Görüşdə
spiker qonağı ölkəmizdə səfir təyin
olunması münasibətilə təbrik edərək, ona
diplomatik fəaliyyəti dövründə Azərbaycan-İran
münasibətlərinin daha da inkişaf etdirilməsi naminə
fəaliyyətində uğurlar arzuladı. Bildirildi ki,
xalqlarımız arasında mövcud olan tarixi, mədəni
bağlılıq iki ölkə arasında dostluq əlaqələrinin
gələcək inkişaf perspektivlərinə nikbinliklə
baxmağa əsas verir.
Milli Məclisin Sədri
qeyd etdi ki, iki ölkə arasında əməkdaşlığın
inkişafında dövlət başçılarının
qarşılıqlı səfərləri mühüm rol
oynamışdır. Azərbaycan ilə İran arasında
bugünədək 90-dan artıq sənəd
imzalanmışdır. İranla siyasi, iqtisadi, ticari və mədəni
əlaqələrin daha da inkişaf etdirilməsi
xalqlarımızın ümumi mənafeyinə xidmət edir. Azərbaycan-İran
Dövlətlərarası Müştərək
Komissiyası iqtisadi əlaqələrimizin inkişafına dəyərli
töhfələr verir. Bu gün kənd təsərrüfatı,
maşınqayırma, kimya, yüngül sənaye, turizm sahələrində
əməkdaşlığın daha da dərinləşdirilməsi
üçün geniş imkanlar mövcuddur.
Söhbətdə Sədr
vurğuladı ki, münasibətlərimizin inkişafında
parlamentlərarası əlaqələrin rolu
böyükdür. Təqdirəlayiq haldır ki, hər iki
ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət
göstərir. Deputatlarımızın
qarşılıqlı səfərləri, müxtəlif
beynəlxalq qurumlarda görüşləri bu sahədə əməkdaşlığın
möhkəmləndirilməsi baxımından önəmlidir.
Görüşdə Sədr
Azərbaycanın ən ağır problemi olan Dağlıq
Qarabağ münaqişəsində İranın dövlətlərin
ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığı prinsiplərinə sadiq qalaraq, BMT və
İKT təşkilatları çərçivəsində
Azərbaycanın mövqeyini dəstəkləməsini
yüksək qiymətləndirdi. Spiker ümidvar olduğunu
bildirdi ki, İran gələcəkdə də bu mövqedən
çıxış edəcəkdir.
Səmimi qəbul
üçün minnətdarlığını bildirən səfir
Azərbaycanda diplomatik fəaliyyəti dövründə
ölkələrimizarası münasibətlərin daha da
inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini
bildirdi.
Qonaq İranın Azərbaycanla
həyatın müxtəlif sahələrində əməkdaşlığa
böyük maraq göstərdiyini vurğuladı. Bildirildi
ki, bu gün iqtisadi, mədəni, humanitar sahələrdə əldə
edilmiş nailiyyətlərin gələcəkdə daha da
artırılması üçün lazımi şərait
mövcuddur.
Söhbətdə Azərbaycan-İran
əməkdaşlığının gələcək
inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin
genişləndirilməsi və tərəfləri
maraqlandıran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Milli Məclisin
Mətbuat xidməti
Azərbaycan.- 2009.- 15 avqust.- S. 2.