Maliyyə hesabatlarının auditi bu sahədə şəffaflıqla bağlı seminar-müşavirə keçirilmişdir

 

Azərbaycan Auditorlar Palatasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə "Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditi və şəffaflıq" mövzusunda seminar-müşavirə keçirilmişdir.

Sərbəst auditorlar və auditor təşkilatlarının nümayəndələri üçün təşkil edilmiş tədbirdə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov mövzunun aktuallığından və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, ölkəmizdə həyata keçirilən islahatların mühüm bir istiqaməti də iqtisadiyyatda və bütövlükdə cəmiyyətdə şəffaflığın təmin edilməsidir. Bu istiqamətdə bir sıra vacib dövlət proqramları qəbul edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi altında həmin proqramlar uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da maliyyə hesabatlarının auditi və şəffaflığın təmin edilməsi və bu sahədə beynəlxalq standartların ölkəmizdə tətbiqi məsələləri ön plana çəkilmişdir. Bununla əlaqədar Auditorlar Palatası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə bugünkü seminar-müşavirəni keçirir. Azərbaycan müəssisələri həqiqətən də dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirsə, bu istiqamətdə özlərinə layiqli tərəfdaş tapmaq üçün ilk növbədə maliyyə hesabatlarını beynəlxalq standartlara uyğun aparmalı, bunun da əsasında iqtisadiyyatımızda şəffaflığın təmin olunmasına nail olmalıdırlar.

Tədbirdə "Azərbaycan Respublikasında mühasibat uçotu qanunvericiliyi və maliyyə hesabatlarının auditi", "Səhmdar cəmiyyətlərinin maliyyə hesabatlarının cari vəziyyəti: problemlər və inkişaf istiqamətləri", "Auditor təşkilatlarında mütərəqqi mühasibat uçotu proqramlarının tətbiqi" və "Maliyyə şəffaflığının təmin edilməsində auditin rolu" mövzularında məruzələr dinlənilmişdir.

Sonda məruzələr ətrafında müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 avqust.- S. 2.