-quraşdırma sahəsində, Zığda,
"Şahdəniz" üçün inşa edilən
TPC-500 platformasının tikildiyi ərazidə də belə
idi. İşçilərin 70-75 faizi, bəzən daha
çox hissəsi yerli sakinlərdən ibarət olurdu.
Layihələri həyata
keçirən mütəxəssislər arasında da Azərbaycan
vətəndaşlarının sayı getdikcə
artırdı. bp-nin qarşıya qoyduğu aydın məqsəd
və götürdüyü uğurlu start onunla nəticələndi
ki, artıq yerli vətəndaşlar şirkətin rəhbərliyində
özlərinə yer tutmağa başladılar. Baş
mütəxəssislər, şöbə müdirləri,
platforma menecerləri vəzifəsinə azərbaycanlı
mütəxəssislər irəli çəkildilər. Nəhayət,
bir neçə il əvvəl "bp Azərbaycan"
şirkətinin vitse-prezidenti vəzifəsini ölkəmizin
öz vətəndaşı icra etməyə başladı.
Bu, Rəşid Cəmil
oğlu Cavanşirdir və indi o, "bp Azərbaycan"
şirkətinin prezidenti təyin olunub. Gələn ayın
1-dən R.Cavanşir öz yeni vəzifəsinin icrasına
başlayacaq.
Rəşid Cavanşir
bu vəzifədə TNK-bp-nin baş əməliyyat direktoru təyin
olunmuş Bill Şreyderi əvəz edəcək. O, "bp Azərbaycan"
şirkətinə rəhbərlik edən ilk Azərbaycan vətəndaşı
olacaq. R.Cavanşirin rəhbərlik edəcəyi işlər
bp-nin Azərbaycan və Gürcüstandakı bütün fəaliyyətindən,
həmçinin Türkiyədəki ixrac əməliyyatlarından
ibarət olacaq. Şirkət Azərbaycan vətəndaşının
rəhbər vəzifəyə təyin edilməsini
özünün milli kadrlarla bağlı planının
uğurlu nəticəsi hesab edir. Bu planın əsas məqsədi
yerli işçilərin inkişafına şərait
yaratmaqla fəaliyyətin bütün sahələrində
onların rəhbər vəzifələri tutmasına nail
olmaqdır.
bp-nin axtarış-kəşfiyyat
və hasilat üzrə baş icraçı direktoru Əndi
İnqlis belə deyir: "Rəşid bu vəzifəyə Xəzərlə
bağlı dərin geoloji və texniki bilgilərini və
ötən 14 il ərzində bp-dəki təcrübəsindən
toplanmış geniş biznes perspektivini gətirir. O, bp-nin Azərbaycandakı
işlərinə rəhbərliyi elə həlledici bir vaxtda
öz üzərinə götürür ki, irəlidə
"Şahdəniz"in işlənməsinin ikinci mərhələsi
durur, həmçinin "Şəfəq" və
"Asiman" strukturlarının axtarış-kəşfiyyat
işləri də hələ qabaqdadır".
Rəşid Cavanşir
vitse-prezident kimi Azərbaycan, Gürcüstan və Türkiyədə
bp-nin bütün qurudakı əməliyyatlarına,
Bakı-Tbilisi-Ceyhan neft kəməri, qaz ixrac edən Cənubi
Qafqaz Boru Kəməri və "Şahdəniz" layihəsinə,
xüsusilə onun ikinci mərhələsinin həyata
keçirilməsi ilə bağlı işlərə rəhbərlik
edirdi.
Xatırladaq ki, onun bp-də
müxtəlif vəzifələrdə 14 illik iş təcrübəsi
var. İndiyədək R.Cavanşirin tutduğu vəzifələr
bunlar olub: "Amoko Kaspian Si" şirkətinin
axtarış-kəşfiyyat işləri üzrə
direktoru, "İnam" əməliyyat şirkətinin
prezidenti, "Şahdəniz", "İnam" və
"Araz-Alov-Şərq" üzrə Hasilatın Pay
Bölgüsü sazişlərinin prezidenti, Londondakı
Qlobal Biznes Mərkəzində bp qrupu strategiyasının
işlənməsi üzrə rəhbər, Aberdində
(Şotlandiya) bp-nin Şimal dənizinin cənub hissəsindəki
əməliyyatları üzrə vitse-prezidenti, "BTC
Ko" şirkətinin prezidenti, "bp Azərbaycan"
şirkətinin qurudakı əməliyyatları üzrə
vitse-prezidenti.
Rəşid Cavanşir
həmçinin beynəlxalq miqyasda tanınmış alimdir. O,
200-dən artıq elmi əsərin müəllifi,
geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan
MEA-nın müxbir üzvüdür.
Rəşid Cavanşir
həmçinin beynəlxalq səviyyədə biznes rəhbərliyi
və idarəçiliyi üzrə də ixtisaslaşıb. O,
ABŞ-ın tanınmış Dyuk və Rays universitetlərinin
və Harvard Biznes Məktəbinin yüksək səviyyəli
biznes rəhbərləri üçün nəzərdə
tutulmuş proqramlarını bitirib.
Hazırda bp-nin Azərbaycandakı
ofislərində, eləcə də hasilat və ixrac obyektlərində
əsasən azərbaycanlılar çalışır. Bu
işlərə məhz Azərbaycan vətəndaşının
rəhbərlik etməsi isə daha çox söz deyir:
mütəxəssislərimizin zəngin təcrübəyə
malik neft ölkəsinin övladları olduğunu təsdiqləyir,
ən müasir dünya standartları səviyyəsində layihələri
həyata keçirməyi, hətta bu işlərə rəhbərlik
etməyi bacardıqlarını sübut edir.
F.SADIQLI
Azərbaycan.- 2009.- 14
avqust.- S. 4.