Azərbaycanda insan hüquqları etibarlı
şəkildə qorunur
Müasir dünyanın
maddi və mənəvi həyatının ən mühüm
nailiyyətləri sırasında yer alan insan
hüquqlarının təmini, qorunması demokratik inkişaf
yolu seçən hər bir dövlətdə daim prioritet
xarakter daşımaqdadır. Ötən əsrin son onilliyində
yenidən dövlət müstəqilliyi qazanan Azərbaycanda
da insan hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir.
Düzdür, müstəqilliyin ilk illərində ölkəni
idarə edən qüvvələrin təcrübəsizliyi, bəzi
hallarda şəxsi mənafeyin ön plana keçməsi və
bu qəbildən olan digər amillər nəticəsində
insan hüquqlarının qorunması sahəsində də
problemlər özünü göstərirdi.
Lakin 1993-cü ildə
ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra Azərbaycan əsl müstəqilliyini
əldə etməklə yanaşı, insan
hüquqlarının təmini, inkişaf etdirilməsi,
qorunması sahəsində mühüm nailiyyətlərə
imza atdı. Məhz
ümummilli liderin hakimiyyətə qayıdışı ilə
ölkəmizdə hüquqi dövlət quruculuğuna
başlandı, söz, fikir və mətbuat
azadlığı etibarlı şəkildə təmin edildi,
insanların sərbəst toplaşmasına, öz fikirlərini
azad ifadə etmələrinə şərait yaradıldı,
digər demokratik prinsiplərin cəmiyyətdə təşəkkül
tapması dövlət siyasətinin əsas istiqamətlərindən
birinə çevrildi, bu sahədə demokratik prinsiplərə
tam cavab verən qanunvericilik bazası yaradıldı.
Söz və fikir
azadlığının təmin edilməsini 1995-ci ildə qəbul
edilən Konstitusiya da hüquqi baxımdan təsdiqlədi. Ümummilli lider Heydər Əliyevin
bilavasitə rəhbərliyi ilə hazırlanan və
referendum yolu ilə qəbul olunan Konstitusiyada bir sıra
normaları və beynəlxalq öhdəlikləri qabaqlayan əsas
hüquqlar və azadlıqlar təsbit olundu.
Azərbaycan
Respublikası BMT-yə üzv olduqdan sonra dünya birliyinin
tamhüquqlu subyekti kimi 120-dən artıq beynəlxalq
konvensiyaya, o cümlədən 1996-cı ildə BMT-nin
"İşgəncələrə və digər qəddar,
qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və
cəza növlərinə qarşı" Konvensiyasına
qoşuldu. Bununla
yanaşı, ulu öndər Heydər Əliyevin 1998-ci il
avqustun 6-da imzaladığı "Azərbaycan
Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində tədbirlər
haqqında" fərmanı ilə ölkəmizdə
senzuranın birdəfəlik ləğv edilməsi milli mətbuatımızın
tarixində ən mühüm hadisələrdən biri olmaqla
yanaşı, demokratik dövlət quruculuğu istiqamətində
ən vacib hadisələrdən birinə çevrildi. Təsadüfi
deyil ki, azad sözün təmin olunmasında tutduğu
mövqeyə və xidmətlərinə görə ulu
öndər 2001-ci ildə "Jurnalistlərin dostu"
mükafatına layiq görüldü.
1998-ci il fevral
ayının 10-da ölkəmizdə ölüm
hökmünün ləğv edilməsi ilə Azərbaycan
bütövlükdə Şərqdə belə bir qətiyyətli
qərar verən ilk dövlət oldu. Yüksək insanpərvərliyin əyani
təcəssümü olan bu addım Azərbaycanda insan
hüquqlarına prioritet əhəmiyyət verildiyini göstərməklə
yanaşı, ölkəmizin Avropa Şurasına tamhüquqlu
üzvlüyünün reallaşmasına da əsaslı
töhfə oldu. 2001-ci ilin yanvarında Avropa Şurasına
tamhüquqlu üzv qəbul edilən Azərbaycan demokratik
dövlətlər sırasında özünə layiq yer
tutduğunu bir daha sübuta yetirərək milli qanunvericiliyin
Avropa standartları səviyyəsinə yüksəldilməsi
istiqamətində fəal addımlar atdı.
Ümummilli liderin insan
hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində
həyata keçirdiyi siyasət onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Bunu çoxlu sayda faktlardan da aydın
görmək mümkündür. Məsələn, 2005-ci ildə
Azərbaycan milli mətbuatının 130 illik yubileyinin təntənəli
şəkildə qeyd olunması, Prezident İlham Əliyevin
bu ilin aprelində imzaladığı "Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu"nun yaradılması haqqında" fərman,
dövlət tərəfindən mətbu orqanlara edilən
maddi yardımlar ölkəmizdə azad mətbuatın
inkişafına ciddi diqqət yetirildiyinə sübutdur.
Prezident İlham Əliyevin imzaladığı
çoxsaylı əfv fərmanları, eləcə də
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Milli Məclis tərəfindən elan edilən amnistiyalar da
insan hüquqlarına göstərilən böyük diqqətin
real təcəssümüdür.
İnsan hüquqları
və azadlıqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi
və bu hüquqların təmin olunması sahəsində
mühüm işlər görülmüşdür. İnsan hüquqlarının və
azadlıqlarının təmin olunması və müdafiəsi
sahəsində həyata keçirilən islahatlar, o cümlədən
yeni qanunvericilik aktlarının qəbul olunması, qüvvədə
olan qanunvericiliyin təkmilləşdirilməsi, yeni məhkəmə
sisteminin yaradılması, penitensiar sistemin Avropa
standartlarına uyğunlaşdırılması ümumi
islahatlar sistemində mühüm yer tutur.
Prezident İlham Əliyevin
2006-cı il dekabrın 28-də Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsinə dair
imzaladığı sərəncam da mühüm əhəmiyyətə
malikdir. Bu sərəncamda
Azərbaycanın müasir inkişaf dövründə
hüquqi dövlət quruculuğu və insan
hüquqlarının müdafiəsi sahəsində səylərin
gücləndirilməsi dövlət siyasətinin əsas
istiqamətlərindən biri kimi müəyyən
edilmişdir. Sərəncamda bir daha göstərilir ki, ötən
illər ərzində ölkəmiz insan hüquqları sahəsində
fəaliyyət göstərən nüfuzlu beynəlxalq
qurumlarla əməkdaşlığı inkişaf
etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində
50-dən çox sənədə tərəfdar
çıxmış və bu sahədə beynəlxalq
öhdəliklərin həyata keçirilməsində
mühüm nailiyyətlər əldə etmişdir.
Azərbaycanın yeni
inkişaf mərhələsi insan hüquqlarının
müdafiəsi sahəsində aparılan ardıcıl
islahatların davam etdirilməsini şərtləndirir. Bu səbəbdən Azərbaycan
Respublikasının normativ-hüquqi aktlarının insan
hüquqlarına dair beynəlxalq standartlara tam
uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla
yeni əməkdaşlıq strategiyasının
hazırlanması və həyata keçirilməsi, dövlət
orqanlarının fəaliyyətinin insan
hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi,
elmi-analitik işlərin stimullaşdırılması,
hüquqi maarifləndirmə işinin genişləndirilməsi,
dövlətlə vətəndaş cəmiyyəti
arasında qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi kimi vəzifələr müəyyən
edilmişdir.
Bütün bunlar Azərbaycanda
insan hüquqlarının etibarlı təminatının
xüsusi diqqət mərkəzində
saxlandığını göstərir. Prezident İlham Əliyev bununla əlaqədar
bildirmişdir: "Biz ölkəmizdə demokratiyanın,
insan hüquqlarının inkişafına və qorunmasına
çox böyük əhəmiyyət veririk.
Azərbaycan gənc,
müstəqil dövlət kimi bu sahədə çox
böyük işlər görübdür və gələcəkdə
də hələ çox işlər görülməlidir. Əlbəttə, çox
vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar
tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə
məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq
olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə
də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də
sosial islahatları davam etdirəcəyik, insan
hüquqlarının qorunması üçün
bütün lazımi tədbirləri görəcəyik".
Ümumiyyətlə,
ölkəmizdə insan hüquq və azadlıqlarının
milli qanunvericiliklə qorunması, Konstitusiyanın
üçdə iki hissəsinin insan hüquqlarına həsr
olunması, ölkəmizin bu məsələ ilə
bağlı bütün beynəlxalq konvensiyalara
qoşulması bu sahədə hər hansı ciddi problem
olmadığını deməyə əsas verir.
Azərbaycan demokratik
inkişafını əvvəlki əzmkarlıqla davam etdirməkdə,
bu sahədə əməli işlər görməkdədir.
Elə buna görə
də ölkəmiz insan hüquqlarının etibarlı təmini
və qorunması sahəsində dünyada seçilənlər
sırasındadır.
Azərbaycan.- 2009.- 15 avqust.- S. 1.