Quba ədəbi mühiti

 

Böyük mütəfəkkir Abbasqulu Ağa Bakıxanov tərəfindən 1835-ci ildə təməli qoyulan "Gülüstan" adlı ədəbi məclis Quba ədəbi mühitinin başlanğıcı oldu. Bu məclisin əhatə dairəsi A.Bakıxanovun rəhbərliyi altında inkişaf edərək Rusiyadan tutmuş bir sıra Avropa ölkələrinə qədər genişlənmişdi. Bu əlaqələrin nəticəsi nəinki Azərbaycanda, eləcə də bütün Şərqdə ilk dramaturq qadın Səkinə xanım Axundzadənin, Mirzə Möhsün Xəyalinin, Xaltanlı Tağının, Xınalıqlı Əminin, Baba Buduqinin, Hacı Qubalının, Yetim Eminin, Süleyman Stalskinin və digər saz-söz ustalarının yetişməsinə gətirib çıxarmış, milli ədəbiyyatın və mədəniyyətin zənginləşdirilməsinə böyük töhfələr vermişdi.

Ədəbiyyat və mədəniyyət tariximizin bir sıra mənalı və maraqlı səhifələri bilavasitə Quba ilə bağlıdır. 1830-cu ildə Tiflisdə Azərbaycan türkcəsində 300 nüsxə ilə çap olunan "Tatar-əxbari" qəzetinin Qubada 30-dan artıq abunəçisi vardı. Bu qəzetin bölgədə yayılmasına Qafqaz canişinliyinin dəftərxanasında tərcüməçi işləyən Abbasqulu Ağa Bakıxanov şəxsən kömək göstərirdi. 1873-cü ildə qubalı mülkədar Abdulla Ağa (A.Bakıxanovun qardaşı) Həsən bəy Zərdabiyə "Əkinçi" qəzetini nəşr etdirmək üçün 1000 manat pul göndərmişdi.

Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı ilə apardığımız söhbətdə də məhz bu bölgənin ədəbi mühitinin tarixinə və bugününə toxunuldu. Bəllidir ki, 1500 ildən artıq tarixi olan Qubanın zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, ecazkar coğrafi mövqeyi var. Şahdağdan Xəzərədək uzanan bir ərazidə məskunlaşan zəhmət adamları yerüstü və yeraltı sərvətlərə, Fətəli xan cəngavərliyinə, A.Bakıxanov mütəfəkkirliyinə malikliyi ilə fərqlənmiş, ən başlıcası isə, qədim təfəkkür mərkəzlərindən biri olması bölgədə yeni bir ədəbi qurumun yaranmasını zərurətə çevirmişdi. Bölgə yazarlarına düzgün və sağlam istiqamət vermək, onların qayğısına qalıb yaratdıqları ədəbi nümunələri respublika mətbuatında, efirdə işıqlandırmaq, bir sözlə, saf və ədəbi ədəbiyyat düşərgəsi yaratmağın məqamı gəlib çatmışdı. Bu səbəbdən də 1993-cü ildə Qubada Ramiz Qusarçaylının təşəbbüsü və rəhbərliyi ilə "Ay işığı" ədəbi məclisi yaradıldı. Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən və Dəmirqapı Dərbəndi təmsil edən istedadlı qələm sahibləri bu işığa üz tutdu və onun nuruna bürünərək maraqlı əsərlər yaratdılar. Məhz bu məclisin yaradılması sayəsində bölgə yazarları bir araya gələrək ədəbi əlaqələrin coğrafiyasını günbəgün genişləndirməyə nail oldular. Nəticədə bölgə yazarlarının imzası tezliklə respublikanın jurnal və qəzetlərində göründü, yaradıcılıqları efirdə səsləndi.

"Ay işığı"nın şöləsi getdikcə daha da gurlaşırdı. Azərbaycanın görkəmli sənət və elm xadimləri, şairləri tez-tez buraya dəvət olunur, bölgə yazarları ilə görüşləri keçirilirdi. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Söhrab Tahir, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Ələkbər Salahzadə və başqaları tez-tez "Ay işığı"nın qonağı olurdular. Bu yaradıcılıq ünsiyyətinin nəticəsi həqiqətən çox uğurlu oldu. Məclisin yaratdığı təzə səs, təzə nəfəs Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən görüşə qədər yol gəldi. Xalq yazıçısı Anar öz çıxışında dedi: "Bu ədəbi məclisin üzvlərinin əksəriyyəti Azərbaycan Yazıçılar Birliyinə qəbul olunmağa layiqdir. Odur ki, onlar yavaş-yavaş bizim sıralarımıza qatılacaqlar".

Bölgədə ədəbi mühitin bu şəkildə canlanması Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin təşkil edilməsinə gətirib çıxardı. 1994-cü ildə AYB rəhbəri Anarın xeyir-duası və bilavasitə rəhbərliyi ilə "Ay işığı" ədəbi məclisinin bazası üstə birliyin bölgə bölməsi yaradıldı. Yeni quruma sədr şair Yusif Həsənbəy təyin edildi. Bölmənin fəaliyyəti uğurla davam etdi. Şimal bölgəsində yaşayan istedadlı yazıçıların üzə çıxarılmasında, onların əsərlərinin müzakirə edilərək çap olunmasında səmərəli işlər görüldü. Eləcə də Dərbənd yazıçıları ilə ünsiyyət, ardıcıl əlaqələr daha da genişləndi. Xalq şairi Söhrab Tahir çıxışlarının birində demişdi: "Qubada ədəbi mühitin səviyyəsi o qədər yüksəkdir ki, burada fəaliyyət göstərən qələmdaşların sorağı Dərbənddən, Bakıdan və qonşu Türkiyədən gəlir. Ədəbi qüvvələrin daha da mükəmməl fəaliyyət göstərmələri üçün onların bir yerə toplaşaraq müxtəlif janrlar üzrə müzakirələr aparmaları üçün müxtəlif ədəbi dərnəklər də yaradılaraq inkişaf etdirildi. İlk misrasını pıçıldayan 6 yaşlı Orxan Xalid oğlundan tutmuş 75 yaşlı Şövkət Tacibəyə kimi qubalı yazarların hamısı onlara göstərilən diqqətdən ruhlanaraq ədəbi mühitin daha da parlaq olmasına çalışdılar. Onların imzaları təkcə qəzet və jurnal səhifələrində görünmürdü. Həm də "Quba" Xeyriyyə Cəmiyyətinin sədri professor Vaqif Arzumanlının yaxından köməyi sayəsində dörd toplu işıq üzü gördü. Bu toplularda Dərbənd, Xaçmaz, Dəvəçi, Qusar, Siyəzən və Qubada yaşayan ədəbi qüvvələrin yaradıcılığı geniş şəkildə əks olundu. Qubalı ziyalılar milli ədəbiyyatımızın zənginləşməsində, öyrənilməsində və təbliğində öz xidmətlərini bu gün də davam etdirirlər.

Azərbaycan MEA-nın müxbir üzvü, professor Azad Nəbiyevin Qubanın folklor nümunələrinin toplanıb yayılmasında, professorlardan V.Arzumanlının, N.Qəhrəmanlının, Ş.Fazilin, T.Mustafazadənin, T.Rüstəmovun, Q.Cavadovun, Q.Qeybullayevin, C.Xəlilovun, İ.Babayevin, V.Piriyevin və başqalarının Quba ədəbi mühitinin və tarixi keçmişinin incəliklərinə qədər təhlil edilib gələcək nəslə çatdırılmasında gördükləri iş təqdirəlayiqdir.

2002-ci ildə AYB sədri Anar və xalq şairi Qabil bölmənin qonağı oldular. Onların bu gəlişi həqiqətən də Quba ədəbi mühitinə yeni bir ruh gətirdi. Bu dəfə keçirilən yığıncaqda Ramiz Qusarçaylı Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinə sədr seçildi. Bölmədə Qubadan Dərbəndə qədər bir ərazidə yaşayan soydaşlarımız arasında boy göstərən ədəbi istedadlar üzə çıxarılır, onların yaradıcılıq nümunələri toplanılaraq çap etdirilir. İmzası respublika oxucularına tanınan Bəxtiyar Ərşad, Zakir Məmməd, Zərifə, Məhbubə Hidayətqızı, Cəlaləddin, Şövkət Tacibəy, Kərim Dünyamalı, Naməddin Mirzəxanlı, Mixail Yaqubov AYB-yə üzv qəbul olundular. Qərib Əşkarinin, Aybəniz Əliyarın, Afaq Səmanın, Səyyad Sərrafın, Gülarə Aydının və başqalarının ilk kitabları işıq üzü gördü. Onlarca qələm sahibinin şeir və hekayələri ardıcıl olaraq mətbuat səhifələrində dərc edilərək oxucuların ixtiyarına verildi.

AYB-nin Quba bölməsində Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Mehdi Hüseynin, Osman Sarıvəllinin, eləcə də xalqımızın klassik irsini təmsil edən böyük zəka sahiblərinin yubileyləri qeyd edilərək yerli "Qütb" və "Xəyal" telekanallarında nümayiş etdirildi. Bölmədə vaxtaşırı olaraq yerli müəlliflərin kitabları və yeni yaradıcılıq uğurları müzakirəyə çıxarılır.

Bu illər ərzində bölgədə yaşayıb-yaradan AYB üzvlərindən dünyasını dəyişənlər də oldu. Amma onlardan nişanə qalan ədəbi nümunələr unudulmadı. Bölmənin qayğısı nəticəsində müxtəlif toplularda və kitab şəklində çap edilərək oxuculara çatdırıldı.

Uzun illər Quba ədəbi mühitinə nur saçmış, eləcə də bölmənin yaradılmasında potensial ədəbi qüvvə rolunu oynamış "Ay işığı" məclisinin 15 yaşı tamam olur. Bu münasibətlə ədəbi məclisin yubileyinə geniş hazırlıq işləri gedir. Eləcə də bölgə yazarlarının əsərlərindən ibarət "Ay işığı-15" adlı almanax da çap olunmaq üzrədir.

Həqiqətən də AYB-nin Quba bölməsi çox fəal yaradıcılıq axtarışındadır. Qurum azsaylı xalqların, etnik qrupların kompakt halda yaşadığı bir ərazidə öz yaradıcılıqları ilə dostluğa, qardaşlığa, ən başlıcası isə bütün azərbaycançılıq ənənələrinin qorunmasına xidmət edir. Bölmənin rəhbəri Ramiz Qusarçaylı özü bir neçə kitabın müəllifidir, 2009-cu il üzrə Prezident təqaüdçüsüdür. Şeirləri Türkiyədə, Rusiyada, Ukraynada, Dağıstanda və digər ölkələrdə dərc edilir. Bu il 50 yaşı tamamlanan qələm yoldaşımıza hələ 17 yaşında olarkən xalq şairi Osman Sarıvəlli "Qusarçalyı" təxəllüsünü vermiş, yaradıcılığı barədə mətbuatda maraqlı məqalə ilə çıxış etmişdir.

Bu gün böyük məhəbbət və vətənpərvərliklə qələm dostlarını, istedadlıları, ədəbiyyata maraq və sevgisi olanları başına yığaraq onlara həqiqi mənada ağsaqqallıq edən Ramiz Qusarçaylı böyük poetik dünyaya malik, gözəl şeirlərin, poemaların müəllifi olan söz adamıdır. Onun çapdan çıxmış bir neçə kitabını vərəqlədikcə şairin misralardan boylanan vətəndaşlıq ürəyinin arzu və istəklərini duyduq. "Azərbaycan bayrağı" adlanan şeirindən nümunə gətirdiyimiz misralarda müəllifin kimliyi aydındır:

 

Sənsən Azadlıq eşqim, sənsən Hürr, - deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 14 avqust.- S. 5.