Ermənistanda xalq hakimiyyətdən narazıdır

 

Ermənistanın siyasi gündəmində hadisələr yenidən gərgin məcrada inkişaf etməyə başlayıb. Buna əsas səbəb paytaxt Yerevanda keçirilən son mer seçkilərində total saxtakarlıqlar nəticəsində məğlub olan müxalifətin yenidən hakimiyyətə qarşı fəaliyyətini aktivləşdirməsi və bu məqsədlə regionlarda görüşlərə start verməsidir.

İndi Ermənistanın müxalif düşərgəsində belə hesab edilir ki, siyasi fəaliyyətin təkcə Yerevanda yox, ölkənin müxtəlif regionlarında da genişləndirilməsinə ehtiyac var. Bildirilir ki, Yerevanla müqayisədə ölkənin regionlarında əhalinin sosial durumu daha ağır vəziyyətdədir və buna görə Serj Sarkisyan hakimiyyətindən böyük narazılıq müşahidə olunmaqdadır. Ümumiyyətlə, araşdırmalar göstərir ki, qlobal maliyyə böhranı başlandıqdan sonra Ermənistanın regionlarında vəziyyət kifayət qədər acınacaqlı xarakter alıb. İlk növbədə ona görə ki, regionlarda onsuz da az sayda olan iş yerlərinin, demək olar ki, hamısı bağlanıb və nəticədə əhalinin sosial-iqtisadi durumu daha da ağırlaşıb. Burada olan işçi qüvvəsinin, əsas etibarilə də gənclərin 80 faizindən çoxu iş dalınca xaricə, daha çox isə Rusiyaya üz tutmağa başlayıb.

Erməni sosioloq Karen Tevosyan qeyd edir ki, gənclərin ölkəni tərk etməsi əhalinin demoqrafik durumunu da ağırlaşdırır. Onun sözlərinə görə, Yerevanın özündə belə iş yerlərinin sayı məhdud olduğundan, əvvəlki kimi, gənclər dolanışıq məqsədilə xaricə üz tutmağa üstünlük verirlər: "Sonradan isə onlar ölkəyə qayıtmaqdan imtina edirlər və imkan olanda yaxınlarını da buradan aparırlar. Bu da demoqrafik duruma təsirsiz ötüşmür".

Ermənistandan xaricə iş dalınca gedənlərin sayının çoxalmasına baxmayaraq, bu da ölkənin sosial-iqtisadi vəziyyətinə müsbət mənada heç bir təsir göstərmir. Məsələ burasındadır ki, qlobal iqtisadi böhran fonunda xaricdən Ermənistana pul köçürmələrinin miqdarı əvvəlki kimi azalan xətt üzrə davam edir. Ermənistan iqtisadiyyatı və əhalinin maddi gəlirləri əsas etibarilə xaricdən asılı olduğu üçün belə vəziyyət burada yaşayışa ciddi təsir göstərir. Erməni sosioloqları özləri də etiraf edirlər ki, hazırda əhalinin maddi tələblərinin ödənilməsi baxımından ciddi problemlər mövcuddur və bu problemlərin miqyası günü-gündən genişlənməkdədir. Karen Tevosyan bununla bağlı qeyd edir: "Hətta vəziyyət o dərəcədə acınacaqlı hal alıb ki, əhali qida rasionuna ciddi dəyişikliklər etməli olub, indi daha ucuz və az kalorili ərzaq alınmasına üstünlük verilir. Bizdə olan məlumatlara görə, əhalinin müəyyən təbəqəsi də var ki, onlar sözün əsl mənasında sadəcə quru çörəyin ümidinə qalıblar".

Ermənistanda sosial-iqtisadi problemlər, qeyd edildyi kimi, ölkənin regionlarında özünü daha qabarıq şəkildə büruzə verməkdədir və burada bəzi bölgələrin əhalisinin hətta aclıq təhlükəsilə üzləşmək ərəfəsində olduğu bildirilir. Bu vəziyyətdən istifadə etməyə çalışan ölkənin əsas müxalif qüvvələri regionlarda da özlərinə daha geniş dəstək qazanmaq məqsədilə silsilə görüşlərə start veriblər. Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ohanesyan bunu ölkədə yeni siyasi mərhələnin başlanması kimi dəyərləndirir. Onun sözlərinə görə, regionlarda müxalifətin özünə geniş dəstək qazanması sonda bu düşərgənin daha radikal mövqedən çıxış etməsilə nəticələnəcək: "Aydındır ki, bu da hakimiyyətə yaxşı heç nə vəd etmir".

Erməni politoloq onu da vurğulayır ki, "Daşnaksütyun" partiyasının müxalifətə keçməsi də hakimiyyətin rəqiblərinin radikallığını artıran amildir: "Daşnaksütyun" daim radikallığı ilə seçilib.

Şübhəsiz ki, bu radikallıq indi hakimiyyətə qarşı mübarizədə də özünü büruzə verəcək. Müxalifətin digər təmsilçilərinin də radikallaşmağa doğru getməsi hakimiyyətin bu düşərgə ilə bağlı problemlərini artıracaq".

Lakin Ermənistandan gələn məlumatlarda o da vurğulanır ki, hakimiyyət özü də güc strukturları vasitəsilə ona qarşı çıxanlarla radikal formada mübarizə aparmaqda israrlıdır. Xalqın etimadını tam itirmiş Ermənistan iqtidarı yarana biləcək hər hansı təhlükənin qarşısını almaq məqsədilə indi güc strukturlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirməklə yanaşı, kriminal elementlərin xidmətindən də geniş faydalanmağa başlayıb. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bildirir ki, hakimiyyət polis sıralarına, hətta Milli Təhlükəsizlik Xidmətinə küçə cinayətkarlarını da cəlb etməyə başlayıb: "Əsas məqsəd xalqa qarşı amansız ola biləcək dəstələr formalaşdırmaqdır.

Bizdə olan məlumata görə, hakimiyyət özü üçün xüsusi killerlər dəstəsi də formalaşdırır. Bu, onu göstərir ki, Serj Sarkisyan iqtidarı istənilən vaxt xalqa yenə də qanlı divan tutmaqdan çəkinməyəcək".

Beləliklə, Ermənistanda siyasi səhnədə cərəyan edən hadisələrin yenidən qanlı toqquşmalarla müşayiət ediləcəyi şübhə doğurmur. Lakin belə hesab edilir ki, indi bu cür qanlı qarşıdurma Serj Sarkisyan iqtidarına qarşı xalqın qəzəbini daha da artıracaq ki, bu da sonda xalqın tələbilə hakimiyyətin vaxtından əvvəl istefaya göndərilməsi ilə nəticələnəcək. Əslində, Ermənistan müxalifətinin də əsas istəyi buna, eləcə də növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə nail olmaqdır. Əsas müxalif qüvvələrin cəmləşdiyi Ermənistan Milli Konqresinin regionlarda başladıqları görüşlərin fonunda duran başlıca məqsədlərdən birinin məhz bununla bağlı olduğuna dair də erməni media orqanlarında məlumatlar yayılmaqdadır.

Ermənistan Milli Konqresi nümayəndələri isə regionlara ilk səfərini Kotay bölgəsindən başlayıb. Burada ictimaiyyət qarşısında çıxışı zamanı ölkədə hakimiyyətin səriştəsizliyi üzündən yaranan ağır sosial-iqtisadi vəziyyətə toxunan sabiq prezident Levon Ter-Petrosyan qeyd edib ki, yaranan problemlərin həlli Serj Sarkisyan iqtidarının dəyişdirilməsindən keçir. Onun sözlərinə görə, problemləri həll etmək əvəzinə bu iqtidar günü-gündən daha da kriminallaşır və ölkə sırf totalitar üsullu idarəyə meyillənir. Buna misal olaraq Levon Ter-Petrosyan Ermənistanda yenə də siyasi məhbusların çoxluğunu göstərib. Onun sözlərinə görə, hakim rejim siyasi rəqiblərini həbslər, təqiblər və digər repressiv metodlarla zərərsizləşdirməyə daha çox üstünlük verir: "Ona görə də bizim həbsxanalarda siyasi məhbusların sayı kifayət qədərdir. Lakin biz mübarizəmizdən geri çəkilməyəcəyik. Bütün siyasi məhbuslar azad olunana kimi bu məsələni daim diqqətdə saxlayacağıq. Dünyada sonu olmayan heç bir dəhşət yoxdur. Ermənistanda da indiki hakimiyyətin yaratdığı dəhşətlər sona çatacaq. Bunun üçün sadəcə bizim birliyimiz və apardığımız mübarizənin davam etdirilməsi lazımdır".

Ermənistan Milli Konqresinin nümayəndələri Gümrü şəhərində də olub. Burada da əhalinin ağır vəziyyətdə yaşamasına şahid olduqlarını bildirən Levon Ter-Petrosyan xalqı ölkə hakimiyyətinə qarşı daha fəal mübarizə aparmağa səsləyib. Lori bölgəsində keçirdiyi görüşdə isə Ermənistan Milli Konqresinin lideri sosial-iqtisadi məsələlərlə yanaşı, korrupsiya probleminə də toxunub. Sabiq prezident bildirib ki, hazırda korrupsiyanın çiçəklənmə səviyyəsinə görə Ermənistan öndə gedənlər sırasındadır. Onun sözlərinə görə, bu problemlə faktiki olaraq heç bir mübarizə aparılmır: "Bizim ölkədə korrupsiyaya qarşı korrupsiyanın başçıları "mübarizə" aparır. Ona görə də korrupsiya günü-gündən çiçəklənir. Ermənistanda müstəqil məhkəmələrin yoxluğu, prokurorluq orqanlarının sifarişli əsasda işləməsi, qanunsuzluğun hökm sürməsi ölkəni daha çox korrupsiya girdabına yuvarlayır".

Regiona səfərlərini başa vurduqdan sonra isə müxalifət təmsilçiləri paytaxt Yerevanda möhtəşəm etiraz aksiyası keçirəcəklərini bildiriblər. Etiraz aksiyasında regionlardan da xeyli sayda insanın iştirak edəcəyi gözlənir. Buna yol verməmək üçün hakimiyyət paytaxta gedən bütün yollarda təmir işlərinə başlayıb və Yerevana gediş-gəliş xeyli çətinləşib. Məsələyə münasibət bildirən Levon Ter-Petrosyan isə aşağıdakıları qeyd edib: "Hakimiyyət guya yolları təmir etdirir. Əslində isə heç buna da pul tapmırlar və daha çox yolları bərbad vəziyyətə salmaqla məşğuldurlar. Çünki əsas niyyətləri regionlardan insanların bizim mitinqə qatılmasının qarşısını almaqdır. Bununla da hakimiyyət zəifliyini, eybəcərliyini xalqa nümayiş etdirir".

Polis və digər güc strukturları da müxalifətin mitinqinə əngəl yaratmaq üçün fəal iş aparırlar.

Ancaq müxalif qüvvələr hətta qarşıdurma hesabına olsa belə yenidən ardıcıl mitinqlər keçiriləcəyini bildirirlər. Belə vəziyyət isə bir daha Ermənistanda siyasi sferada hadisələrin növbəti dəfə gərgin məcrada inkişafını şərtləndirməkdədir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 15 avqust.- S. 2.